Şrift:
Fərəc Quliyev:Daxili möhkəmlik barışa söykənən sabitliyə bağlıdır
18.05.2024 [15:43] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
PA-nın təşkil etdiyi görüşdə iştirak edən partiya sədrlərindən önəmli açıqlamalar

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri mövzusunda tədbir keçirilib.

Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib.

Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Sonra tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər məlumat veriblər. Ədliyyə Nazirliyinin nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması, siyasi partiyalarla iş üzrə fərdi kabinetdən istifadə, qanunvericiliyin pozulmasına görə məsuliyyət, Maliyyə Nazirliyinin nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması, siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə hesabatı, siyasi partiyalar tərəfindən ianələrin qəbul olunması, Hesablama Palatasının nümayəndəsi isə siyasi partiyalara dövlət büdcəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması kimi məsələlərə aydınlıq gətiriblər.

Daha sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər. Cəmiyyəti narahat edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya biləcəyi nəzərə çatdırılaraq milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə iştirak edən partiyaların rəhbərləri təəssüratlarını “Yeni Müsavat”la bölüşüblər. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, bu tədbir dialoq platformasında növbəti addım da adlandırıla bilər. Çünki orada müxtəlif fikirlər səsləndirildi və demək olar orada bütün partiyalar iştirak ediridilər: “Tədbir mahiyyətcə onu göstərdi ki, bundan sonra da iqtidarla müxalifət arasındakı münasibətlər məhz dialoq formasında davam edəcək. Bu, əslində özü bir ictimai sazişdir. Daxili möhkəmlik barışa söykənən sabitliyə bağlıdır. Bu sabitlik olmadan xarici faktorlarla mübarizə aparmaq da mümkün deyil. O baxımdan da keçirilən tədbir çox faydalı tədbir sayılmalıdır. Hamı qəbullanıb ki, problemlərin həll olunmasında birlikdə çalışmaq daha faydalıdır. Tədbirdə həm də maarifləndirmə işləri aparıldı. Siyasi partiyaları maraqlandıran suallar səsləndi, təkliflər irəli sürüldü. Hakimiyyət təmsilçisi cənab Ədalət Vəliyev qeydlər götürdü. Tədbir göstərdi ki, biz ölkə və cəmiyyət olaraq hədəflərimizə çata biləcəyik”.

Etibar SEYİDAĞA/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed