Şrift:
“3+3” formatı getdikcə daha perspektivli olur – Lavrov
05.12.2023 [12:48] - Gündəm, Siyasət
“3+3” formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) getdikcə daha perspektivli olur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevin “3+3” adlandırılan regional platformanın - üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusunun formalaşdırılması ilə bağlı “3+3” təşəbbüsü artıq formalaşmaqdadır. Bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlarla bağlı qiymətləndirmələrinizi eşitməkdən şad olaram”, - deyə o qeyd edib.

Qeyd edək ki, oktyabrın 23-də Tehranda Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında görüş keçirilib.

Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və s.) inkişafı müzakirə olunub.

“3+3” formatında keçirilən görüşün əsas məqsədlərindən biri regional problemlərin regiondan kənar ölkələrin iştirakı olmadan və region ölkələrinin iştirakı ilə həlli, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması olub.

Qeyd edək ki, “3+3” formatında ilk görüş ötən il Moskvada Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed