Şrift:
Fərəc Quliyev:Ermənistanın heç vaxt konkret siyasi xətti və düsturu olmayıb
28.02.2024 [10:02] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Daha çox gözləntilərim türkdilli ölkələr, Pakistan, Gürcüstan və Macarıstandandır”

Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib ki, yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir.

Göründüyü kimi, Prezident Xocalıda deyir ki, Ermənistanın yeganə yolu Azərbaycanın şərtlərini qəbul etməkdir.

Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə təşviq edən ölkələr varmı?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanı buna təşviq edən ölkələr ola bilər: “Yalnız öz maraqlarını güdən ölkələr buna gedə bilər. Məsələn, Gürcüstan. Hər iki ölkə ilə qonşu olduğu üçün, bölgədə sabitliyi qorumağı əsas götürüb, belə addım ata bilər. Macarıstan da buna qadirdir. Mənə elə gəlir ki, biz bu istiqamətdə ciddi fəaliyyət göstərməliyik. Sizin qoyduğunuz sual əslində bir yol xəritəsinə işarədir. Azərbaycan Türk Dövlətləri Təşkilatında təmsil olunur. Gələcək perspektivi yüksək qiymətləndirilən bu təşkikatın üzvü olan türk dövlətləri Ermənistanı bu şərtləri qəbul etdirməyə təşviq etdirə bilərlər. Mən sizə müsahibəmdə demişdim ki, Azərbaycana hardansa, məsələn, Fransadan basqı olanda bu ölkələr bufer rolunu oynamalıdır. Belə olmasa, müttəfiq ölkələrin ayrı-ayrılıqda immuniteti zəifləmiş olar. Məsələn, dost ölkələr müəyyən təbii sərvətlərin alışında Fransanı sıxa bilər. Yeri gələndə, iqtisadi münasibətlərə siyasi ritorikanın verilmısinə nail olmalıyıq. Bu baxımdan da, daha çox gözləntilərim türkdilli ölkələr, Pakistan, Gürcüstan və Macarıstandandır. Çox aktual və vacib mövzu olduğu üçün bu məsələ ilə ciddi məşğul olmalıyıq”.

Tarixin çarxını hərəkətə gətirmək çox çətindir. Amma bu çarxı dayandırmaq ondan da çətindir. Siyasi vəziyyət xeyli dəyişib. Dünyanın siyasi səhnəsində siyasi aktorların rolu da dəyişib. Siyasi səhnəyə tamamilə fərqli siyasi oyunçular daxil olub. 1990-ci illərdə baş vermiş Qarabağ müharibəsini götürsək, həmin müharibə ilə 44 günlük Vətən müharibəsi arasında siyasi, iqtisadi və hərbi cəhətdən fərqli vəziyyət görürük. Onu da nəzərdən qaçırmayaq ki, Ermənistan hər zaman forpost dövlət olub.

Bu dövlət 90-ci illərdə Rusiyanın, indi də Fransa və digər Qərb dövlətlərin maşasıdır. Ermənistanın heç vaxt konkret siyasi xətti və düsturu olmayıb. Həmişə başqaları tərəfindən idarə olunub. Ermənistanın Azərbaycanın şərtləri ilə razılaşmamaq şansı yoxdur. Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə kifayət qədər üstünlüklərə malikdir. Ölkəmizin hərbi-siyasi qüdrəti göz önündədir. Erməni işğalçıları bir zamanlar lovğalanırdılar ki, güclü “Ohanyan səddi” qurublar və qarşı tərəf bu xətti keçə bilməz. Biz o “səddi” göz qırpımında keçdik.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 514 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed