Şrift:
Fərəc Quliyev:15-20 dairədə çox rahatlıqla qalib gəlmək ehtimalımız var
17.05.2024 [18:40] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Parlament seçkilərində deputatlığa namizəd olub-olmayacağımla bağlı hələ qərar verməmişik”.

Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, seçki elan olunduqdan sonra bununla bağlı qərar veriləcək:

“Amma biz partiya olaraq bütün seçkilərdə iştirak edirik. Bəzi partiyaların seçkilərdə iştirak etməməsini normal qarşılamıram. Çünki partiya yaranıbsa, hakimiyyətə gəlmək üçün fəaliyyət göstərməlidir. Seçki fəaliyyəti ilə hakimiyyət gəlmək istəməmək şübhə doğurur. Onda hansı vasitələrlə hakimiyyətə gələcəklər? Seçkilərdə iştirak etməyən partiyalar özlərini pis vəziyyətdə qoyur.

Ümumiyyətlə, bütün partiyaların seçkilərdə iştirakını labüd hesab edirəm. Biz həmişəki kimi növbəti parlament seçkilərində də iştirak edəcəyik. Fərdi qaydada özümün namizədliyimi verib-verməyəcəyimlə bağlı isə hələlik qəti qərarım yoxdur”.

Partiya sədri hansı dairədən namizəd ola biləcəyi barədə isə bunları söyləyib:

“Namizədliyim barəsində düşünmədiyim üçün hansı dairədən namizəd olmaqla bağlı da fikirləşməmişəm. Amma fərq etməz. Partiyamızın bütün rayonlarda şöbələri var. Hazırda 15-20 dairədə çox rahatlıqla qalib gəlmək ehtimalımız var. Əgər belə fikrim olarsa, onların birindən namizədliyimi irəli sürərəm”.

Fərəc Quliyev partiyasının hədəfləri haqqında da danışıb:

“Ötən seçkilərdə 63 nəfərlə mübarizə aparmışdıq. Hələlik bu məsələ müzakirə olunmayıb.

Amma yenə də əksər dairələrdən namizədlərimiz verməyi düşünürük. Hər bir partiya maksimum çox nümayəndə ilə seçkilərdə iştirak etmək istəyir. Bu da seçkilərin gedişində gücə, namizədlərin xarizması və fəaliyyətilə bağlı olur. Yəni bunu indidən demək mümkün deyil. Amma parlamentdə maksimum sayda deputatla təmsil olunmaq istəyirik”.

Elmir Mustafa /“Cebhe.info”
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed