Şrift:
Şarl Mişelin bəyanatı - Qərb yeni reallığı qəbul etdi
27.09.2023 [10:05] - Siyasət
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin himayəsi altında onun diplomatik müşavirləri Saymon Mordu və Maqdalena Qrononun Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşü olub.

Avropa İttifaqının mətbuat xidmətinin məlumata görə, görüşdə həmçinin Fransa prezidentinin və Almaniya kanslerinin diplomatik müşavirləri Emmanuel Bonne və Yens Plotner, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da iştirak ediblər.

Şarl Mişel qısa fikir mübadiləsi üçün iştirakçılara qoşuldu.

Aİ görüş iştirakçılarını Qarabağdakı mövcud vəziyyət və yerli əhalinin təcili ehtiyaclarının ödənilməsinə yönəlmiş müxtəlif səylər barədə fikir mübadiləsi aparmağa dəvət edib.

Qeyd olunub ki, Avropa İttifaqı regionda baş verən bütün prosesləri diqqətlə izləyir.

Hikmət Hacıyev Azərbaycanın Qarabağın erməni sakinlərinə humanitar yardım göstərmək və onların təhlükəsizliyini təmin etmək planlarını açıqlayıb.

Hikmət Hacıyev və Armen Qriqoryan Ermənistan-Azərbaycan sülh prosesini, məsələn, sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiyalar, humanitar məsələlər və sülh müqaviləsi kimi sahələrdə irəliləyiş üçün mümkün konkret addımları müzakirə ediblər.

Aİ-nin məlumatında ​​normallaşma prosesinin bütün sahələrində konkret fəaliyyətə ehtiyac olduğu vurğulanıb.

Belə ki, Aİ-nin bu bəyanatı Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri nəticəsində yaratdığı yeni reallığın dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini göstərir.

Bir daha təsdiqlənib ki, Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər Ermənistanın qanunsuz silahlı birləşmələrinin və onların suveren ərazisindəki hərbi infrastrukturunun zərərsizləşdirilməsinə yönəlib.

Digər mühüm məqam ondan ibarətdir ki, bu bəyanatla əslində Azərbaycanın nəinki dinc əhaliyə zərbə endirmədiyini, əksinə, sakinlərin təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirdiyini təsdiqlənib. Bundan başqa, Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını, bu ərazidə yaşayan insanlara humanitar yardım göstərməsini, beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradılmasını istəyir. Mülki əhalinin ərazidən çıxarılması məcburi deyil, onların öz seçimidir.

Antiterror tədbirləri nəticəsində yaradılmış yeni reallıq onu göstərir ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etməlidir.
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed