Şrift:
Bakıda Tacikistan mədəniyyəti günlərinin açılış mərasimi keçirilib
21.05.2024 [10:20] - Mədəniyyət
Azərbaycanda Tacikistan mədəniyyəti günlərinin açılış mərasimi keçirilib.


Mərasimdən əvvəl Azərbaycan və Tacikistanın mədəniyyət nazirləri Adil Kərimli və Matlubaxon Sattoriyen Tacikistan mədəniyyətinə aid incəsənət nümunələrindən ibarət sərgi ilə tanış olublar.

Açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ölkələrimiz arasında dərin dostluq və əməkdaşlıq münasibətlərindən danışıb.

Tacikistan Azərbaycanda mədəniyyəti günlərinin keçirilməsini tarixi hadisə adlandıran nazir bildirib ki, ölkələrimizin malik olduğu münasibətlər məhz Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistanın dövlət başçısı Emomali Rəhmonun möhkəm iradəsi nəticəsində inkişaf etməkdədir:

"Mən fürsətdən istifadə edib, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen başda olmaqla, bu gözəl ölkədən gələn qonaqları səmimiyyətlə salamlayıram. Bildirmək istəyirəm ki, Azərbaycanda Tacikistanın mədəniyyət günləri çərçivəsində müxtəlif rəngarəng tədbirlərin keçirilməsi və sonra qala-konsertin təşkili nəzərdə tutulur. Ümidvaram ki, bu tədbirlər münasibətlərin daha da inkişafına təkan verəcək".

Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen də mədəniyyət sahəsində əməkdaşlıq imkanlarından danışıb. O vurğulayıb ki, bu imkanların genişləndirilməsi üçün əlverişli potensial mövcuddur:

"Bir çox sahələrdə olduğu kimi mədəniyyət sahəsində də münasibətlərimiz uğurla inkişaf edir. Son illərdə Tacikistan və Azərbaycan mədəniyyət sahəsində əlaqələri daha da inkişaf edir. Xüsusilə də Azərbaycanla Tacikistan mədəni mübadilə sahəsində səmərəli tərəfdaşlıq əlaqələrinə malikdir. Azərbaycan zəngin ədəbi ənənələrə malikdir. Xüsusilə də Nizami Gəncəvi və onun müəllifi olduğu "Xəmsə" əsəri ölkəmizdə də sevilir və tədqiq olunur. Mədəniyyət günləri istənilən dövləti dost ölkənin insanlarına uğurla tanıtmaq üçün mükəmməl bir vasitədir".

Tacikistanlı nazir həmçinin bu mədəni tədbirin qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayacağına inamını ifadə edib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, mayın 23-dək davam edən tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Tacik Kinosu Günləri, Heydər Əliyev Mərkəzində "Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri" sərgisi, eləcə də qonaq ölkənin incəsənət ustalarının qala-konserti təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 1630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed