Şrift:
Fərəc Quliyev:Ermənistan təsir altında olmasaydı çoxdan sülh müqaviləsini imzalamış olardı
09.12.2023 [09:50] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Bu, gələcəkdə iki qonşu arasındakı münasibətlərin normallaşmasına və bölgədə davamlı sülhün yaranmasına müsbət töhfə vermiş olacaq”

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında bildirilir:

"Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir".

Bu qarşılıqlı jestlər nədən xəbər verir və bunun sülh prosesinə hansı təsiri olacaq?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biz həmişə sülhə yönəlik davranışlar ortaya qoymuşuq: “Həmişə o mövqeni bildirmişik ki, Ermənistan təsir altında olmasaydı çoxdan sülh müqaviləsini imzalamış olardı və yaxın qonşuları olan Azərbaycan və Türkiyə ilə bağlı açılımlar edərdi. Ona ağalıq etmək istəyənlərə sərf etmədiyi üçün Ermənistanı bu məsələdən yayındırırlar ki, proses yubansın. Bu, Ermənistandan gələn ilk jest deyil. Biz sentyabr ayında Qarabağda antiterror əməliyyatları həyata keçirəndə Ermənistan hakimiyyəti susqun mövqe nümayiş etdirdi. Hətta bizim Prezident onların bu davranışlarını təqdir etdi. Sonra isə Qarabağla bağlı Ermənistanda hər-hansı bir institutun yaradılmasına imkan vermədilər. Görürlər ki, sülh axtarışlarından başqa yolları qalmayıb. Simonyanın da bir bəyanatı oldu. Dedi ki, Fransa ilə İngiltərə bir-birilə 100 ildən çox savaşdı, ancaq hazırda böyük bir müttəfiqə çevriliblər. Demək istəyir ki, savaş bölgəyə fayda gətirmir və biz də nə vaxtsa müttəfiqə çevrilə bilərik. Yanaşma doğrudur. Taleyimizə belə bir qonşu düşübsə, onlar da anlayırlar ki, bizimlə və Türkiyə ilə qarşıdurmaya getmək ziyanlarına olar, bunu dəyərləndirmək lazımdır. Belə addımları ilə dövlətlərini qorumaq istəyirlər. Belə jestlər dövlətlər arasında olur və bunun müsbət faydası nəzərə çarpır. Xatırlayırsınızsa, Türkiyədə zəlzələ olanda Yunanıstan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı qardaş ölkəyə yardım əlini uzatdı. Bundan sonra münasibətlər düzəldi. Ərdoğanın Yunanıstan səfəri zamanı biz bu əlamətləri hiss etdik. İndi də Ermənistanın atdığı bu addımları normal sayıram. Bu, gələcəkdə iki qonşu arasındakı münasibətlərin normallaşmasına və bölgədə davamlı sülhün yaranmasına müsbət töhfə vermiş olacaq. Belə davam etsələr tez bir zamanda sülh əldə edilər”.

Belə qarşılıqlı jestlər iki ölkə arasında əsir hərbçilərin qarşılıqlı dəyişdirilməsində də müşahidə edildi. Görünür, Ermənistan konstruktivliyin zəruri olduğunu lazımi şəkildə dərk etdiyi üçün belə addımlar atmaq qərarına gəlib.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed