Şrift:
Rusiya komandası Azərbaycan siyasətində
09.02.2013 [13:05] - Gündəm, Siyasət
Şimal qonşumuz 21 il ərzində ilk dəfədir ki, ölkəmizdəki siyasi proseslərə mütəşəkkil qrupla qatılır

Rusiya Azərbaycanla bağlı siyasətində köklü dəyişikliklər edir. İndiyə qədər siyasi səhnədəki ayrı-ayrı siyasətçiləri dəstəkləyən Moskva hazırda komanda şəklində Azərbaycan siyasətində öz sözünü deməyə başlayıb. Artıq fərdlər deyil, böyük və ciddi bir komanda Rusiyanın Azərbaycana “əzələ nümayişi”ndə iştirak edir.

Sözügedən komanda o dərəcədə sanballıdır ki, onlara qarşı mübarizə aparmaq Azərbaycan hakimiyyəti üçün bəri başdan çətinliklər törədir. Sanballı simaların, ziyalıların, oliqarxların təmsil olunduğu komanda - “Milyarderlər ittifaqı” öz siyasi və ictimai çəkisinə görə istənilən siyasi təşkilatla rəqabət aparmaq imkanındadır. Bu komandanın iqtidarın verə biləcəyi rüşvətə ehtiyacı da yoxdur. Kifayət qədər maliyyə imkanları olan komanda üzvləri Rusiyada, Avropada, Türkiyə və ABŞ-da geniş biznes əlaqələrinə də malikdirlər. Hakimiyyət üçün ən narahatedici amil ondan ibarətdir ki, o qarşısında mütəşəkkil komandanın dayandığını anlayır. Hazırlıqlı və ciddi komandaya qarşı isə “zəhmətkeşlərin lənəti” ilə çıxmaq mümkün deyil. Vahid Ələkbərov, Rüstəm İbrahimbəyov, Araz Ağalarov, Telman İsmayılov və s. kimi simaları müəyyən dairələrdə pozitiv şəxslər kimi dəyərləndirirlər və onlara qarşı ənənəvi “qara piar”la çıxmaq absurddur. Sözügedən komandada ən odioz fiqur Abbas Abbasovdur, digər şəxslər kifayət qədər intellektə, nüfuza və maliyyəyə malikdir.

“Milyarderlər ittifaqı”ndan da əlavə, Moskvanın hazırkı Azərbaycan hakimiyyətinin içində də illərdir işlədiyi kadrları var.

Rusiyanın Azərbaycanda sabitliyi pozmaq imkanı da yetərincədir. Rusiya eyni zamanda Azərbaycan hakimiyyətinə qarşı şantaj və kompromat savaşına da başlayıb. Moskva rəsmi Bakını ən ağrılı yeri olan “Qarabağ nöqtəsindən” vurmaqda davam edir. Əvvəla, Qarabağda Rusiyanın istəyi olmadan savaşın başlaya bilməyəcəyini nümayiş etdirən Moskva son günlər daha ağır zərbə endirməyə başlayıb. Hazırkı situasiyada “Qarabağ kartı” və vətənpərvərlikdən əsas kozır kimi istifadə edən iqtidara elə bu müstəvidən zərbələr endirilir. Son günlər ümumi düşmən olan ermənilərə qarşı radikallıq nümayiş etdirməklə ictimai rəyi xeyrinə dəyişməyə cəhd göstərən iqtidar barədə Rusiyanın bir sıra KİV-lərdə sensasiyalı, həm də saxta məlumatların dərc edilməsi tendensiyası güclənib. Habelə, Rusiya mətbuatı Azərbaycanda yüksək post tutan və ermənilərlə qohumluğu olduğunu iddia etdiyi məmurların siyahısını dərc etməyə başlayıb. Bütün bunları təsadüf hesab etmək mümkün deyil. Xüsusilə Əkrəm Əylisliyə ünvanlanan tənqidlər fonunda belə materialların dərc olunması incə oyunlardan xəbər verir. Ola bilsin ki, Azərbaycanda proseslər öncədən yazılmış ssenari üzrə inkişaf edir və bu oyuna cəlb olunan oyunçuların bəziləri hətta özləri də anlamırlar ki, onların qələmindən çıxan məhsul Rusiyadakı beyinləri idarə edən analitiklər üçün son dərəcədə zəruri idi.

Bir sözlə, Rusiya Azərbaycanın siyasi müstəvisinə son dərəcədə güclü desantlarını çıxartmağa başlayıb. İqtdardan tutmuş müxalifət, QHT sektoru və ən müxtəlif sahələrə qədər öz “nüfuz agentləri”ni yerləşdirən Rusiya tarana gedir. Hətta iddialar var ki, Azərbaycanın bölgələrində son günlər baş verən prosesləri də Rusiya və onun Azərbaycan siyasətindəki desantları təşkil ediblər. Yeri gəlmişkən, bu iddialara Azərbaycan müxalifətinin kifayət qədər ciddi simaları da qatılırlar.

Göründüyü kimi, olduqca həssas bir mərhələ başlayıb.

Artıq Azərbaycanda şimal sazağının iliyə işləyən soyuğunu hamı hiss etməyə başlayıb. Moskva təhlilçiləri hesab edirlər ki, Rusiya artıq Azərbaycandadır. Sadəcə olaraq, bunu leqallaşdırmaq üçün qısa bir zamana ehtiyac var. Rus ekspertlərini bu qədər əmin olmağa vadar edən köklü səbəblər olmalıdır. İlin cəmi 40 günündə Azərbaycandakı proseslər bu qədər gərgin keçibsə, payıza qədər hansı suların axacağını təxmin etmək elə də çətin deyil...

Azər RƏŞİDOĞLU
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed