Şrift:
Fərəc Quliyev:Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac yoxdur
06.12.2023 [11:59] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin dekabrın 5-də keçirilən iclasında Azərbaycanda 15 iqtisadi rayon yaradılması, parlamentin adının dəyişdirilməsi təklif edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev dövlət idarəetməsində islahatların aparılmasının zəruriliyini qeyd edib. Deputatın sözlərinə görə, bunu xalq tələb edir. Azərbaycanda bürokratik aparatın siyasi qüvvəyə çevrildiyini diqqətə çatdıran partiya sədri Azərbaycanda 15 iqtisadi rayonun yaradılmasını, Naxçıvan Ali Məclisinin Məclis adlandırılmasını, regionların hər birinin Məclisinin olmasını, bu regionlara rəhbərlərin Məclisdə seçilməsini, Milli Məclisin də adının dəyişdirilərək Ali Məclis adlandırılmasını təklif edib.
Bu təkliflərin həyata keçməsi, Q.Həsənquliyevin vurğuladığı kimi, Azərbaycanda bürokratik idarəetməni aradan qaldıra bilərmi? Ümumiyyətlə bu təkliflər reallığa çevrilərsə, hansı faydası olar?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Medianews.az-a açıqlamasında islahatlarla bağlı illərdir söhbət getdiyini, özünün də dəfələrlə dövlət quruculuğunda, idarəetməsində islahatlara dair təkliflər səsləndirdiyini dilə gətirib. Onun qənaətincə, dövlət idarəetməsində islahatlar daha mobil və çevik idarəetməyə, paralelliklərin aradan qalxmasına, müəyyən yerlərdə idarəetmənin asanlaşmasına, ərazilərin dotasiyadan xilas olmasına, hər bir bölgənin potensialından maksimum yararlanmağa xidmət etməlidir: “Bu islahatların fəlsəfəsi yerləşmə, özünü yeniləmə, daha əlçatanlıq, iştirakçılıq və bu məsələlərdə əhalinin daha çox söz sahibi olmasını təmin etməyə xidmət etməlidir. Hesab edirəm ki, icra strukturları yerlərdə hüquqlarını bələdiyyələrə verməklə, artıq fəaliyyətlərini dayandırmalıdır. Məncə Nazirlər Kabineti də artıq strukturdur. Vitse-prezdient institutu varsa və kabinetin bütün səlahiyyətlərini daşıya bilərsə, Nəzirlər Kabineti ləğv oluna bilər. Naxçıvan Muxtar Respublikasında da Ali Məclis və Nazirlər Kabineti ləğv olunmalıdır. Böyük şəhərlərdə merlər seçilə bilər. İndiki halda iqtisadi zonaların yaradılması prezidentin təşəbbüsüdür. O ideya artıq reallığa çevrilib, iqtisadi zonaların yaradılmasına başlanılıb. Yəqin ki, bu proses davam edəcəkdir. Bu özü də artıq bir çox rayonlarda yersiz qurumların aradan qalxmasına, bölgə idarəetmə sisteminin rahatlaşmasına gətirib çıxaracaq. Şişirdilmiş aparatdan imtina etməyə səbəb olacaqdır”.


Milli Məclisin adının dəyişdirilməsinə gəlincə, MDHP sədri buna ehtiyac duymadığını vurğulayıb. Deyib ki, milli sözü bir etnik səslənmə deyil. F.Quliyevin fikrincə, Milli Məclis ifadəsi uğurlu ifadədir və dəyişdirilməsinə ehtiyac yoxdur: “Bunu təklif edənlər kimin adından təklif edirlər bilmirəm, lakin mənim subyektiv yanaşmam bundan ibarətdir ki, Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac yoxdur. Bölgədə hər bir iqtisadi zonanın özünün məclisinin olması da doğru deyil. Bu, Azərbaycanın unitar dövlətdən daha çox federal olmasına gətirib çıxara bilər. Həmçinin, bu hal gələcək üçün fəsadlar verə bilər. İqtisadi zonalar var və onların rəhbərləri bu zonaların məclisində seçilsin təklifi də doğru deyil. İqtisadi zonalara prezidentin özünün birbaşa nümayəndələri təyin olunur. Əgər məsuliyyət prezidentdədirsə, hüquqlar da dövlət başçısında olmalıdır idarəetmədə. Əks halda idarəetmədə badalaqla rastlaşmaq olar. Nümayəndələr əgər məclisdə seçilsə, prezidentin o zaman funksiyası nədən ibarət olacaq? O, yerlərdə necə idarəetmə sistemi qura bilər? Ona görə də mən bunun əleyhinəyəm. Hesab edirəm ki, indiki formada olduğu kimi, yəni prezidentin təyinatı ilə iqtisadi zonaların yaradılması və onlara da rəhbərlərin təyin olunması doğrudur”.

F.Quliyev bildirib ki, əgər islahatların fəlsəfəsi dövlət aparatının kiçildilməsidirsə, regionlarda məclislərin yaradılması artıqdır: “Paralelik aradan qaldırılırsa, məclislərin yaradılması buna zidd bir davranış olar. Məncə bir neçə məsələni həll etməklə, ciddi şəkildə islahatları aparmaq mümkündür. Misal üçün, iştirakçılığın təmin olunması, bələdiyyələrə funksiyaların verilməsi, yerli icra hakimiyyətinin funksiyalarının azaldılması və sair. Yerlərdə əhali seçkilərə maraqlı olur və bu seçkilərdə iştirak etməyə maraq göstərir. İdarə edənlər də yerli əhaliyə daha çox möhtac olur deyə bilərik. Onlar düşünürlər ki, bizi təyin etmirlər, bizi seçirlər. Öz fəaliyyətlərini də buna görə qururlar”.

Lamiyə MİRZƏYEVA/medianews.az

Müsahibənin səs yazısını təqdim edirik:
TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed