Şrift:
Sərdar Cəlaloğlu: Rüstəm İbrahimbəyov real gücü və potensialına uyğun olmayan iddialar ortalığa qoyur
13.05.2013 [10:30] - Gündəm, Müsahibə
Azərbaycanın müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Trend-ə müsahibəsində ölkədəki seçkiöncəsi vəziyyətə dair sualları cavablandırıb.

- Sərdar bəy, siz müxalifətin bir araya gələ bilməməsinin səbəblərini nədə görürsünüz?

- Mən bunu, ümumiyyətlə, müxalifətin keyfiyyət problemi kimi görürəm. Hesab edirəm ki, faktiki olaraq müxalifətin problemlərinin özü demokratik dəyərlərə bir o qədər sadiq qalmaması və ya demokratik prosedurlara meyl etməməsi, demokratik prinsipləri rəhbər tutmaması ilə bağlıdır. Misal üçün, indi deyirlər ki, vahid namizədi necə müəyyən etmək olar? Namizədin müəyyən edilməsi üçün o qədər demokratik prosedurlar var. Amma heç kim yaxına gəlmir. Niyə? Çünki bu prosedurlara heç kimin inamı yoxdur. Razılaşma demokratiyanın əsas prinsiplərindən biridir. Biri var, çoxluluq prinsipi, biri də var, konsensus prinsipi. Nə çoxluluğa, nə də konsensusa gedirlər. Bəs onda vahid namizəd hansı yolla müəyyən edilməlidir? Heç bir demokratik prinsipi qəbul etmirlər. İki demokratik prinsip var, amma heç biri ilə razılaşmırlar. Məhz elə bu cür davranışlar müxalifətə bir araya gəlməyə imkan vermir.
"AXCP və "Müsavat"ın psixologiyası, siyasi davranışları ana müxalifət funksiyasını yerinə yetirməyə imkan vermir"

- Müxalifət düşərgəsində bir sıra siyasətçilər bəyan edirlər ki, müxalifətin bir araya gələ bilməməsində İctimai Palatanın rolu böyükdür.

- İctimai Palatanın özü o vaxtkı şərtlər daxilində müxalifət nəyisə yaratmalı, hansısa addım atmalı idisə, məhz o zəruri addımların qarşısını almaq üçün yaradılmış bir qurum kimi meydana çıxdı. Biz o vaxt xalq parlamentinin yaradılmasının tərəfdarı idik, bütün müxalifətin bir araya gəlməsini istəyirdik. Amma tez, tələm-tələsik AXCP ilə Müsavat əvvəlcə həmin ideyanı, amma İctimai Palata adı altında bir ideya kimi irəli sürdülər, sonra da getdikcə bunu özlərinin siyasi blokuna çevirdilər. Yəni o vaxtkı dönəmin məqsədlərinə xidmət edən bir konfiqurasiyanın meydana gəlməsinə imkan vermədilər. Bu baxımdan İctimai Palata çox böyük yanlış bir ideya kimi meydana çıxdı. Cəmiyyətin yeganə güc mərkəzi kimi təqdim edilsə də, İctimai Palata yaranandan sonra heç bir addım ata bilmədi, heç bir nailiyyət əldə edə bilmədi. İndi də əslinə baxsan, Milli Şuranı yaratmaqla İctimai Palata haqqında o vaxt dedikləri bütün fikirlərin əsassız olduğunu ortalığa qoyurlar. Çünki həmişə müxalifətin birliyindən söhbət gələndə deyirdilər ki, İctimai Palata olan yerdə hər hansı bir formada fəaliyyət yolverilməzdir. Bu gün isə əgər Milli Şura məsələsinə razılıq veriblərsə, deməli, İctimai Palatadan kənar bir konfiqurasiyanın yaranmasına razılıq veriblər. Onda sual olunur: dünən səhv deyirdin, yoxsa bu gün səhv addım atırsan?

- İctimai Palata vahid namizəd iddiası ilə çıxış etsə də, Müsavat funksionerləri İsa Qəmbərin, AXCP funksionerləri isə Əli Kərimlinin ən şanslı namizəd olduğunu bəyan edirlər. Sizcə, belə bəyanatlar vahid namizəd məsələsinin qeyri-mümkün olacağından xəbər vermirmi?

- Əgər onlar arasında səmimi müttəfiqlik varsa, biz mütləq belə bir fakta rast gələcəydik ki, Müsavat funksionerləri deyəcəkdi ki, Azərbaycan müxalifətinin ən şanslı namizədi Əli Kərimlidir, AXCP funksionerləri isə deyəcəkdi ki, ən şanslı namizəd İsa Qəmbərdir. Onda onlar özləri də şanslı görünərdilər. Amma 1988-ci ildə yurdçularla müsavatçılar arasında başlanmış o məşhur intriqa bu gün də davam edir və istəyirlər, adını Milli Şura qoysunlar. Nə qoyurlarsa qoysunlar, bu iki qüvvənin hər hansı bir vaxtda bir-birilərinə güzəştə gedəcəklərini gözləməyə dəyməz. Çünki bu, 20 ildən artıq Azərbaycanın siyasi həyatında dəfələrlə sınaqdan keçmiş bir məsələdir ki, bu iki qüvvə heç vaxt birləşə bilməyib. Sadəcə olaraq, indi el qınağına bir yerdə dururlar və xalqa mesaj verirlər ki, guya onlar bir yerdədirlər.

- Sərdar bəy, bəs ana müxalifət məsələsinə münasibətiniz necədir? Bu məsələ də mütəmadi olaraq gündəmə gəlir, xüsusən də AXCP və Müsavatla bağlı olur. Hətta bununla bağlı sorğular da keçirilir. Sizcə ana müxalifət varmı?

- O müxalifəti ana müxalifət hesab etmək olar ki, o bütün müxalifəti öz ətrafında birləşdirə bilsin, lazım gələndə bütün müxalifəti himayə etsin, bütün müxalifətin maraqlarını daha qabarıq şəkildə ifadə etsin. Əgər kimsə yalnız öz qrup marağını, öz fərdi marağını ifadə edirsə, müxalifətin bir araya gəlməsində heç vaxt maraqlı olmursa, yaxud da müxalifət cəbhəsini ümumi şəkildə müdafiə etmirsə, biz ona niyə ana müxalifət deməliyik? Ümumiyyətlə, müxalifətin əleyhinə hər cür sözlər deyilir. Bir nəfər də olsun müsavatçı və ya AXCP-çi ağzını açıb dillənmir. Elə ki, Əli Kərimlinin əleyhinə, İsa Qəmbərin əleyhinə danışdın, dərhal başlayırlar. Ana müxalifət odur ki, ümumiyyətlə, müxalifət cəbhəsi haqqında nəsə danışılanda, sinəsini versin qabağa, çünki özü anadırsa, qalanı da baladır. Hansı ana balasını müdafiə etmir ki? Bunların davranışı isə göstərir ki, ana müxalifət funksiyasını yerinə yetirmirlər. Sadəcə olaraq, onlara ad lazımdır, fəxri ad kimi, desinlər ki, ana müxalifət bunlardır. Mən AXCP-ni və Müsavatı ana müxalifət kimi görmürəm və təsəvvür də etmirəm. Çünki onların psixologiyası, siyasi davranışları ana müxalifət funksiyasını yerinə yetirməyə imkan vermir.

- Müxalifət düşərgəsində bir sıra birliklər yaransa da tərkib demək olar ki, eynidir. Sizcə buna ehtiyac varmı?

- Təbbi ki, bu formanın dəyişməsi məzmuna təsir etməyəcək. Əslində forma olduğu kimi qalsaydı, məzmun dəyişsəydi, tamamilə yeni bir güc meydana çıxardı. Yoxsa istəyirsiniz, adını milli şura qoyun, ictimai palata qoyun, xalq parlamenti qoyun, gedin tarixdən daha bir təmtəraqlı ad tapın qoyun, amma adamlar eynidirsə, münasibətlər eynidirsə, nəticələr də eyni olacaq.
"Milli Şura ideyası hansısa bir dividendlərlə bağlıdır"

- Yeri gəlmişkən, göründüyü kimi, Milli Şuranın da yaradılması prosesi ləngiyir. Sizcə bunu nə ilə əlaqələndirmək olar?

- Bəli, mən də görmüşdüm. Rüstəm İbrahimbəyov Milli Şuranın yaradılması prosesindən narazılığını ifadə etmişdi. Amma belə götürəndə, Eldəniz Quliyevin və digərlərinin hansı potensialı var ki, bu işi yerinə yetirsin? Axı biz bilirik ki, Eldəniz Quliyev nə siyasi, nə də ictimai xadimdir. Ən yaxşı halda bir yaradıcı adamdır və siyasi qüvvələr arasında heç bir təsiri, nüfuzu yoxdur. O adam belə işləri görə bilər ki, onun özünün nüfuzu olsun, sözünün çəkisi olsun. Yoxsa elə-belə mənə, sənə tapşırsınlar ki, get, siyasi partiya liderlərini yığ bir araya, nəsə yarat. Elə bunun özünü düşünmək o deməkdir ki, siz o ideyanın nə olduğunu bilmirsiniz. Yəni belə çıxır ki, Rüstəm İbrahimbəyov Azərbaycanda siyasi qüvvələri bir araya gətirməyin mahiyyətini özü üçün hələ aydınlaşdırmayıb ki, bu işi tapşırıb Eldəniz Quliyevə. Ümumilikdə işin mahiyyəti düzgün deyil. Mənə elə gəlir ki, Rüstəm İbrahimbəyovun arxayın şəkildə səsləndirdiyi fikirləri təhlil edərkən, onun real gücü və potensialına uyğun olmayan iddialar ortalığa qoyduğu görünür. Misal üçün, hakimiyyət getməlidir, ya da zorla dəyişdiriləcək. Rüstəm İbrahimbəyovun indiki gücü və potensialını nəzərə alsaq, bu fikirlər yalnız gülüncdür. Milli Şuranın yaradılmasının ləngiməsinin əsas səbəblərindən biri də prosesdə iştirak edən adamların çox dividend götürmək məqsədi güdməsidir. Bilirsiniz, adamlar bir-birinə kələk gəlmək istəyəndə çox çətin olur, iş irəli getmir. Misal üçün, sən bilirsən ki, mən sənə kələk gəlmək istəyirəm, mən də bilirəm ki, sən mənə kələk gəlmək istəyirsən. Bir tərəf bilməyəndə onda iş sürətlə gedə bilər. Amma burada hamı başa düşür ki, bu Milli Şura ideyası hansısa bir dividendlərlə bağlıdır, hamı da istəyir ki, özü daha çox dividend götürsün, o birisi də ona güzəştə getmir. Necə yarana bilər bu? Niyyət sağlam olmayanda ortalığa nəsə çıxmır. Əgər niyyət sağlam olsa, Milli Şuranı bir dəqiqənin içində yaratmaq olar. Əgər doğrudan da hamının məqsədi millətə, xalqa xidmət etməkdirsə, bir dəqiqə kifayətdir. Amma məqsəd o deyil axı, məqsəd odur ki, mən olum prezident, mənim partiyam olsun hakimiyyətdə, mən hamıdan çox yer alım, mən hamıdan çox qabağa gedim, məni hamıdan çox tərifləyin, mənə hamıdan çox əl çalın. Bu məqsəd olanda artıq hamı öz merkantilist məqsədlərini qoyur, onda da ideyanı reallaşdırmaq mümkün olmur.

- Bildiyimiz kimi, hazırda Rüstəm İbrahimbəyov Rusiyadadır. Sizcə, onun bu cür iddialar səsləndirməsinə bu ölkədəki dairələrdən dəstək alması imkan yaratmırmı?

- Doğrudanmı Rusiya Azərbaycanın müstəqilliyində, inkişafında maraqlıdır, iştirak etmək istəyir? Öz xalqına demokratiya verməyən, öz xalqını xoşbəxt etməyən, öz ölkəsində korrupsiyaya qarşı mübarizə aparmayan bir siyasi gücün başqa bir xalqı xöşbəxt etməsinə necə inanmaq olar? İndi sual olunur, nəyin müqabilində Rusiya Rüstəm İbrahimbəyovu dəstəkləməlidir? Və yaxud da əksinə, Rüstəm İbrahimbəyov Rusiyadan nəyin müqabilində dəstək alıb? Bunlar hamısı çox ciddi suallardır. Mən konkret deyə bilmərəm ki, Rusiya Rüstəm İbrahimbəyova dəstək verib. Amma "od olmasa, tüstü çıxmaz". Mətbuatda gedən fikirlərdən görünür ki, cəmiyyətdə müəyyən qədər həm Milli Şura ilə bağlı, həm də Rüstəm İbrahimbəyovun Rusiya ilə əlaqələri ilə bağlı çox ciddi narahatlıqlar var.

- Ümumilikdə Azərbaycanın milli maraqlarına zidd olan xarici qüvvələrdən dəstək alan insanlara nə tövsiyə edərdiniz?

- İnsanın özünün kifayət qədər gücü olmayanda xarici qüvvələrin dəstəyinə xidmət edir. Mən tövsiyə edərdim ki, iddialarınızı gücünüzə uyğunlaşdırın, çünki sizin iddialarınız Azərbaycan xalqının məhvinə aparır. Müxalifət də dövlətin və xalqın taleyini düşünməlidir. Çünki bizim üçün birinci vətən, dövlət, müstəqillik, ondan sonra hakimiyyət məsələsi gəlir. Bəzi müxalifət liderlərinin hakimiyyət ehtiraslarının milli və dövlət maraqlarından üstün tutması bizi çox acınacaqlı bir vəziyyətə gətirib çıxara bilər və uzun illər arzusunda olduğumuz müstəqilliyimiz təhlükə altına düşə bilər. Ona görə də mən məsuliyyət hissinin həddən artıq artırılmasını tövsiyə edirəm və bütün liderlərə deyirəm ki, onların özlərini necə göstərməsindən asılı olmayaraq, heç kimin Azərbaycanda müxalifəti təmsil etməkdə, prezident seçkilərində iştirak etməkdə və ya vahid namizəd olmaq baxımından üstünlüyü yoxdur. Adamlar bir-birindən bu və ya başqa keyfiyyətlərinə görə fərqlənir. Misal üçün, birinin partiyasının üzvlərinin sayı çoxdur, amma ağlı yoxdur. O birisinin ağlı var, sayı azdır. Birinin 100 illik tarixi var, birinin 10 illik. Onun bir qüsuru var, bunun bir qüsuru. Yəni bu baxımdan ümumi şəkildə Azərbaycan müxalifətindən, bütün siyasi qüvvələrdən irəli çıxa biləcək parlaq nə bir sima, nə də bir partiya var. Əgər bu gün müxalifət öz daxilində bir-birini etiraf etmirsə, kənardakılar onları necə etiraf edəcək? Bunu düşünüb müxalifətin vahid namizəd ideyasını dəstəkləmək lazım idi, ancaq çox təəssüf ki, gecdir, zaman əldən verilib.

- Sərdar bəy, zaman demişkən. Zamanın məhdud olması ilə bağlı bəyanatlar çox səsləndirilir. Məgər müxalifət bilmirdi ki, 2013-cü ildə prezident seçkiləri keçiriləcək? Vahid namizədi müəyyən etməyə iki, üç il bundan əvvəl başlamaq olmazdımı? O zaman deyirdilər ki, hələ vaxta var, bu barədə danışmaq tezdir, indi isə deyirlər ki, vaxt məhduddur. Sizcə, müxalifət vahid namizədi müəyyənləşdirməyin mümkün olmayacağını bilərək vaxtı bu qədər uzadıb indi də hər şeyi vaxtın üzərinə atmırmı?

- Təbii, mən bunu demişəm ki, artıq üfüqdə görünür ki, müxalifətin bir araya gəlməməsi çox ciddi məğlubiyyətə gətirib çıxaracaq. İndidən o məğlubiyyətin məsuliyyətindən qaçmaq üçün birlik mesajları verməyə başlayıblar. Bu birlik mesajlarını üç il bundan qabaq vermək lazım idi ki, zaman baxımından əhəmiyyəti olsun. İndi bundan sonra birləşsək, nə edəcəyik? Sadəcə məsuliyyətdən qaçmaq üçün zorən birlik mesajları verirlər. Halbuki xoşluqla birlik tərəfdarı kimi çıxış etməyin vaxtı əldən buraxılıb. Şəxsən mən də belə hesab edirəm ki, bundan sonra birlik yaransa da, onun heç bir əhəmiyyəti olmayacaq. İki-üç ay vaxt qalıb, heç biz istəsək də, o birlik bu müddətə qələbəyə gətirib çıxaracaq işləri görüb qurtara bilməz.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed