Şrift:
Səddamın dövründə türkmənlər assimliyasiyaya məruz qalmışdı
19.04.2013 [11:04] - Türk dünyası-Turan, Müsahibə
İraq Kürdüstanında ilk müsahibimiz - Türkman Yazarlar Birliyinin sədri, sabiq millət vəkili Əsəd Ərbil oldu. Müsahibimiz türkmənlərin problemlərindən, Səddam Hüseynin hakimiyyəti dövründə onlara qarşı yürüdülən qeyri-insani siyasətdən və indiki Bərzani hökumətinin türkmənlərə münasibətindən danışdı.
Əvvəlcə qeyd etdi ki, “Barış” dərgisinin baş yazarıdır. Ancaq iki ildir ki, bu dərginin nəşri maliyyə çətinliyindən dayandırılıb. Dərgi Mədəniyyət Nazirliyinə aiddir. İraq Kürdüstanı ilə mərkəzi hökumət arasında maliyyə problemi yaranıb deyə dərginin nəşrinə vəsait ayrılması dayandırılıb. Bu dərgidə türkman, ərəb, kürd və Anadolu türkcəsində yazılar dərc olunurdu. Bu 4 il ərzində 57 sayı işıq üzü görüb.
Əsəd bəy, türkmənlər Səddam Hüseyn dövrünü necə xatırlayır?
Səddamın adı gələndə insanlığın ağlına sığmayan qanlı faciələr yada düşür. Kimyəvi bombalarla minlərlə insanın kütləvi ölümündənmi, yoxsa kütləvi qırğın adı verilən Ənfal faciələrindənmi danışım? Səddam kürdləri, şiə ərəbləri, türkmənləri buldozerlərlə çalalar qazdıraraq diri-diri üstlərini torpaqladırdı.
Səddam bu xalqlara qarşı zülmündə adil idi.
1992-ci ildə Səddamın türkmənlərə qarşı zülmünü qardaş ölkəyə çatdırmaq üçün bir qrup ziyalımız gizli Türkiyəyə gedirlər. Səddamın onların başına açdığı fəlakətlərin qarşısının alınması üçün kömək istəyirlər. Lakin Türkiyə bu olayların İraqın daxili işi olduğunu söyləyir. Aydınlarımız naümid geri qayıdır. Ziyalılarımız Altunkörpüyə çatmamış onların Türkiyə səfəri Səddama çatdırılır.
Onları yolda tutub Altun Körpü ilə Dilafər arasında dar ağacları düzəltdirərək 70 ziyalı və onların qohum-əqrəbalarını asdırır. Əmr verir ki, 7 gün heç kim onları dəfn edə bilməz. Cənazələr şişib partlamışdılar. Təsadüfdən bir türkmənin evi uçsaydı evini təmir etdirməyə haqqı yox idi. Ya o ərazini bir ərəbə satmalı idi, ya da uçuq vəziyyətdə yaşamalı.
Səddam dönəmi ilə müqayisədə türkmənlərin vəziyyətində nə dəyişib?
2000-ci ilədək parlamentdə türkmən təmsilçisi yox idi. 2005-də seçkilər oldu və bizdən 4 nəfər seçildi. Bəzi qanunları dəyişdirərək, təcrübədən istifadə edib problemləri həll etməyə başladıq. Səddam Hüseynin dövründə türkmənlər assimliyasiyaya məruz qalmışdı.
Türkmənlərdən kimsə ölkədən qaçsaydı onun ailəsini edam etdirərdi. 1991-ci ildə, indiki Kürdüstan bölgəsi ayağa qalxdı. Ondan sonra bir az nəfəs ala bildik. İndi İraq Milli Türkmən Partiyası, Türkmən Demokrat Partiyası, Türkmən Reform Hərəkatı var.
Sadəcə, ən önəmli problemimiz birliyimizin olmamasıdır. Bir olsaq istəklərimizi reallaşdıra bilərik. Səddamın vaxtında türkmən adını qoya bilməzdik. İndi İraq Kürdüstanı konstitusiyasında türkmənlərin milli mənsubiyyəti, türkmən adlarının verilməsi təsdiqini tapıb. Kürdlərdən sonra ikinci ən çox saylı millət türkmənlərin olduğunu ana yasada rəsmiləşdirmişik.
İraqda türkmənlərin siyasi gələcəyini necə görürsünüz? Muxtariyyət olmalıdır, yoxsa Kürdüstan muxtariyyəti tərkibində qalmalıdır?
Əvvəla deyim ki, indi 5 millət vəkilimiz var. Kərkükü də əlavə etsək türkmən millət vəkilləri 15 nəfərə çatır. Sənaye və ticarət naziri Sinan Çələbi türkməndir. Mərkəzi İraq bizə Kürdüstan hökuməti qədər hüquq və azadlıqlar vermir. Səbəb Amerika və İngiltərədir. Çünki onlar heç zamana türkü sevməzlər. Ümumilikdə türkmənlərin vəziyyəti yaxşı deyil.
Bizə vədlər verildi, amma kağız üzərində qaldı. İstəyirik ki, nazirliklər artırılsın, millət vəkillərimiz çoxalsın. Ən vacib məsələ - Kərkükə əhəmiyyət verilsin. Orada neft var. Kərkükün iqtisadi inkişafının yaxşılaşdırılması üçün ora sərmayə qoyulsun ki xalqın rifahı yaxşılaşdırılsın.
Tusxurmatu, Təzəxurmatu, Mendeli, Tilafər kimi türkmən bölgələri baxımsız qalıb. Harda türkmən bölgəsi varsa orada iqtisadi inkişaf yoxdur. Bu bölgələr Mərkəzi İraqın nəzarətindədir. Biz türkmənlərin muxtariyyətə böyük ehtiyacımız var. Amma heç bir halda İraqın dövlət sərhədlərinin pozulmasını istəmirik və muxtariyyəti ölkənin ərazi bütövlüyü çərçivəsində arzulayırıq. Niyə türkmənlərin icra hakimiyyəti olmasın? Universitetdə rektoru olmasın? Doğrudur, Səlahəttin universitetdə türkcə şöbə açmışıq. Türkmən məktəbləri var. Habelə, 4 uşaq baxçası var.
Kimsə sahibkarlara, ticarətçilərə müdaxilə etmir. Amma ürək daha çox şey istər. Onu da deyim ki, türkmənlərin əksəriyyəti mərkəzi İraqda yaşasa da, onların nə məktəbi var, nə də siyasi partiyası. Bu bölgədə 120 türkmən məktəbimiz, 8 siyasi partiyamız, bir neçə radio qovşağımız, türkmən telekanalımız, mədəniyyət mərkəzlərimiz var.
Millət vəkili olduğunuz zaman hansı məsələlərin həllinə nail oldunuz?
Ən əsası terrorla mübarizə qanunudur. Görürdün bir qrup şəxs təxribat edib haradasa partlayış törədirdi. Biz ölüm hökmünü bərpa etdik. Kürdüstan bölgəsində terrorçuluqda ittiham olunan şəxslər, məhkəmə hökmündən sonra edam olunur. Əvvəllər isə terrorçulara ən ağır cəza 25 illik həbs idi. Məsələn, Şixzanə terror dəstəsi var idi. Onlar insanları öldürürdülər, sonra ətini qonşulara yedizdirirdilər. 2007-ci ildə ələ keçirildilər və dəstədə olan 15 nəfər asılaraq edam olundular. Kərkük, Bağdad və Mosulla müqayisədə Ərbil çox sabit şəhərdir. Burada terror yoxdur, rahat yaşayırıq. Kərkükdə evindən çıxan fatihə oxuyur ki, bəlkə geri dönmədi.
Son olaraq, Azərbaycana deyəcək sözünüz varmı?
Dədə-babalarımız bura Azərbaycandan gəlib. Özümüzü azərbaycanlı sayırıq. Bu halda niyə Azərbaycanın bir səfirliyi, konsulluğu açılmır? Azərbaycana gələndə çox çətinliklə viza alırıq. Səfirlik olsa rahat gedib gələ bilərik.
Emil SALAMOĞLU
Şimali İraq, Ərbil
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed