Şrift:
“Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” kitabının təqdimatı keçirilib
29.09.2023 [10:18] - Gündəm, Mədəniyyət
28 sentyabr 2023 “Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası” (ABİA) və İraqın Telafər Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə dünən İraqın Telafər şəhərində “Ortaq mədəniyyətin övladları - İraq türkmanları və Azərbaycan” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycan və ərəb dillərində hazırlanmış kitab İraq türkmənlərinin tarixini, onların demoqrafik, mədəni və etnoqrafik vəziyyətini, eləcə də Azərbaycan xalqı ilə ortaq mədəni irsini, İraq və Azərbaycanın tarixi əlaqələrini əks etdirən məqalələr toplusundan ibarətdir. Kitaba 12 tanınmış iraqlı türkman və eyni sayda azərbaycanlı tədqiqatçı tərəfindən hazırlanmış 12 tədqiqat məqaləsi daxil edilib.
Tədbirin açılış mərasimində Azərbaycan tərəfindən ABİA İdarə Heyətinin sədri Elçin Əsgərov, İraq tərəfindən isə Telafər şəhərinin meri Nəşad Əl-Qasab çıxış edərək Azərbaycan xalqının tarix boyu türkmanlara doğma münasibətlərindən bəhs etmişlər. Çıxışlarda Azərbaycan xalqının əcdadlarının Qaraqoyunlu, Ağqoyunlu və Qızılbaşlar kimi böyük dövlətlər quran zaman İraq türkmanlarının daima Azərbaycan dövlətlərinin yanında olub ortaq tarix yazdıqları, Azərbaycan dövlətlərinin isə onlara qayğı və himayədarlığı qeyd edilib. Eləcə də vurğulanıb ki, Azərbaycan xalqı və İraq türkmanlarının mənəvi yaxınlığı Füzuli kimi ortaq dühaları yaradıb və bu, Şərq tarixinin qızıl səhifələrində öz əksini tapır.

Çıxışlarda bildirilib ki, kitabın növbəti təqdimatı yaxın zamanlarda Bakı şəhərində keçiriləcəkdir. Eyni zamanda, bildirilib ki, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) tərəfindən Azərbaycan və İraq türkmanları ilə mədəni əlaqələrə yönəlik uzunmüddətli layihə çərçivəsində türkman gənclər üçün Azərbaycan dili, tarixi və mədəniyyəti üzrə onlayn kurslar da təşkil olunub və buna görə ABİA-ya təşəkkür edilib.

Təqdimatda İraqın müxtəlif şəhərlərindən elmi və ictimai nümayəndələr də iştirak edib, mövzu üzrə öz fikirlərini iştirakçılarla bölüşüblər.
Bu xəbər oxucular tərəfindən 3199 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed