Şrift:
Fərəc Quliyev:Problem təkcə iqtidarın və ya müxalifətin deyil, hamı məsələlərə məsuliyyətlə yanaşır
17.05.2024 [20:46] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub. Siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər.

Sözügedən görüşün ictimai-siyasi əhəmiyyəti barədə Medianews.az-a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, tədbir bundan sonra müxalifət və iqtidar arasında münasibətlərin dialoq platformasında davam edəcəyini nümayiş etdirib.



Onun sözlərinə görə, hamı qəbullanıb ki, problem təkcə iqtidarın və ya müxalifətin deyil, hamı məsələlərə məsuliyyətlə yanaşır: “Bu tədbir əslində dialoq platformasında növbəti addım da adlandırıla bilərdi. Çünki, orada müxtəlif fikirlər səsləndirildi. Demək olar ki, bütün partiyalar görüşdə iştirak edirdi. Bu tədbir onu göstərdi ki, bundan sonra da iqtidarla müxalifət arasındakı münasibətlər məhz dialoq platformasında davam edəcək. Bu bir növ ictimai sazişdir. Xaricdən baxsaq, ölkənin qüdrəti iqtisadi dayanıqlığa, peşəkar orduya, güclü diplomatik əlaqələrə bağlıdır. Dövlətin daxili möhkəmliyi isə barışa söykənən sabitliyə bağlıdır. Daxili sabitliyin olmaması, birbaşa, ölkənin xarici faktorlarla mübarizəsinə də təsir edir. Bu baxımdan yanaşma çox normal oldu. Məncə artıq bütövləşmə baş verib. Hamı qəbullanıb ki, artıq problem sadəcə iqtidarın və ya müxalifətin deyil. Hamı məsələlərə məsuliyyətlə yanaşır və problemlərin həllində, bu mənada səfərbərliyin təmin olunmasında iştirakçıdır. Bu dialoq mühiti bunu açıq şəkildə göstərdi. Dünənki tədbirdə maarifləndirmə işi aparıldı. Dünənki tədbirdə Mərkəzi Seçki Komissiyası, Ədliyyə Nazirliyi, Hesablama Palatası və digər qurumların nümayəndələrinin iştirak etməsi də əməkdaşlıq mühitinin davamlı olacağına işarədir. Artıq münasibətlər sivil qaydaya keçib”.

MDHP sədrinin qənaətincə, müəyyən siyasi islahatlar aparılmaqla iqtidar-müxalifət dialoqunu, yaranmış münasibətləri daha da inkişaf etdirmək, dərinləşdirmək mümkündür: “Mən tədbirdə iki təkliflə çıxış etdim. Onlardan biri proporsional seçki sisteminə keçidlə bağlı idi. Digəri isə reyestr vaxtı telefon nömrələrindən istifadənin aradan qaldırılması məsələsi idi. Müxtəlif partiya rəhbərləri öz təkliflərini irəli sürdülər. Bununla bağlı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də qeydlər apardı. Bu siyasi mühitin, dialoqun yaranmasında və müxtəlifliyin təmin edilməsində Ədalət Vəliyevin rolu danılmazdır. Müxtəlifliklərin vəhdətini təşkil eləmək sadə məsələ deyil. Amma buna nail olunub. Müxtəliflik olsa da hədəfə fərqli baxış yoxdur. Hər bir kəs Azərbaycanın güclü, müstəqil və rifahlı olmasını istəyir. Bu amil üzərində də “resept” quruldu. Düşünürəm ki, bundan sonra da proses davam etdirilməlidir. Əsas məqsəd milli nailiyyətlərimizi qorumaq və genişləndirməkdir. Dünənki tədbir həm də sübut etdi ki, biz bu hədəfimizə də çata biləcəyik”.

Vüqar MƏMMƏDOV/medianews.az
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed