Şrift:
Azərbaycan xam neft ixracından əldə olunan gəliri açıqlayıb
20.11.2023 [11:11] - Gündəm, İqtisadiyyat
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 2022-ci ilin analoji dövründəki 17,2 milyard dollarla müqayisədə azalaraq, 13,8 milyard dollar olub.

Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, ölkənin xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir illik hesablamada 19,8 faiz azalıb.

Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının həcmi 2022-ci ilin yanvar-oktyabr aylarındakı 22,682 milyon tonla müqayisədə bu ilin analoji dövründə 1,8 faiz azalaraq, təqribən 22,268 milyon tona düşüb.

DGK-nin məlumatlarına əsasən, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində xam neft və neft məhsullarının payı ötən ilki 49,49 faizlə müqayisədə azalaraq 46,98 faiz olub.
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed