Şrift:
Azərbaycanın sülh çağırışlarına cavab verilmir - Şamil Ayrım
05.12.2023 [12:53] - Siyasət
Azərbaycan Qarabağ Zəfəri ilə bütün dünyaya çağırış etdi ki, bu torpaqlar Azərbaycanındır və regionda sülh üçün çalışır.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Lakin Azərbaycanın sülh çağırışlarına cavab verilmir. Qərbi Azərbaycanlılar öz torpaqlarına ləyaqətlə və təhlükəsiz şəkildə geri dönməlidir. Beynəlxalq ictimaiyyət buna dəstək olmalıdır. Qərbi azərbaycanlıların bu haqlı mübarizəsini dünyaya çatdırmalıyıq. Öz torpaqlarında yaşamaq onların ən təbii haqqıdır”, - deyə Ş.Ayrım bildirib.

O, həmçinin, əlavə edib ki, tarix boyu azərbaycanlılar bu regionda çox əziyyətlər çəkib.

“ Azərbaycanlılar soyqırıma məruz qaldı, tarixi-mədəni abidələri dağıdıldı. Bunu hər kəs bilir. Artıq Azərbaycan torpaqlarını işğaldan azad etdi. Mən də Azərbaycanın haqlı mübarizəsi üçün əlimdən gələni edəcəyəm. Bütün dünyaya çatdırırıq ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, artıq çox güclü bir dövlət var qarşımızda”, - deyə o bildirib.

Qeyd edək ki, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə 30 ölkədən 100-dən çox qonaq iştirak edir.

Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed