Şrift:
Teymur Eminbəyli: Artıq Güney Azərbaycan milli hərəkatın səsi dünyada eşidilməkdədir
04.05.2013 [13:01] - Güney Azərbaycan xəbərləri, Müsahibə
«Ermənilər Tehranda müstəqil Azərbaycan dövləti əleyhinə mitinqlər keçirdikdə niyə İran bunun qarşısını almır?»

Bu gün Güney Azərbaycanla bağlı İranda və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən milli təşkilatlar var. Onlar bu istiqamətdə mübarizələrini davam etdirir və müxtəlif tədbirlər keçirirlər. Bu təşkilatlardan da biri İsveçin paytaxtaı Stokholmda fəaliyyət göstərən Bütöv Azərbaycan Cəmiyyətidir. Təşkilat sədri Teymur Eminbəyli «BayMedia.az»a müsahibəsində bu məsələlərlə bağlı bizi maraqlandıran sualları cavablandırdı.

- Güney Azərbaycanla bağlı hazırkı durumu necə dəyərləndirmək olar?
- Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalandığı gündən üzü bu yana birləşmək üçün mübarizə aparır. Bu gün Güney Azərbaycanda baş verən hadisələr və gedən proseslər həmin mübarizənin davamıdır desək yanılmarıq. İkiyə parçalanmış bir millətin birləşmə uğrunda mubarizəsi elə bir həddə çatıb ki, orada gedən proseslər artıq dünyada eşidilməkdədir. Bu məsələdə həm diasporun, həm də İran daxilində mübarizə aparanların müstəsna xidmətlərini inkar etmək mümkün deyild.
- Milli Hərəkatda daha nələri görmək istəyirsiniz?
- Mən daha çox proseslərin bu axarla davam etməsini istəyirəm. Millətimizin mübarizlərə arxa durmasını arzulayıram və bunu da görürük. Müstəqil Azərbaycan mətbuatının Azərbaycanın Güneyində gedən proseslərə biganə qalmaması zəruri məsələlərdəndir. Sevindirici haldır ki, son zamanlar bu istiqamətdə irəliləyişlər var. Artıq Azərbaycan mətbuatı güneyə biganə deyil və bu mövzunun mətbuat səhifələrində tez tez işıqlandırılmasının şahidi oluruq. Amma bu yetərli deyil. Güney Azərbaycan mövzusu ilə bağlı təbliğat işi daha da genişlənməli və bütün mətbuat orqanları buna ciddi yanaşmalı, geniş yer verməlidirlər. Milli Hərəkatı mətbuatsız təsəvvür etmək mümkün deyil və mətbuatsız məqsədə çatmaq olmaz. Bunun üçün də Azərbaycan mətbuatından gözləntilərimiz daha çoxdur. Güneydə baş verən proseslər daim diqqətdə saxlanmalı və mütəmadi bu istiqpmətdə yazılar verilməlidir. Son zamanlar bu istiqamətdə irəliləyişlər bizi sevindirməyə bilməz.
- Ümumiyyətlə uzun illərdir ki, milli hərəkat güneyli soydaşlarımızın hüquqları ilə bağlı mübarizə aparır. Amma yenə də əsas məqsədlərə nail ola bilməyib. İranda islahatların aparlıması tələbləri də səslənir. Sizcə islahatlar soydaşlarımızın haqlarının bərpa olunmasına şərait yarada bilərmi?
- İranda bu vaxta qədər aparılmış islahatların millətimizə heç bir faydası olmayıb və olacağına da inanmaq sadəlöhvlükdür. Cünki İran fars rejimi başqa millətlərin assimilyasiyası üçün uzun illərdir ki, milyardlarla pul xərcləyir. Şah rejimi ilə molla rejimi bir birinə düşmən olsalar belə ümumi xəttləri İranda yaşayan başqa millətləri farslaşdırmaqdan ibarətdir. Belə olan halda hansı islahatdan söhbət gedə bilər və ya bunun bizə nə faydası var? Milli hərəkata gəldikdə isə, burada əsas amacımız bəllidir və bu istiqamətdə mübarizəmiz davam etdirilməlidir.
- Son zamanlar milli hərəkatla bağlı müxtəlif fikirlər səsləndirilir. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Bakıda keçirdiyi konfransda da bu barədə çıxışlar oldu. Bəzi iştirakçılar bildirdilər ki, Güney Milli Hərəkatında türklərin hakimiyyətə gəlməsi əsas xətt olmalıdır. Siz necə düşünürsüz, güneylə bağlı əsas xətt nə olmalıdır — istiqlal, İranda türklərin hakimiyyətə gəlməsi və ya federalçılıq?
- Bütün baxışlara hörmətlə yanaşmaqla bildirməliyəm ki, federalçılıq düşüncəsi fars şovinizminin ömrünü uzatmaqla millətin başının altına yastıq qoyaraq onu şirin yuxuya verməkdən başqa bir şey deyil. Bu gün tutaq ki, belə bir vəziyyət yarandı ki, seçim qarşısında qalan İran rejimi federalçılığı qəbul etdi. Sabah vəziyyət dəyişən kimi federalizmi adicə bir fərmanla ləğv etsə bu mübarizənin nə faydası olacaq?
İranda Türklərin hakimiyyətə gəlməsi də bizə heç nə verməyəcək. Çünki İranda türklərin hakimiyyətə gəlməsi hələ millətin hakimiyyətə gəlməsi demək deyil. Bu gün İranın bir nömrəli şəxsi Ayatullah Xomneyi türkdür. Hakimiyyətdə və parlamentdə onun kimi irançılığı əsas götürən türklər nə qədər desən var. Onların hamısı da fars şovinizminə xidmət edən insanlardırlar. Bu və bunun kimi şəxslərin hakimiyyətdə olmasından millətimiz daha çox uduzur.
Düşüncəmə görə istiqlal yolu ən doğru seçimdir. İki Azərbaycanın birləşməsinin yolu da məhz istiqlaldan keçir. Bu gün Güney Azərbaycanda millətimizin apardığı mübarizə olduqca demokratik mübarizədir. Bu demokratik mübarizənin Güney Azərbaycanın öz istiqlalını əldə etməsi ilə nəticələnəcəyi tamamilə mümkündür və biz buna əminik.
- İran güneylə bağlı Bakıda keçirlən tədbirlərə görə ciddi narahatlıq keçirir. Amma əvvəllər belə deyildi. GAMAC-ın tədbirindən sonra Azərbaycana nota da verdi. Bu nədən qaynaqlanır?
- GAMAC-ın Bakıda keçirmiş olduğu toplantı ictimai bir tədbir olduğu üçün İran rəsmilərinin və dövlətinin buna reaksiyası çox yersizdır. Bu cür toplantıların keçirilməsi hər bir ictimai təşkilatın vəzifəsidir. Əgər bu bir dövlət tədbiri olsaydı, o zaman İranın narahatlığını başa düşmək olardı. Ermənilər Tehranda müstəqil Azərbaycan dövləti əleyhinə mitinqlər keçirdikdə niyə İran bunun qarşısını almır? Əksinə orda soydaşlarımız tərəfindən Qarabağla bağlı bir aksiyaya cəhd göstərilən kimi bunun qarşısı amansızlıqla alınır. Göründüyü kimi səbəb başqadır. Bu gün İran dünya ölkələri tərəfindən iqtisadi sanksiyalara məruz qalıb və bu sanksiyalar getdicə ağırlaşır. İqtisadi sanksiyaların sabah siyasi sanksiyalarla əvəz olunacağına şübhə yoxdur. İranın müharibəyə cəlb olunması an məsələsidir. Bütün bu problemlərin girdabına düşmüş İran Azərbaycan gücsüz hesab edərək ona buynuz göstərmək istəyir. Azərbaycanın müttəfiqlərinə çatdırmaq istəyir ki, sizin bizə etdiyinizi biz də sizin müttəfiqlərinizə edə bilərik.
- Amerikanın İranla bağlı siyasətində güneyin yeri varmı?
- Amerika heç bir ölkəyə demokratiya tətbiq etmək üçün daxil olmur. Yaxın keçmişdə Əfqanıstan və İraq buna nümunədir. Lakin Amerika bu ölkələrdə buraxmış olduğu səhvləri İranda da buraxmaq istəmir. Burada Güney Azərbaycan məsələsindən istifadə etmək ABŞ-ın xeyrinədir deyə ABŞ öz İran siyasətinə Güney Azərbaycan məsələsini qatmaq istəyindədir. Uzun zamandır aparılan təhqiqatlar nəticəsində ABŞ-a məlum olub ki, İran rejimi öz vətəndaşları olan Azərbaycan türklərinə qarşı son dərəcədə amansız olub. İran-İraq müharibəsindən fərqli olaraq bu gün aparılacaq müharibədə Azərbaycan türkləri fars rejiminin müdafiəsində olmayacaqlar. Ona görə də ABŞ bu potensialı qazanmaq niyyətindədir.
ABŞ-da bir konqresmenin Güney Azərbaycan problemindən danışması da təsadüfi deyil. Bu, ABŞ-ın İranla bağlı siyasətinin bir hissəsidir.
- Avopada güneylilərlə quzeylilər arasında həmrəylik varmı?
- Avropada iki növ güneylilər var: Birincilər özlərinin keçmişini, bu gününü də, hətta gələcəyini də fars şovinizmi ilə birlikdə görürlər. Onlar müstəqil Azərbaycan Respublikasının varlığını belə həzm edə bilmirlər. İkincilər isə milli mübarizəmizə dəstək verirlər və özləri də bu mübarizənin içərisindədirlər. İkincilər daha çoxluq təşkil edirlər və quzeylilərlə demək olar ki hər zaman bir yerdədirlər və həmrəydirlər. Bu da çox ümidverici haldır. Hesab edirəm ki, bu təbəqəyə mənsub olan soydaşlarımızın sırası getdikcə genişlənəcək.
Azərbaycanın güneyində gedən milli mubarizəyə uğurlar arzulayıram. Bu mübarizədən millətimizin üzüağ çıxacağına inanıram.

Əli
Bu xəbər oxucular tərəfindən 1458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed