Şrift:
Fərəc Quliyev:Türkiyə daha varlı, daha güclü dövlətə çevriləcək, kənar dövlətlərin ona ciddi ehtiyacı olacaq
02.04.2024 [10:19] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan, Özəl xəbər, Fərəc Quliyev
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb. Ölkə üzrə sandıqların 99,37 faizi açılıb. Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir. Eyni zamanda hakimiyyətdə olan partiya Antalya və İzmiri geri ala bilməyib.

Türkiyənin Ali Seçki Komissiyası seçkilərin ilkin nəticələrini rəsmən elan etməsə də, partiya liderləri və namizədlər artıq qələbələrini elan ediblər və ya məğlub olduqlarını etiraf ediblər. Yavaş və İmamoğlu seçkilərdəki qələbələrini qeyd ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində partiyasının seçkilərdə istənilən nəticəni əldə etmədiyini etiraf edib, lakin bunun “son deyil, dönüş nöqtəsi” olduğunu bildirib.

Türkiyədəki seçkilər hansı yenilikləri ortaya qoydu və əldə olunan nəticələr 2028-ci il prezident seçkilərinə necə təsir edəcək?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyədə baş tutan seçkilər hamımız tərəfindən rəğbətlə qarşılanır: “Öncə onu qeyd etmək istəyirəm ki, Türkiyə bütün dünyaya demokratiyanı nümayiş etdirdi. Başqa böyük dövlətlərdən fərqli olaraq, Türkiyə son iki seçkidə demokratik dövlət olduğunu göstərdi. Türkiyəni uzun illər Avropa İttifaqına buraxmayanlar utanc hissi ilə yaşamalıdırlar. Türkiyədə seçkilərin sabit və izdihamlı keçməsini alqışlayırıq. Bir daha qardaşlarımızı təbrik edirik. Əlbəttə, bu nəticələrdə müəyyən dəyişikliklər vardı. CHP daha çox yerləri götürüb. Onun nailiyyəti 37, 72 faizlə göstərilir. Hakimiyyətdə olan AKP 35, 5 faizlə ikinci yerdə oldu. Məsələ burasındadır ki, mühüm göstəricilərdən biri Türkiyə insanının mədəsi ilə deyil, beyni ilə düşündüyünün ortaya qoyulması oldu. Hatayda AKP qalib gəldi. Ora zəlzələ bölgəsi idi, xalq böyük zərbələr almışdı. AKP-nin digər sahələrdə böyük uğurları: hərbi sənayeni inkişaf etdirməsi, Türkiyənin bölgə gücündən dünya gücünə çevrilməsi göz qabağındadır. Hesab edirəm ki, 2028-ci ilə qədər hələ bir çox yarımçıq işlər var ki, Türkiyə tamamlayacaq. Bunun uğurla nəticələnməsində Türk Dövlətləri Təşkilatının da böyük önəmi olacaq. Böyük bloklar, böyük güclər Türk Dövlətləri Təşkilatı ilə indidən hesablaşırlar, zamanla daha çox hesablaşmağa məcbur qalacaqlar. Gələcəkdə Türkiyə qiymətli enerji elementlərinin satışı və istehsalı ilə bağlı böyük imkanlara nail olacaq. Türk Dövlətləri Təşkilatı dünyanın uran ehtiyatının 52 faizinə sahibdir və gələcəkdə Türkiyə özünün atom elektrik stansiyasının tikir. Gələcəkdə onun atom silahı olan dövlətə də çevrilmə potensialı var. Türk insanı, əlbəttə, bu siyasəti dəstəkləyəcək. İşin başında kimin olmasının fərqi yoxdu. Hakimiyyət hamıya aiddir. Türkiyədə siyasi qüvvələr, təbii ki, HDP kimiləri yox, milli məsələlərdə daima bir yerdə olmağı bacarırlar. Türkiyənin tutduğu bugünkü kurs mütləq şəkildə müdafiə olunacaq. Çünki Türkiyəni sıxıntılardan çıxara biləcək siyasət budur. Burada yeni olan bəzi şeylər də var. Yenidən Rifah Partiyası ortaya çıxdı. Amma mübarizə iki əsas partiya olan AKP ilə CHP arasında gedib. Az faizlə olsa da CHP qalib gəldi. Yenə bildirirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Türkiyənin bugünkü kursu müdafiə olunur. Hesab edirəm ki, 2028 - ci ilə kimi ciddi dəyişikliklər olmayacaq. Türkiyə daha varlı, daha güclü dövlətə çevriləcək, kənar dövlətlərin ona ciddi ehtiyacı olacaq”.

Müsahibənin səs yazısını təqdim edirik:

Tıklayın



Məhəmmədəli QƏRİBLbaki-xeber.com
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed