Şrift:
Moskvada Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupun 45-ci iclası olub
11.06.2016 [10:23] - Gündəm, Siyasət
İyunun 8-10-da Moskvada Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi işçi qrupun (XİQ) Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində 45-ci iclası keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edib.

Nümayəndə heyətlərinin başçıları Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstanda nəzərdə tutulan müşavirəsi nöqteyi-nəzərindən Moskva iclasının xüsusi əhəmiyyətini vurğulayıblar, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya üzərində işin tezliklə başa çatmasının zəruri olduğunu qeyd ediblər.

İlkin razılaşmaya müvafiq olaraq, XİQ-də aparılan diskussiya Xəzər akvatoriyasında gəmiçilik rejimi və sahilyanı dövlətin yurisdiksiyası, yerin təkindən istifadə məqsədi ilə dənizin dibinin bölünməsi məsələləri üzərində cəmləşdirilib. Razılaşdırılan fikirlər Konvensiya layihəsində əksini tapıb.

Nümayəndə heyətləri danışıqların yekunlarını müsbət qiymətləndirib, görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Rusiya Federasiyasına təşəkkür ediblər.

Xüsusi işçi qrupun növbəti iclası Qazaxıstanda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed