Şrift:
İspaniya La Liqası: “Barselona” son dəqiqələrdə sevinib, “Jirona” fırtınası davam edir
06.11.2023 [11:18] - Gündəm, İdman
Noyabrın 4-də futbol üzrə İspaniya La Liqasında 12-ci turun növbəti oyunları keçirilib.

Turnir cədvəlinin sürpriz lideri “Jirona” növbəti qələbəsini qazanıb. Səfərdə “Osasuna”nın qonağı olan komanda oyunda geri düşməsinə baxmayaraq, sonda qələbə qazanmağı bacarıb – 2:4.

Çempionatın favoritlərindən sayılan “Barselona” ötən tur “Real Madrid” məğlubiyyətini az da olsa, unutdurmağı bacarıb. Səfərdə “Real Sosyedad”ın qonağı olan Xavinin yetirmələri oyunun 90+2-ci dəqiqəsində Arauxonun qolu ilə qələbə qazana biliblər – 0:1.

Günün digər oyununda “Atletiko Madrid” gözlənilmədən səfərdə “Las Palmas”a 1:2 hesabı ilə məğlub olub. “Betis” öz meydanında “Malyorka” üzərində 2:0 hesabı ilə qələbə qazanıb. “Selta Viqo” – “Sevilya” oyunu isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticələrdən sonra “Jirona” 31 xalla liderliyə yüksəlib. Ondan bir oyun az keçirən “Real Madrid” 28 xalla ikincidir. Üçüncü pillədə qərarlaşan “Barselona”nın hesabında isə 27 xal var.
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed