Şrift:
İlham İsmayıl:İran prezidentliyinə namizədlər ətrafında qruplaşmalar bir-birlərinə qarşı amansızdırlar- Müsahibə
03.05.2013 [15:07] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Müsahibimiz Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq İlham İsmayıldır.
-İlham bəy, İranda qarşıdan gələn prezident seçkilərini necə dəyərləndirirsiniz?

-14 iyunda İran 11-ci prezidentini seçəcək. Son illərdə ölkə rəhbərliyi tərəfindən aparılan siyasdətin ağır nəticələri seçki ərəfəsində özünü daha gərgin şəkildə göstərir.

Bu gün İranda mürəkkəb vəziyyət yaranıb. İqtisadi sanksiyalar (təhrimlər), beynəlxalq təzyiq, Suriyada və bütövlükdə Yaxın və Orta Şərqdə baş verən hadisələrin İranın maraqlarına uyğun olmaması, daxildə sosial narazılığı hər gün artıran ağır iqtisadi durum, hakimiyyət uğrunda mübarizə və s. seçki ilini xarakterizə edən şərtlərdi.

Nüvə proqramı ilə bağlı danışıqların dalana dirənib, nefti istədiyi kimi sata bilmir. Ağır durum Əhmədinejadın siyasətinin nəticəsi kimi dəyərləndirilir, ona görə də xalq, siyasilər vəziyyətdən çıxış yolunu yeni seçiləcək prezidentdə görürlər və hamı da onun yaxın adamının seçkilərdə qalib gəlməməsi üçün çalışır.

Xameneyi də gərginliyi açıq gördüyündən xalqa müraciət edib ki, bu il çox məsuliyyətli ildi, çünki bu seçki xalqın və dövlətin taleyini həll edəcək. Seçki də gərgin olacaq , artıq 10- dan çox namizəd prezidentlik uğrunda mübarizəyə qoşulub.

-Xüsusilə, bu seçkilər ölkədə vəziyyəti qarışdıra bilərmi?

-Namizədlər ətrafında qruplaşmalar bir-birlərinə qarşı amansızdırlar. Qatı mühafizəkarlar və liberallar arasında barışmaz mövqe var. Yuxarıda qeyd etdiklərimiz və namizədlərin elektoratları arasında ziddiyyətlər və namizədlərin çagırışıyla böyük qarşıdurmalar mümkündü. Bura xaricdən müdaxiləni də əlavə etsək qarışıqlıq yarana bilər.

-Ölkədə proseslər gərginləşərsə, etnik zəminində vəziyyətin gərginləşməsi gözləniləndirmi?

-Adətən etnik zəmində igtişaşlar İranda seçki siyasətinə qarışmır. Real milli mübarizə ,onun konkret(müşəxxəs) hədəfləri bəlli olmadığı üçün seçkiyə mili azadlıq hərəkatı kimi yox, vəziyyəti yaxşılaşdıracaq dövlət başçısının seçilməsi kimi baxılır. Amma,xarici müdaxilənin hədəflərindən biri ölkədə rejimi dəyişməyə yönəldiyindən, etnik milli mübarizə onu şərtləndirən bir amil kimi gündəmə gələ bilər.

-Xüsusilə,İranın Azərbaycanda prezident seçki öncəsi vəziyyətə təsir göstərməsini nə qədər real hesab etmək olar?

-Azərbaycanda keçiriləcək prezident seçkilərinə İranın birbaşa müdaxiləsi gözlənilmir. Bu yalnız İranın özündə vəziyyətdən asılıdı. Əgər İrana xarici müdaxilə bizdəki seçki ərəfəsində baş verərsə mümkündü ki, vəziyyətə hansısa formada təsir göstərsin.

Söhbətləşdi: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed