Şrift:
Peyvəndlənmə qızılcaya qarşı ən effektiv profilaktika üsuludur
13.12.2023 [12:05] - Gündəm, Sağlıq
Bəzi valideynlərdə qızılca əleyhinə peyvəndin effektiv olmaması barədə fikir formalaşıb. Onlar bunu əsas gətirərək müxtəlif bəhanələrlə uşaqlarını vaksinasiyadan yayındırır və onları qorumaq üçün təhsil müəssisəsinə göndərməkdən imtina edirlər. Bu isə uşaqların tədris proqramından geri qalmasına səbəb olur. Mütəxəssislər birmənalı şəkildə deyirlər ki, uşaqların təhsildən uzaqlaşdırmaq vəziyyətdən çıxış yolu deyil, peyvənd mütləqdir.

Həkim-terapevt Yeganə Cəfərova deyib: “Sinifdə qızılcaya yoluxan uşaqların olduğunu bəhanə gətirərək övladlarını məktəbə göndərməmək düzgün deyil. Bütün hallarda peyvəndləmə aparılmalıdır. Qızılca xəstəsi ilə təmasda olub-olmamaqdan asılı olmayaraq peyvənd aparılmalıdır. Bu hala təkcə uşaqlarda deyil, böyüklər arasında da rast gəlinir. Vaxtında peyvənd vurulsa, qızılcaya yoluxma halları da azalar”.

Valideynləri qızılcaya qarşı peyvənd vurulmasına çağıran mütəxəssislər bildirirlər ki, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində kombinə olunmuş Qızılca, Parotit, Məxmərək (QPM) peyvəndi ilə aparılır. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90 faizini yoluxdura bilər. İnsanların təxminən 93 faizi bir dozadan sonra, 97 faizi isə ikinci dozadan sonra immun hesab olunur. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvənlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər.
Bu xəbər oxucular tərəfindən 2718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed