Şrift:
Mərkəzi Bankdan sürpriz qərar: gözlənilənin əksinə olaraq...
03.11.2023 [09:58] - Gündəm, İqtisadiyyat
Ekspertlərə görə, tənzimləyici maliyyə bazarlarının inkişafı siyasətini dərinləşdirməlidir

Azərbaycan Mərkəzi Bankının faizlərin azaldılması qərarı əksər müşahidəçilər üçün gözlənilməz oldu: gözləntilər faizlərin dəyişməz saxlanması yönündə idi. Xatırladaq ki, AMB İdarə Heyətinin noyabrın 1-də keçirilən iclasında uçot dərəcəsinin 9 faizdən 8.5 faizə, faiz dəhlizinin aşağı həddinin 7.5 faizdən 7 faizə, faiz dəhlizinin yuxarı həddinin isə 10 faizdən 9.5 faizə endirilməsinə dair qərar qəbul edilib.

AMB-nin iclasından əvvəl bir sıra xarici analitik mərkəzlər gözlənilən qərarla bağlı proqnozlar vermişdilər. Məsələn, “Fitch Group”a aid olan “Fitch Solutions” (FS) 2023-cü ildə faiz dərəcəsini 9,25 faiz səviyyəsinə qədər artıracağını proqnozlaşdırmışdı.

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) isə AMB-nin 2023-cü ilin sonuna kimi uçot faiz dərəcəsini 9 faizdən 8.5 faizədək (əvvəlki proqnozla eynidir) azaldacağını proqnozlaşdırmışdı. ING hesab edir ki, AMB pul siyasətini 2024-2025-ci illərdə daha da yumşaldacaq. Korporasiyanın proqnozuna görə, 2024-cü ildə Mərkəzi Bank uçot dərəcəsini 8.0 faizə, 2025-ci ildə isə 7.0 faizədək azaldacaq. Qeyd edək ki, ING-nin 2024-2025-ci illər üzrə müəyyən etdiyi proqnoz əvvəlki proqnozdan 0,25 faiz azdır. Belə ki, korporasiya ötən ay bu rəqəmləri müvafiq olaraq 8.25 faiz və 7.25 faiz olaraq müəyyən etmişdi.
Mərkəzi Bankın rəhbəri Taleh Kazımov bildirir ki, banklararası bazar yaradılmasına 1 il ərzində nail olublar: “Bu, çox böyük nailiyyətdir. Bunun nəticəsi olaraq pul bazarı artıb. Bank olmayan təşkilatların arasında əməliyyatlar pul bazarı nöqteyi-nəzərindən kəskin artıb. Bu bizim üçün böyük fürsət idi ki, sistemli şəkildə izafi pul kütləsini sterilizasiya edək. Biz 4 milyardadək pul sterilizasiya etdik. Bizim məqsədimiz izafi tələbi məhdudlaşdırmaq idi. Real sektorun maliyyələşdirilməsi nöqteyi-nəzərinə gəldikdə, maya dəyəri nöqteyi-nəzərindən təmərküzləşmə mövcuddur. Biz təmərküzləşmə ilə mübarizə aparırıq. Ümidvaram ki, növbəti addımlarımızı görəndə başa düşəcəksiniz ki, bu bizim üçün prioritet sahədir. Bizim bu gün banklararası bazarda 2 milyarda yaxın sərbəst vəsait var. Büdcə xərclərinin artırılması ilə bank kreditləşməsi azalır və ya əksinə. Bunu illər üzrə bölsək görərik. Ona görə də uçot dərəcəsini azaldırıq”.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edir ii, 2020-ci ilin dekabr ayından bəri ilk dəfə Mərkəzi Bank uçot dərəcəsini azaldıb: “Uçot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gəlir. Ötən illə müqayisədə inflyasiyanın nisbətən səngiməsi və hədəflərin yeniləşməsi, eyni zamanda valyuta bazarındakı dəyişikliklər Mərkəzi Banka uçot stavkasını azaltmağa imkan verib. Bu o deməkdir ki, Mərkəzi Bank birrəqəmli və aşağı inflyasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəyə dəyişiklik edib. Eyni zamanda Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə rıçaqlar deməkdir”.

AMB qərarının ölkədəki kredit faizlərinə təsirlərinə gəldikdə isə millət vəkili hesab edir ki, bu sahədə sistemli tədbirlərin davam etdirilməsi vacibdir: “Doğrudur, bir rəqəmli inflyasiyanın əldə ediləcəyi və real sektor tələbinin stabilləşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər. Bununla yanaşı, hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Bu baxımdan da uçot dərəcəsinin azaldılması kredit dərəcələrinə daha çox psixoloji təsir edir.

Eyni zamanda güman olunur ki, bu addım depozit faizlərinə təsir göstərəcək. Mərkəzi Bankın uçot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərinin azalması müşahidə oluna bilər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusən 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlarla yanaşı, uçot dərəcəsinin azaldılmasının manatla yığımlara da təsir göstərəcəyi istisna deyil".

Qeyd edək ki, Azərbaycan faiz dərəcəsinin endirildiyi çox az ölkələrdən biridir. Baxmayaraq ki, əksər qlobal iqtisadi mərkəzlərdə inflyasiyanın azalması prosesi gedir, mərkəz banklar ən azı 2024-cü ilin birinci rübünədək faiz dərəcələrini azaltmağı planlaşdırmırlar. Oktyabr ayında Avropa Mərkəzi Bankı baza faiz dərəcəsini 4.5 faiz, depozitlər üzrə faiz dərəcəsini 4 faiz, marginal kreditləşmə üzrə faiz dərəcəsini isə 4,75 faiz həddində saxlayıb. Bu hədd AMB-nin sentyabrda keçirilən iclasında qəbul edilib. Avropa Bankı birlik ərazisində inflyasiyanın azalmağa davam etdiyini, iqtisadiyyatlarda həyəcanlanma olmadığını nəzərə alaraq faiz dərəcələrini dəyişməz saxladığını, lakin enerjidaşıyıcıları bazarındakı qiymət fonunun iqtisadiyyata təsirinin diqqətlə izlənildiyini və lazım gələrsə, ilin sonunadək faizlərin yenidən artırılmasının mümkün olduğunu elan etmişdi.

Noyabrın 1-də ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) iclasında uçot dərəcəsinin mövcud 5,25-5,5 faiz səviyyəsində saxlanması barədə qərar qəbul edilib. Bu barədə tənzimləyici açıqlama yayıb. Qeyd edək ki, əksər analitik mərkəzlər bu qərarı proqnozlaşdırmışdılar. Belə ki, sentyabrda ABŞ-da inflyasiya 3,7 faiz olmaqla aylıq artım baş verməyib. Eyni zamanda ölkədə işsizlik səviyyəsi də avqustdakı həddə - 3,8 faiz olaraq dəyişməz qalıb. İqtisadiyyatda müşahidə olunan digər müsbət dinamikalar FED-in uçot dərəcəsini artırmayacağına dair gözləntiləri 90 faizin üstünə qaldırmışdı.

Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşı olan Rusiyada Mərkəzi Bank oktyabrın 27-də uçot dərəcəsini 13 faizdən 15 faizə qalıdırıb. İkinci böyük ticarət tərəfdaşımız olan qardaş Türkiyənin Mərkəzi Bankı oktyabrın 26-də uçot dərəcəsini 30 faizdən 35 faizədək qaldırıb. Başqa bir yaxın qonşumuzda - Gürcüstanda da baş tənzimləyici oktyabrın 23-də faiz dərəcələrinin dəyişməz qalması barədə qərar qəbul edib.

Göründüyü kimi, həm başlıca iqtisadi mərkəzlərdə, həm də ölkəmizlə yaxın ticarət tərəfdaşı və qonşu olan ölkələrdə hələlik faiz dərəcələrinin endirilməsi prosesi başlanmayıb. Azərbaycanda tənzimləyici hansı amillərdən çıxış edərək faiz dərəcələrini endirib? Mərkəzi Bank bu qərarını inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişməsi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsini nəzərə alaraq verdiyini bildirir. Qurum bildirir ki, faiz dərəcəsi ilə bağlı sentyabr qərarından sonra illik inflyasiyanın dinamikası xarici amillərin və həyata keçirilən antiinflyasiya siyasətinin təsirləri ilə azalıb: "Dünya əmtəə, xüsusilə də ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması, ticarət tərəfdaşlarında həyata keçirilən sərt pul siyasəti və nominal effektiv məzənnənin bahalaşması inflyasiya idxalına azaldıcı təsir göstərib".
İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, Mərkəzi Bankın uçot dərəcəsini azaltmaq qərarına müxtəlif faktorlar təsir göstərib: “Bunlardan birincisi inflyasiya təzyiqinin azalmasıdır. Xüsusilə də yay aylarında bu təzyiq əhəmiyyətli şəkildə zəiflədi, istehlak qiymətləri indeksində azalma qeydə alındı. Hökumətin icra proqnozu 9,5 faizdir, bu o deməkdir ki, hökumət optimistdir, ilin qalan hissəsində ciddi qiymət artımları gözləmir. Bildiyiniz kimi, hələlik Mərkəzi Bankın faiz qərarları dövriyyədə pul kütləsinin artıb-azalmasına təsir göstərmir, çünki real faizləri dəyişmir. Buna görə də Mərkəzi Bank rahat manevr edə bilir. Digər bir təsiredici faktor banklararası bazarda faizlərin artması səbəbilə dövriyyənin azalmasıdır ki, fikrimcə, bunun da qərar qəbulunda rolu var. Çünki izafi likvidlik var və onun idarə olunması üçün banklararası bazarın daha çevik işləməsi lazımdır. Faizlər yuxarı olduqda bu bazarda maraq da azalır”.

Ekspertə görə, Mərkəzi Bank bazara daha nikbin mesajlar ötürməyə çalışır: “İqtisadiyyata kapital qoyuluşlarının artırılması üçün daha əlverişli mühitin yaradılması Mərkəzi Bankın orta və uzunmüddətli hədəfləri sırasındadır. Yəni iqtisadi rifaha qəbul edilən qərarların mənfi təsirlərinin aradan qaldırılması da Mərkəzi Bankın vəzifələri sırasındadır. Hesab edirəm ki, indiki halda tənzimləyicinin qəbul etdiyi qərar adekvat qərardır. Ümid edirəm ki, Mərkəzi Bank uçot dərəcəsinin aktiv alət kimi istifadə edilməsi üçün maliyyə bazarlarında əlverişli mühitin yaranması və maliyyə bazarlarının inkişafı siyasətini dərinləşdirməkdə davam edəcək”.

Mərkəzi Bank öz növbəsində bəyan edib ki, antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində tədbirlərini davam etdirir: “Pul siyasəti alətləri bank sisteminin likvidlik mövqeyi və risklər balansı nəzərə alınmaqla tətbiq edilir. Avqust ayından məcburi ehtiyatların yeni qaydalara uyğun saxlanması, daimi imkan alətinə tətbiq olunan günlük limitin ləğv olunması və müxtəlif müddətli notlarla müntəzəm hərracların keçirilməsi bank sistemindəki izafi likvidliyi minimuma endirib. Ümumilikdə, Mərkəzi Bankın sterilizasiya portfelinin həcmi (manatla məcburi ehtiyatlar və sterilizasiya yönlü daimi imkan aləti daxil olmaqla) yeni pul siyasəti çərçivəsi işə düşəndən bəri (2022-ci il sentyabrın əvvəli) 3.9 milyard manat artaraq 6.4 milyard manata çatıb”.

Tənzimləyiciyə görə, inflyasiyaya təsir edə biləcək başlıca daxili risk məcmu tələbin izafi genişlənməsidir: “Cari ilin qalan dövründə valyuta təklifi tələbi üstələdiyi halda Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsi daha da arta bilər. Bu isə pul təklifinin iki rəqəmli (20 faizdən artıq) artımına səbəb ola bilər. Pul bazasının artımı isə növbəti illər üzrə inflyasiyaya artırıcı təsir edə bilər. Mərkəzi Bankın müdaxiləsi və pul siyasətinin yumşaldılması qərarı mövcud sabit məzənnə rejimi çərçivəsində manatın möhkəmlənməsinin qarşısını almağa xidmət edəcək”.
Dünya SAKİT
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed