Şrift:
Zəlimxan Məmmədli: “Allahdan qorxun, bu məmləkəti sizlərin dağıtması üçün qurmamışıq!..”
04.03.2013 [12:41] - Sosial
Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Zəlimxan Məmmədli rayonun hazırkı başçısı Razim Məmmədovun fəaliyyəti ilə bağlı bəyanatla çıxış edib. Davam.az xəbərinə görə, öz bəyanatında o, xələfini rayondakı ağır sosial-iqtisadi duruma görə sərt tənqid edib.

Zəlimxan Məmmədlinin sözlərinə görə, rayonun 400 min sakininin də onun kimi dövlətin imkanlarından bəhrələnmə, sosial rifahını yaxşılaşdırma, istirahət hüququ və haqqı var: “Hamı istirahət üçün bulvara, bahalı istirahət yerlərinə gedə bilmir. Xətai sakinlərinin böyük əksəriyyəti bu kateqoriyaya aid insanlardır. Çox ləyaqətlidirlər. Onlar evlərinin yaxınlığında vaxtı ilə salınmış xiyabanlarda, parklarda əylənmək, istirahət etmək, boş vaxtlarını səmərəli keçirmək istəyirlər. Razim müəllim, görəsən, bunları bilirmi? İcra başçısı bunları ya bilir, ya da özünü bilməzliyə vurur. Belə olmasaydı rayonda istirahət məkanlarını dağıdıb, yerində ”budka"lar, yöndəmsiz “obyektlər” tikdirməzdi, hər biri xalqın minlərlə manatı hesabına böyümüş, on illərlə yaşı olan, onlardan fərqli olaraq oksigen mənbəyi olan ağacları qəddarcasına kəsməzdi".

Z.Məmmədli bildirib ki, indi də Xətaidə mərkəzi küçəni vəhşicəsinə talamağa, qırıb dağıtmağa, soyqırıma məruz qoymağa girişiblər: “Xətainin 3500 hektara yaxın ərazisi var. Sual olunur: başınıza yer qəhətmi oldumu “obyekt” verməyə? Məhəmməd Hadidən 6 saylı poliklinikaya dönən döngədə ağaclar bizdən, həm də məndən imdad diləyir: “Haqsızlığa niyə susursan, ay keçmiş, cəbhəçi icra başçısı Zəlimxan” deyə mənə müraciət edirlər. Yadıma həzrəti Əlidən sitat salırlar ki, haqsızlığı görüb ona susmaq həmin zalımlara şərik olmaqdır. “Sən Zəlimxan da onlarla şəriksənmi” deyə soruşurlar. Nə deyim onlara, yoldaş Razim müəllim? Deyim ki, onlar (yəni siz) ümummilli məsələlərlə məşğuldurlar? Deyə bilmərəm. Çünki yalançılar Allahın düşmənləridir. Mən isə böyük Yaradana hər zaman səcdədə olanlardanam. Sadəcə AYIBDIR!!!! Təbiətə təcavüzü dayandırın. Allahdan qorxun. Bu məmləkəti sizlərin dağıtması üçün qurmamışıq!.."
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed