Şrift:
Fərəc Quliyev: Tədbir ölkəmizdəki siyasi dialoqun növbəti mərhələsidir
23.05.2024 [09:56] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Siyasi partiyalarla birgə görüşlərin təşkili ictimai münasibətlərin daha yüksək inkişafına yol açır

Ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya dialoq mühitinin inkişafına mühüm töhfələr verməkdədir. Fərqli siyasi baxışlara malik təşkilatların milli maraqlara söykənən məsələlərdə vahid mövqedən çıxış etməsi olduqca mühüm mənzərə formalaşdırır - xüsusilə, İkinci Qarabağ müharibəsi dövründə Ali Baş Komandanın ətrafında birlik nümayiş etdirərək siyasi həmrəylik nümunəsinin ortaya qoyulması Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu prosesində əldə etdiyi mühüm nailiyyətin göstəricisi sayıla bilər.

Bu proses uğurla davam edir və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin təşkilatçılığı ilə baş tutan müzakirələr siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində əsaslı addımlar kimi dəyərləndirilir. Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da təşkil edilən görüş bu mənada, mühüm əhəmiyət daşıyır. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Tədbirdə iştirak edən siyasi partiyaların nümayəndələri müzakirə edilən mövzularla bağlı fikirlərini bölüşüblər.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də keçirilən dəyirmi masanı ölkəmizdəki siyasi dialoqun növbəti mərhələsi kimi dəyərləndirib. Əsas müzakirə predmetinin “Siyasi partiyalar haqqında” qanun olduğunu söyləyən F.Quliyev müzakirələr zamanı bu və ya digər şəkildə başqa məsələlərə də toxunulduğunu önə çəkib: “Bu onu göstərir ki, Azərbaycan iqtidarı və müxalifəti ayrı-ayrı problematik məsələlərin müzakirəsi ilə bağlı bir masa arxasında oturmaq imkanına malikdir. Vurğulayım ki, ölkəmizdəki siyasi palitranı dəyirmi masa arxasında yığmaq asan iş deyildi. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi yarandığı gündən yüksək səviyyəli fəaliyyəti ilə yadda qalıb. Şöbənin aparıcı və peşəkar kadrlarla təmin edilməsi nəticəsində siyasi partiyalar arasında müzakirə imkanları daha da gücləndi. Azərbaycanın müstəqilliyini, inişafını, suverenliyini və rifahını düşünən partiyalar bir araya gəldi: “Mən tədbirdəki çıxışımda da bildirdim ki, Azərbaycandakı bəzi partiyalar bir vaxtlar xarici ölkələrdəki ayrı-ayrı qüvvələrlə əməkdaşlıq edirdilər, müqavilələr bağlayırdılar. Amma öz ölkələrindəki təşkilatlarla əməkdaşlıq etmirlər, bundan imtina edirlər. Bu ziddiyyətdir və cəmiyyətdə ikrahla qarşılanır”.

F.Quliyev deyib ki, dialoq mühitininin davamlı hal alması vacib məsələdir. “Tədbirdəki çıxışında Ədalət Vəliyev də bildirdi ki, qarşıdakı dövrdə ən müxtəlif mövzuların müzakirəsinə həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu onu göstərir ki, iqtidar-müxalifət görüşləri artıq daha effektiv məcraya yönəlir. Artıq iqtidarla müxalifət ayrı-ayrı məsələləri birgə araşdırmaq imkanı qazanır. Hər kəs qəbul edir ki, əgər ortada həllini gözləyən problem varsa, bu nə iqtidarın, nə də müxalifətin problemidir - bu, Azərbaycanın problemidir və onun həlli üçün hər kəs əlindən gələni etməlidir. Tədbir çox möhtəşəm səviyyədə təşkil edilmişdi. Müxtəlif orqanların nümayəndələrinin iştirakı müzakirələrə xüsusilə əhəmiyyətli idi”, - deyə MDHP sədri bildirib.

P.SADAYOĞLU/yeniazerbaycan.com
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed