Şrift:
Parlament komitələrinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsi müzakirə edilib
07.11.2023 [11:21] - İqtisadiyyat
Noyabrın 6-da Milli Məclisin sədr müavini Adil Əliyevin sədrliyi ilə keçirilən Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
Birgə iclası Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev açaraq Zəfər Günü və Bayraq Günü münasibətilə iclas iştirakçılarını təbrik edib.

Milli Məclis sədrinin müavini bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərində əldə etdiyi Zəfərin üçüncü ildönümü ərəfəsində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin edilib. O qeyd edib ki, bu əlamətdar hadisələr iclasın mövzusu ilə birbaşa əlaqədardır.

Adil Əliyev bildirib ki, müzakirəyə təqdim olunmuş 2024-cü ilin dövlət büdcəsində tarixi Qələbəmizin qazanılması üçün böyük şücaətlər göstərmiş Ordumuzun və hərbi qulluqçularımızın təminatı məsələlərinə böyük diqqətin ayrılması xüsusi əhəmiyyət daşıyır.

Gələn ilin büdcə layihəsində iki əsas məsələnin də öz aktuallığını qoruduğunu vurğulayan Adil Əliyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsi və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması tədbirləri ilə bağlı fikirlərini bölüşüb.

Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, 2024-cü ilin dövlət büdcəsi layihəsində iqtisadi inkişafla bağlı prioritetlər diqqətə alınmaqla, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışının həyata keçirilməsi, şanlı Ordumuzun və ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, dövlətimizin əsas funksiyalarının maliyyələşdirilməsi, əhalinin sosial müdafiəsi və digər tədbirlərin davam etdirilməsi kimi məsələlər prioritet xərc istiqamətləri kimi nəzərdə tutulub.

Nazir diqqətə çatdırıb ki, 2024-cü ilin dövlət büdcəsinin 36 milyard 763 milyon manat təşkil edən xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün ayrılıb. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 6 faiz və yaxud 366 milyon manat çoxdur.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası üçün 4 milyard manat, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək.

Samir Şərifov bildirib ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 43 faizi və ya 15 milyard 773 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istifadə olunacaq. Cari ilin müvafiq göstəriciləri ilə müqayisədə bu, 1 milyard 35 milyon manat və ya 7 faiz çoxdur. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ildə 4 milyard 542 milyon vəsait nəzərdə tutulub, bu da cari illə müqayisədə 226 milyon manat və yaxud 5,2 faiz çoxdur.

2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən 1 milyard 392 milyon manat vəsaitin ayrılacağını deyən maliyyə naziri, eyni zamanda, keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün 355 milyon manat vəsaitin nəzərdə tutulduğunu bildirib, habelə əhalinin həssas təbəqələri üçün ayrılan digər vəsaitlərini diqqətə çatdırıb.

2024-cü ildə dövlət büdcəsindən bədən tərbiyəsi və gənclər siyasətinin həyata keçirilməsi üçün 71 milyon manat, kənd təsərrüfatı üçün 1 milyard 110 milyon manat, ətraf mühitin və təbiətin mühafizəsi üçün 377 milyon manat, mənzil və kommunal xərclər üçün 365 milyon manat ayrılacağını söyləyən nazir, bu vəsaitlərin strukturu haqqında məlumat verib.

Gələn il dövlət büdcəsinin yerli gəlirlərinin 773 milyon manat olmaqla, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən onun balanslaşdırılması üçün 9 milyon manat ayrılacağını deyən Samir Şərifov, bələdiyyələr üçün layihədə 12,5 milyon manat (cari illə müqayisədə 9,7 faiz artım) vəsaitin nəzərdə tutulduğunu bildirib.

Samir Şərifov 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı diqqətə çatdırıb ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.

O qeyd edib ki, icmal büdcədə Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə gəlirləri və xərcləri bərabər olmaqla, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.

Maliyyə naziri Samir Şərifov çıxışının sonunda 2024-cü il üçün dövlət büdcəsinin parametrlərinin ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər prioritet hədəfləri üçün maliyyə təminatı yaradacağını söyləyib.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsinin büdcə qaydasına uyğunluğundan danışıb, 2024-cü ilin dövlət büdcəsi layihəsinin və bu layihə ilə birlikdə təqdim olunan sənədlərin “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlandığını deyib. Palata sədri bu sənədlərdə tətbiq edilən yeniliklərdən, büdcə sənədləşməsinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan bəhs edib. O bildirib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır. Vüqar Gülməmmədov Palatanın 2024-cü ilin dövlət büdcəsinin layihəsinə dair rəyini, büdcə parametrləri üzrə qeydlərini və bəzi maddələr üzrə dəqiqləşdirmə xarakterli təkliflərini təqdim edib.

Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Sadiq Qurbanov, Musa Quliyev, Tahir Rzayev 2024-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini açıqlayıblar.

Sonra 2024-cü ilin dövlət büdcəsinin layihəsi ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə çıxış edən deputatlar büdcə layihəsi, onun parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri kimi məsələlərlə bağlı rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Maliyyə naziri Samir Şərifov qaldırılan məsələlərə aydınlıq gətirib, deputatların suallarını cavablandırıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed