Şrift:
Ədəbiyyatı zaman yox, dövr yox, şəxsiyyət yaradır
11.10.2011 [18:40] - Mədəniyyət
Bugünkü naşirlərin əksəriyyəti yazıdan, ədəbiyyatdan uzaq adamlardır

Ermənini məhv edən Türk yox, öz içindəki qəzəb, nifrət olacaq

Müsahibimiz “Oğuz eli” qəzetinin baş redaktoru, dəyərli ədəbiyyat adamı, türkçü-millətçi kimliyilə tanınan Azər bəy Abdulladır. Gündəmdə işi ilə olmağı sevir və çətinliklə nəşr etdirdiyi mətbu orqanında klassiklərlə bərabər, gənclərə, gənc yazarlara çox yer ayırır. Azər bəyin gördüyü bu işlər təqdirəlayiq olmaqla yanaşı həm də Azərbycana ədəbiyyatına böyük xidmətdir. Bu sakit, özü demiş ləng adamı öz dilindən tanıyaq:

-Azər bəy, siz özünüzü hər yerdə göstərən ədəbiyyat adamlarından deyilsiniz. Məhz bu səbəbdən oxucularımıza Azər Abdulla kimliyindən bəhs edərsinizmi?
-Hansı tərəfdən? Yaradıcılığım, inancım, ünsiyyətcil yoxsa qapalılığımla, sağlamlığım, yaşın sona çatması, yoxsa sevgimlə...
-Bura qədər, dediklərinizin mümkünsə hərəsi barədə bir cümlə söyləsəydiniz...
-Yaradıcılıq barədə: Gəncliyimdə olduğu kimi yenə ləng yazıram, ancaq indi nədən, necə yazmağı daha aydın görürəm. Otuz-qırx yaşımda ədəbiyyatı indiki kimi dərk etmədiyimə acıyıram.
İnancım: bir neçə dini kitab oxumuşam. Ateistlikdən, aqnostliyə, aqnostlikdən də inama-Allahın varlığına inamım sürətlə artmaqdadır.
Ünsiyyətcil yoxsa qapalılığım: yaş çoxaldıqca adamın istər dost-tanış, istərsə də qohumları ilə ünsiyyəti azalır. Gəncliyimdə də elə ünsiyyətcil olmamışam. Doğma bildiyim, görüşüb-dərdləşdiyim adamların bir neçəsi dünyasını dəyişdiyindən, ətrafımda az adam qalıb.
Sağlamlığım: iyirmi ildən çoxdur ki, müalicə oluna bilmirəm. Ancaq hələlik tibb terminiylə desək, aritmik ürək döyüntüsü, qan təzyiqi, yel xəstəliyi və başqa ağrılarımla doğma-dost kimi hər gün ayağımla işə gedib-gəldiyimə sevinib, Allahıma şükr edirəm.
Yaşın sona yaxınlaşması: az-çox bu dünyanı tanıdıım. Tanımadığım, bilmədiyim nəsnələrin içində mənim üçün ən maraqlı, kədərli, sözsüz, həm də vahiməli olan təkcə ölümdür. Hərdən onun hənirtisini, mənə eyhamlar elədiyini duysam da Tofiq Abdin qədər qorxmuram.
Maddi durum: mənim məvacibim hər ay bankomatdan aldığım yüz altmış manatdır. Təqaüdüm. Baş redaktoru olduğum “Oğuz eli” qəzeti var. 1995-ci ilədək həftədə bir dəfə nəşr olunurdu. Maddi səbəblər üzündən çapı dayandı. Qəzetin bağlanmaması üçün klassik və çağdaş şair-yazıçılarımıza həsr olunmuş ayrıca buraxılışlar nəşr eləməyə başladıq. Yeri gəlmişkən, həmin buraxılışları oxucular rəğbət və sevgiylə qarşılayırlar. Allah qoysa, bunları gələcəkdə kitab şəklində də nəşr etmək fikrindəyik.
-Buraxılış hardan maliyyələşir?
-İldə üç-dörd sayının maliyyəsini Yazıçılar Birliyi ödəyir, bir neçə sayının maliyyəsini isə redaksiya dost-tanışdan əldə edir. 1995-ci ildən isə maaş almıram.
-60-cı illər ədəbiyyatının özəlliyi barəsində nə düşünürsünüz?
-“60-cı illər” zaman kəsiyini bir az da böyüdüb sualınızı cavablandırmaq istərdim. Yəni, o illərin yazarları öz yaradıcılıqlarını Sovet dövründə də davam etdiriblər. Bu illərdə yazıçılardan İsa Hüseynov, Sabir Əhmədov, Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin, İsi Məlikzadə, Mövlud Süleymanlı, Əli Həsənli, Məmməd Oruc, Sara Nəzirli və s. kimi şairlərdən, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Əli Kərim, Vaqif Səmədoğlu, Məmməd İsmayıl, Ramiz Rövşən, Vaqif Bayatlı kimi görkəmli sənətçilərimiz Azərbaycan ədəbiyyatına yaddaqalan, dəyərli əsərlər veriblər. Bu yazarların bəzi əsərləri dünya ədəbiyyatı şedevrləri ilə yanbayan, qürurla dayana biləcək gücündədir. İnsan taleyini, sonu görünməyən insan xarakterinin müəyyən məqamlarını açmaq baxımından, estetik, poetik dəyərlərə cavab verən yazılarımız, yazıqlar olsun, təbliğ edilib dünya ədəbiyyat müstəvisinə çıxarılmayıb.
Sovet rejimində, onun orta dövrü altmışıncı illərdə bir ideoloji basqı-sifarişlə yazmaq mühiti-havasının reallığı danılmazdır. Ancaq Mirzə Cəlilin, Hüseyn Cavidin o mühitdə, o “hava”nın işində yazdığı qeyri-adi sənət incilərini yada salanda sənətkarın, şəxsiyyətin monumental heykəli göz önündə canlanır. Yəni Sovet dövründə yaşayıb-yaratmış bütün yaradıcıları birucdan qamçılayan adamların nə o dövr, o mühitdən, nə də o zamanın sənətçilərindən xəbəri var.
Məyər iyirmi ilə yaxın yaşadığımız demokratik dövrdə yazılmış əsərlərin hamısını təmiz ədəbiyyat nümunəsi saymaq olarmı? İndiki “ideoloji” mühitdə yarınmaq-məddahlıq üfunətli yazılar da var, təmiz ədəbiyyat nümunələri də. Yəni ədəbiyyatı zaman yox, dövr yox, şəxsiyyət yaradır.
-Bugünkü ədəbiyyat necə? Sizcə mənəvi tələbatı qarşılayırmı?
-Bu gün çap olunmaq, kitab nəşr eləmək televiziya kanallarındakı şoulara bənzəyir. Deyilmiş fikri təkrar etmək məcburiyyətindəyəm. Bu gün deyəndə mən təkcə son zamanlar gənc yaşında, yaradıcılığa, yazıçılığa, birbaşa romanla başlayan iyirmi-otuz yaşlı həyat, insan barəsində bəsit bilgisi olan gəncləri nəzərdə tutmuram. Sovet dönəmində savadlı, ədəbiyyatı, nəsri, şeiri gözəl bilən peşəkar redaktorların baryerini adlaya bilməyən, jurnallarda çapa tamarzı qalan istedadsız, ancaq cibləri “qalın” “yazıçılar” qısa zamanda dörd-beş, altı cildini asanlıqla nəşr etdirdi. Həyatını ədəbiyyata həsr elədiyindən pulu olmayan namuslu yazıçılarsa ədəbiyyat aləmində qərib, küskün vəziyyətdə qaldı. Bugünkü naşirlərin əksəriyyəti yazıdan-ədəbiyyatdan uzaq adamlardır, bəzən çap elədiyi kitabın nəinki bədii, estetik, mənəvi dəyərini anlayır, nəinki cümlələrin məntiqini, ardıcıllğını, alt qatını duyur, heç cümlənin, sözün düzgün yazılışını da bilmir. Yazıçıdan materialın elektron variantını alıb çap edən naşirlərin eləsi var, həyatı boyu bir romanı oxuyub sona çatdırmayıb. Bu gün ədəbi aləmdə bir hay-küy, xaos olsa da istedadlı gənclər də var. Gözəl əsərlərin yaranacağına inanıram.
Bir məsələyə inanmaq istəyirəm, gec-tez səlahiyyətli, nüfuzlu adamların və yaxud milyonçu, milyardçılarımızın arasında ədəbiyyatı dərk edən, yazıçılıq sənətinin çətinliyini, ağır zəhmətini, mahiyyətini, dünyəvi və mənəvi dəyərini duyub dərk edən bir insan tapılacaq, ildə, iki ildə lap beş ildən bir keçirilən ədəbiyyat yarışında qalib gəlmiş yazıçıya əlli-altmış min avro civarında mükafat verəcək. Neyləyim, mən buna inanmaq istəyirəm.
-Türkçülüyə, millətçiliyə münasibətiniz?
-Türkçülüyə, millətçiliyə münasibətim özümə olan münasibətdir. Bu sorğunu elə burdaca bitirmək olardı. Ancaq bu məsələyə bir az da aydınlıq gətirmək istərdim. Anamın bir duasını xatırlayıram, deyərdi ki, “Allah bütün uşaqları saxlasın, mənim balamı da onların içində”. Məncə bu duanı bütün Analar edir. Bu məntiqlə bütün millətlərin varlığını, yüksəlişini Allah qorusun, Türk millətini də onların içində. Bütün Analar, bütün xalqlar gözəl olsa da yenə də hər kəs üçün öz anası, öz milləti daha əziz, daha gözəldir. Öz anasını, öz xalqını, millətini sevmək, başqa analara, millətlərə nifrət etmək deyil. Adamı öldürmək, məhv etmək, alçaltmaq insanlıq və Allah qatında qəbuledilməz olduğu kimi, güclü millətlərin bu gün, nisbətən gücsüz xalqların əxlaqına, gələnəyinə, mədəniyyətinə, dilinə və dininə, digər dəyərlərinə təcavüz etməsi, zorlaması bağışlanılmazdır.
İmperiyaların heç birini sevmədim. Ancaq təkcə Türk alimlərinin, araşdırıcılarının deyil, alman, polyak, rus və s. tarixçilərin, səyyahların, adi insanların yazdıqlarını oxuyanda dünya imperiyalarının içində ən ədalətli, qanunlara hörmətlə, insafla yanaşan Türk imperiyasının olduğunu biləndə Türkün böyüklüyünü, əzəmətli olduğunu bir daha dərk etdim.
Tarixboyu Qərb Azərbaycan torpaqlarını rus və başqa batı dövlətlərinin havadarlığıyla işğal etmiş, öz respublikalarını yaratmış ermənilərin içində hal-hazırda bir türk, bir müsəlman ailəsi olmadığı halda, Azərbaycanda otuz minəcən erməni əmin-amanlıq içərisində yaşamaqdadır. Türk buna dözür, Türk bu haqsızlığı uda bilir. Zəngəzurdan olan nəslimin tarixboyu üç dəfə qaçqın həyatı yaşamaq zorunda qalmasına, şəhidlər verməsinə baxmayaraq nə rus, nə erməni xalqının yer üzündən silinməsini istəməzdim. Ancaq erməni bacarsaydı ruhundakı qəzəbi, nifrətiylə bir millət kimi Türkü yer üzündən silərdi. Erməninin anti-insan xislətini, amansızlığını dərk edən tək-tək erməninin özü asdığını, özünə qıydığını da gördük. Ermənini məhv edən Türk yox, öz içindəki qəzəb, nifrət olacaq.
Son vaxtlar Allaha ibadət elədiyim zikr və dualarımın biri belədir:-“Allahım, Sən Türk xalqlarının, Türk dövlətlərinin birliyinin yaranmasına, çiçəklənməsinə, güclənməsinə yardımçı ol. Çünki Yer üzündə böyük insanlığı, Sənin ədalətini, haqqını, ancaq o qoruya bilər. Amin!”

Söhbətləşdi: Nigar İsfəndiyarqızı
Bu xəbər oxucular tərəfindən 1653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed