Şrift:
Qulluq stajına görə əmək pensiyasına əlavələr ediləcək
24.05.2024 [13:57] - Gündəm, Sosial
Milli Məclisdə Qulluq stajına görə əmək pensiyasına əlavələrlə bağlı qanun layihəsi birinci oxunuşda təsdiq edilib.
Bununla bağlı məsələ Milli Məclisin mayın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib. Təqdim olunan qanun layihəsi qulluq stajına görə əmək pensiyalarına əlavələrin hesablanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini özündə ehtiva edir.

“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlılığının artmasına xidmət edəcək.

Qanun layihəsinə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçirilir.

Digər dəyişikliklə, hərbi xidmətdən yaşa görə pensiyaya buraxılmış vətəndaşların əmək pensiyaları ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Bu şəxslərin əmək pensiyası buraxıldığı günə 30 təqvim ili hesablanmaqla veriləcək.

Dəyişikliklə, hərbi xidmətdən yaşa görə pensiyaya buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin 65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla hesablanır. Qeyd edək ki, yeni qanun layihəsinə əsasən, 30 təqvim ilindən əvvəl “buraxıldığı günə” sözü əlavə olunur.

Qanun layihəsinə görə, Azərbaycan Milli Məclisinin və Naxçıvan Ali Məclisinin fəaliyyətdə olan deputatlarının pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı ilə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanacaq.

Bu dəyişiklik, eyni zamanda, Milli Məclis sədrinin, onun birinci müavininin və digər müavinlərinin, komissiya sədrinin və komissiya sədrinin müavininin əmək pensiyasının hesablanmasına da şamil edilir. Həmçinin Naxçıvan Ali Məclisinin sədrinin, müavinlərinin əmək pensiyasının hesablanmasına da şamil olunacaq.

Qeyd edək ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisnadır.

Qanun layihəsi qəbul olunduğu təqdirdə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed