Şrift:
Fərəc Quliyev:Tədbir onu göstərdi ki, biz bu hədəfimizə çata biləcəyik
17.05.2024 [20:54] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
"Siyasi Partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlıq məsələlərinin müzakirə olunduğu tədbir əslində dialoq platformasında növbəti addım da adlandırıla bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.



O bildirib ki, orada müxtəlif fikirlər səsləndirildi: "Demək olar ki, bütün partiyalar iştirak edirdilər. Tədbir mahiyyətcə onu göstərdi ki, bundan sonra da iqtidar və müxalifət arasındakı münasibətlər məhz dialoq platformasında davam edəcək. Bu, əslində özü ictimai saziş idi. Bəzən ictimai saziş olsun deyə, çağırışlar var idi. Bunun artıq vaxtı keçib. İctimai saziş deyilən məsələ 20 il əvvəl lazım idi. Mən hesab edirəm ki, ölkənin əgər qabığının möhkəmliyi iqtisadi, hərbi, diplomatik möhkəmliyə bağlıdırsa, daxili möhkəmlik də barışa söykənən sabitliyə bağlıdır. Bu barışa söykənən sabitlik olmadan xarici faktorlarla mübarizə aparmaq, ölkənin kənar qılafını möhkəmləndirmək mümkün deyil. O baxımdan yanaşma çox normal oldu. Məncə, artıq problemcə bütövləşmə baş verib. Hamı qəbullanıb ki, problem təkcə müxalifətin deyil. Hamı məsələlərə məsuliyyətlə yanaşır və problemlərin həll olunmasında da səfərbər olur. Yəni bu dialoq mühiti də onu göstərdi".

"Dünənki tədbirdə həm də maarifləndirmə işləri aparıldı. Müxtəlif nümayəndələr var idi. Mərkəzi Seçki Komissiyasından, Ədliyyə Nazirliyindən, Hesablama Palatasından və sair nümayəndələr var idi. Onların tədbirdə iştirak etməsi, məsələlərlə bağlı məlumat verməsi onu göstərdi ki, əməkdaşlıq mühiti davam edəcək. Artıq münasibətlər çox sivil qaydaya keçib. Mən hesab edirəm ki, müəyyən siyasi islahatlar aparmaqla bu məsələni daha da dərinləşdirmək və genişləndirmək mümkündür. Mən özüm iki təkliflə çıxış etdim. Birinci, proporsional seçki sisteminə keçidlə bağlı idi. Digəri reyestr vaxtı telefon nömrələrindən istifadənin aradan qaldırılması ilə bağlı idi. Başqa dostlar, partiya sədrləri də müxtəlif təkliflər verdilər. Hörmətli Ədalət Vəliyev də məsələlərlə bağlı notlar götürdü. Bu siyasi dialoq mühitinin yaranmasında etiraf etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin möhtəşəm rolu oldu. Müxtəlifliklərin vəhdətini təşkil etməyə nail olunub.

Hesab edirəm ki, burada müxtəlifliklər fərqli olmasına baxmayaraq hədəfə fərqli baxış yoxdur. Hər kəs Azərbaycanın güclü, müstəqil və rifahlı olmasını istəyir. Bu amilin üzərində də resept quruldu. Bundan sonra da proses davam olunmalıdır. Dünənki tədbir onu göstərdi ki, biz bu hədəfimizə çata biləcəyik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə/sia.az
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed