Şrift:
Fərəc Quliyev:Putin növbəti mərhələdə də hakimiyyəti əlində saxlamağa can atacaq
17.11.2023 [15:06] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Vladimir Putinin növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı qərar yoxdur. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Putinin namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunun yaradılmasına başlanması və onun özünün namizədliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bununla bağlı hələlik heç bir qərar yoxdur. Kremlin sözçüsü Putinin Rusiya Federasiyasının seçki dairələrinin nümayəndələri ilə görüşünün yaxın günlərdə keçiriləcəyini də söyləyib.

Qeyd edək ki, martın 17-də Rusiyada prezident seçkiləridi. Belə bir rəy var ki, Putin bu dəfə öz namizədliyini irəli sürməyəcək, Baş nazir olacaq və bununla Qərbin Ukraynaya görə təzyiqlərini azaltmağı planlaşdıra bilər. Bu versiyanı nə dərəcədə inandırıcı saymaq olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Putinin prosesdən geri çəkiləcəyinə inanmır: “Hesab edirəm, Putinin indiyə kimi hərəkətləri onu göstərir ki, qətiyyən geri çəkilmək istəmir. Bu müharibəni davam etdirməkdə məqsədi əvvəlki iddialara nail olmaqdan daha çox, hakimiyyətini qorumağa çalışmasıdır. Çünki onun əvvəlki iddiaları tam başqa idi. Çalışırdı ki, Ukraynada hakimiyyəti tam dəyişsin, özünə yaxın bir rejimi orada bərqərar etsin və bununla da Qərbi Ukrayna proseslərinə yaxın buraxmasın. Bunlar həyata keçmədi və tam tərsi baş verdi. Rusiya öz sərhədlərinə yaxın ərazilərdə lokal müharibə aparmağa məcbur oldu. Putin bilir ki, perspektivdə hakimiyyətdən gedərsə, vəziyyət daha kritik ola bilər. Adətən diktatorlar belə vəziyyətdə geri çəkilmir. Sanki “cəhənnəmə gedən özünə yoldaş axtarır “ prinsipi ilə hərəkət edirlər. Hesab edirəm ki, hazırda Yaxın Şərqdə baş verən hadisələrdən aranı qızışdırmaq funksiyasını Rusiya həyata keçirir. Proseslər göstərdi ki, İranla Rusiya istəklərinə daha çox nail oldular. Qaynar nöqtəni bölgədən uzaqlaşdırmaqla Ukrayna cəbhəsində rahatlıq əldə ediblər. Ona görə də, mən qarşıdakı seçkilərdə Putinin geri çəkiləcəyinə, öz yerinə kimisə təyin edəcəyinə inanmıram. Çalışacaq ki, ətrafını təmizləsin, Ukrayna cəbhəsində daha böyük irəliləyişlərə nail olsun. Rusiyanın davranışları göstərir ki, bu müharibədə daha aqressiv mövqe nümayiş etdirir. Hətta kimyəvi silahlardan da istifadə edir, köhnə silahlarını utilizasiya etdirir. Şahmat oyununda olduğu kimi “qalaqurma “ etməklə, Qərblə münasibətləri nisbətən yaxşılaşdırma və mövcud status-kvonu saxlamağa çalışır. Bunu yaxın gələcəkdə şəxsən özü həyata keçirməyə çalışacaq. Bütün bunlar mənim subyektiv fikrimdi, hesab edirəm ki, Putin nöbbəti mərhələdə də hakimiyyəti əlində saxlamağa can atacaq”.

Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyət tətbiq olunacağı təqdirdə prezident seçkilərinin keçirilməsi prosedurunu dəyişdirən qanunu imzalayıb. Sənəd rəsmi hüquqi aktlar portalında dərc olunub.

Sənədə əsasən, Mərkəzi Seçki Komissiyasına (MSK) hərbi vəziyyətin qüvvədə olduğu regionlarda və səsvermə Rusiya Federasiyası vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə yaratdıqda prezident seçkisini təxirə salmaq hüququ verilir.

MSK həmçinin hərbi vəziyyət zamanı xüsusi seçki prosedurları tətbiq edə və səsvermə vaxtını qısalda bilər.

Bu baxımdan da Rusiyada hətta seçkilərin təxirə salınması da mümkündür.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed