Şrift:
JICA Orta Dəhlizin logistikasının inkişafına dəstək verə bilər
16.04.2024 [11:15] - Gündəm
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Orta Dəhlizin logistika funksiyalarının gücləndirilməsinə dəstək imkanını nəzərdən keçirir.

Bu barədə şirkətdəki mənbədən bildiriblər.

"Azərbaycanın əlverişli coğrafi mövqeyi, cəlbedici dövlət stimulları və biznes mühitinin yaxşılaşdırılması istiqamətində səylər ölkəni həm formalaşmış, həm də inkişaf edən sektorlarda imkanlar axtaran investorlar üçün arzuolunan yerə çevirir.

Azərbaycanın Avropa və Asiyanı birləşdirən ölkə olaraq əlverişli mövqeyi ölkənin nəqliyyat infrastrukturuna, o cümlədən, avtomobil və dəmir yollarının, limanların inkişafına investisiyalara təşviq edib. Hazırda JICA Orta Dəhlizin logistika funksiyalarının gücləndirilməsi üçün dəstək imkanını nəzərdən keçirir", - deyə agentlikdən qeyd ediblər.

Agentlikdən xatırladıblar ki, 2022-ci ildə JICA Azərbaycanda günəş fotoelektrik stansiyası layihəsini həyata keçirən "Masdar Azerbaijan Energy" MMC ilə layihə maliyyələşdirməsi haqqında kredit sazişi imzalayıb.

"Bu, Azərbaycanda ilk irimiqyaslı günəş enerjisi (230 meqavatt) layihəsidir. Layihə çərçivəsində həm tikinti, həm də istismar özəl şirkət tərəfindən həyata keçiriləcək. Azərbaycan hökuməti Paris sazişinə sadiq olmaq niyyətindədir və bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmağa çalışır.

Layihə bu məqsədlərin əldə olunmasına imkan yaradacaq və sabit elektrik enerjisi tədarüklərini təmin edəcək. JICA Azərbaycanda bərpa olunan enerji, nəqliyyat və logistika sahələrində dövlət-özəl tərəfdaşları üzrə bu cür layihələri dəstəkləməyə davam etməyə hazırdır", - deyə mənbə əlavə edib.

JICA-dan, həmçinin, qeyd ediblər ki, agentliyin Azərbaycanda fəaliyyət prioritetləri iqtisadi infrastruktur, sosial sektor və insan resurslarının inkişafıdır. Həmçinin, artım üçün, əsasən, neft hasilatı, eləcə də, qeyri-neft sektorunun inkişafı ilə şərtlənən infrastrukturun inkişafı da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan "orta səviyyədən yüksək gəlirə malik" ölkə olaraq təsnif edildiyindən, JICA-nın İnkişafa Rəsmi Yardım çərçivəsində borc ayırma üzrə əməliyyatları aşağıdakı 4 sahə üzrə məhdudlaşır: i) Ətraf mühit; ii) İnsan resurslarının inkişafı; iii) Təbii fəlakətlərdən qorunma və bərpa üzrə tədbirlər; və iv) Şəhər yoxsullarının həyat səviyyəsini yaxşılaşdırmaq üçün şəhər yerlərində sosial infrastrukturun inkişafı.

JICA 15 milyard dollardan yuxarı illik əməliyyat büdcəsinə malik olmaqla dünyada inkişaf məqsədilə yardım göstərən ən böyük ikitərəfli təşkilatdır. Agentlik təkcə Azərbaycanda deyil, bütün dünyada inkişafa mühüm töhfə verir. JICA Yaponiya üçün İnkişafa Rəsmi Yardım qismində mühüm rol oynayır.

JICA Yaponiyanın universal İnkişafa Rəsmi Yardım mərkəzi olmaqla qrantlar, maliyyələşdirmə və investisiyalar, könüllülər, özəl sektorla texniki əməkdaşlıq və tərəfdaşlıq kimi geniş çeşidli xidmətlər təklif edir. Dünyada ikitərəfli yardım göstərən agentliklərin ən böyüyü olan JICA 150-dən çox ölkə və regionda fəaliyyət göstərir və 90-a yaxın xarici nümayəndəliyə malikdir.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed