Şrift:
Azərbaycan ilə Türkiyə arasında teatr sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14.05.2024 [12:44] - Türk dünyası-Turan, Mədəniyyət
Ölkəmizin Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrlar Baş İdarəsinin müdiri Tamer Karadağlı ilə teatr sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Dövlət Teatrlar İdarəsində baş tutan görüş zamanı idarənin rəhbəri Tamer Karadağlı Azərbaycanla bütün sahələrdə olduğu kimi, mədəniyyət və teatr sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıb.

O, Türkiyədə yeni Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılmasının incəsənət və onun əsas qolu olan teatr sahəsində də əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə inandığını söyləyib.

Ölkəmizə səfərindən danışan Karadağlı Azərbaycan mədəniyyətinin onda böyük maraq doğurduğunu qeyd edib.

Samir Abbasov Azərbaycanın zəngin mədəniyyəti, teatr sahəsinin keçdiyi inkişaf yolu haqqında danışaraq, dövlətimizin Türkiyə ilə mədəni əlaqələrin inkişafına önəm verdiyini qeyd edib. O, gələcəkdə teatr sahəsində əlaqələrin inkişafında Türkiyədə yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin mühüm layihələr həyata keçirəcəyini deyib. Diplomat gələcəkdə keçiriləcək mədəniyyət günləri çərçivəsində teatr truppalarının qarşılıqlı çıxışlarının dəstəklənməsi, rejissorların və artistlərin qarşılıqlı mübadiləsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə hər iki ölkənin teatrları arasında əlaqələrin yaradılması, inkişafı, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması, bu istiqamətdə təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin reallaşdırılması, memorandumların imzalanması barədə təkliflər verilib. Samir Abbasov Türkiyədə keçirilən məşhur “Kültür yolu” festivalında da Azərbaycan teatrlarının iştirakı ilə əlaqədar iş aparılacağını bildirib.

Görüşdə iştirak edən Azərbaycan səfirliyinin birinci katibi Aygün Qocayeva ötən müddət ərzində diplomatik missiyamızın bu istiqamətdə apardığı işlər, Azərbaycan müəlliflərinin əsərlərinin Türkiyədə teatr səhnələrində tamaşaya qoyulması ilə bağlı təşəbbüsləri barədə danışaraq, bu işin yeni yaradılan Mədəniyyət Mərkəzi tərəfindən sistemli aparılacağına inamını bildirib.

Görüşdə birgə layihələrin həyata keçirilməsinə dair planın hazırlanması razılaşdırılıb.

Tamer Karadağlıya Türk və İslam mədəniyyətinin paytaxtı elan edilmiş Şuşa şəhərinə dair kitab hədiyyə olunub.

Ramin Abdullayev
Bu xəbər oxucular tərəfindən 1858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed