Şrift:
Yəhudi əsilli deputatdan Əkrəm Əylisliyə cavab gəldi
08.02.2013 [12:58] - Siyasət
Yevda Abramov: “Şəhidlərimizin qanı, əsirlikdə olan ana-bacılarımızın fəryadı Əkrəm Əylisini tutacaq”

“Nə qədər merkantil və cılız adam olasan ki, öz millətini aşağılayasan. Əkrəm Əylisli öz əsərində adından da göründüyü kimi, yuxu görüb. Yuxunu isə tərsinə yozarlar. O, öz romanında millətlərin yerini səhv salıb”. Bu sözləri açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov söyləyib.
“Ziyaylılar Forumu”nun həmtəsisçisi, yazıçı Əkrəm Əylisinin “Daş yuxular” romanı ətrafında müzakirələr səngimək bilmir. Əsərdə onun azərbaycanlıları bir millət olaraq aşağılması, erməniləri üstün xalq kimi təqdim etməsi, milli ədavətin qızışdırılması Azərbaycanda və Türkiyədə ciddi etirazla qarşılanıb. Ona qarşı kütləvi narazılıqların intensivləşdiyi bir ərəfədə Əkrəm Əylisli “xalq yazıçısı” fəxri adından və “prezident təqaüdü”ndən məhrum olunub.
Millət vəkili Yevda Abramov hesab edir ki, o, bu əsəri ilə öz milli kimliyinin üzərindən xətt çəkib: “Tarixdə belə xəyanətkarlar az olmayıb. Əkrəm Əylisli də yaşının ahıl çağında millətinə qarşı xəyanətə yol verdi. Yazıçı azad ola bilər, amma bu o demək deyil ki, sən öz millətinə qarşı xəyanətkar mövqe tutasan. Ermənilərlə azərbaycanlıları müqayisə etmək olmaz. Biz onlar kimi, tarixi saxtalaşdırmaqla məşğul olmuruq. Ermənilər kimi, soyqırım törətməmişik. Əkrəm Əylisli öz “yuxu”sunda millətlərin yerini səhv göstərib. Şəhidlərimizin qanı, əsirlikdə olan ana-bacılarımızın fəryadı Əkrəm Əylisini tutacaq. Tarix Əkrəm Əylisini bağışlamayacaq və o, daim lənətlə xatırlanacaq”.
Azər Niftiyev, Editor.az
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed