Şrift:
MİSKİN ABDAL POETİKASI XI YAZI (əvvəli onuncuda)
18.04.2019 [15:11] - Gündəm, DAVAMın yazıları
DİVANİLƏR

Aşağıdakı “Ya Əli” divanisində bir dini rəvayətdən bəhs olunur. Mələk Cəbrayıla Allah qanad verib dərgahına çağırır və Cəbrayıl uçub dərgaha qalxandan sonra sual verilir:
-Sən kimsən, mən kiməm?
Cəbrayıl:-Sən sənsən, mən də mən.
Cəbrayılın bu cavabından sonra qanadları yanır və dərgahdan aşağı düşür. İkinci dəfə yenə Cəbrayıla qanad verilib dərgaha çağrılır. Birinci dəfə verilən sual təkrar olunur:
-Sən kimsən, mən kiməm?
Cəbrayıl əvvəlki cavabında qalmaqla təkrar edir:
-Sən sənsən, mən də mən.
Yenə Cəbrayılın qanadları yanıb dərgahdan aşağı enir. Fikirləşir ki, Allahın qarşısında hansı günahı işlədir və cəzalandırılır. Həmin hadisə zamanı Həz. Əlinin ruhu da mələklərin yanında olur və mələk Cəbrayılın bu halını görüb ona deyir:- Sən Allahın dərgahına sonuncu olaraq üçüncü dəfə çağrılacaqsan. Həmin sual təkrar olunacaq və cavabın belə olsa: “Sən yaradansan, biz yaranmışlar” günahın bağışlanacaq. Allah səni bəndələrlə öz arasında vasitəçi qəbul edib sənin vasitənlə əmrlər, vəhylər göndərəcək.
Cəbrayıl üçüncü dəfə qanadlanıb Allahın dərgahına qalxan zaman Həz. Əlinin dediyinə əməl edərək: “Sən yaradan, biz yaranmışlar” deyəndən sonra insanlarla Allah arasında vasitəçi mələk təyin olunur.
Miskin Abdal: “Badi sər-sər, lohu qələm oldu, dünya olmamış” misrasında Allah hələ Yer kürəsini yaratmamış Həz. Əlinin ruhunu yaratdığına işarə edir.

YA ƏLİ

Bey bismillah əzbərimdir, hey Xudadan, ya Əli,
Ən ibtida gəldi səda ərş-əladan, ya Əli.
Badi sər-sər, lohu qələm oldu, dünya olmamış,
Bir Cəbrayıl qalxdı göyə tək dəryadan, ya Əli.

Səlli-aləm, mahi-aşkar, zülmətdən var pərdəsi,
Sey-Sirrdən səda gəldi, Cəbrayıl çəkdi bəhsi,
Həqiqəti düz bilmədi, tərsə döndü kəlməsi,
Alışıb yandı şahpəri, oldun fərman, ya Əli.

Yandı şahpər, endi suya, nələr gəldi yadına,
Xaki-kəlam verdi salam, yetişdi muradına,
Haqq-Təala özü dedi irəhmət ustadına,
Hər tərəfdən səda gəldi ’’Əhsən! Əhsən!”, ya Əli.

Hər kəlmədə tərif edir, Quranda ayət səni,
Cəmi aləm, övliyalar yazır əsli zat səni,
Həbib özü tərif edir külli vilayət səni,
Zahirdə təvəllüdsən, Sirri-Sübhan, ya Əli.

Göyçəlidir Miskin Abdal, yoxdur heç bir günahım,
Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım,
Puli-sirat, Haqq divandır, ol Xudadan köməyim,
Vəli sənsən, vəkil sənsən, Şiri-Yəzdən, ya Əli.

Aşağıdakı “Qoymaram” divanisində Miskin Abdal şeytanla mübarizəsini və ona aldanmadığını söyləyir.

QOYMARAM

Şeşpərlərə əgər nişan olsa yaxan, qoymaram,
Cəng olarsa bu meydanda, könül yıxan qoymaram.
Yaxşılıqda payım vardır, qismətimdir halallıq,
Bica yerə sitəmlərə qəlbi yaxan qoymaram.

Pak olmasan, ulu Tanrı verər ağır cəzanı,
Qır qazanda qaynadar O, düz yolundan azanı,
Sitəmlərə düçar edər mərdə quyu qazanı,
Mərdi-məzar deyiləni səmtə yaxın qoymaram.

Miskin Abdal göstərməyib heç zaman sərt üzünü,
Dərviş olub, əridərəm ürəklərin buzunu,
Yol gedərəm diyar-diyar neçə illər uzunu,
Düz ərkanı əyri gedə ya bəy, ya xan qoymaram.

Aşağıdakı “Məni” divanisində müəllif ilk eşqinin qəm, kədərini, Sənubərin vaxtsız əcəlini yad edir. Sonra əvvəlki şeirlərində olduğu kimi, “Çaldıran” döyüşünü semantik deyimlə təhlil edir: “Türk əcəmə, əcəm türkə zülm eyləsə günahdı, Hər ikisi bir kökdəndi, yaradan da Allahdı”. XIV əsrdə Osmanlı ərazisində yaşayanlar Səfəvi ərazisindəkilərə “Əcəm” deyirdilər, Səfəvilər isə hər iki ərazidəki insanlara “Türk” deyirdilər.

MƏNİ

Çərxi-fələk yarıtmadı dövlətdən, vardan məni,
Min bir dərdi-əzab verib, ayırdı yardan məni.
Səkrəqibin fitnə-feli çəkdi məni çarmıxa,
Yazıq Həzrət İsa kimi asdı divardan məni.

Türk əcəmə, əcəm türkə zülm eyləsə günahdı,
Hər ikisi bir kökdəndi, yaradan da Allahdı,
Öz elinə düşmən kəsin axır günü kütahdı,
Qadir mövlam, uzaq eylə bayquşdan, sardan məni.

’’Qırxlar piri” özü verib dərsimi ümman mənim,
Çətin girə ürəyimə ləini-şeytan mənim.
Seyyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim,
Qoruyanım, özün qoru xain dostlardan məni.

Aşağıdakı “Yol vermədim” divanisində müəllif öz obrazını nümunə göstərməklə başqalarını da haqq-ədalətə yoluna, mərdliyə, saflığa çağırır. Bədii təsvir vasitələri kimi şeirdə işlətdiyi məcazlar obrazın insan keyfiyyətlərini gücləndirir. “Dür mətaha meydan açdım, tək cana yol vermədim.” misrasında metonimiya “dür mətah-hikmət” mömin insanın həyat yoludur, məntiq isə Qurani-Kərimin hikmətlərini öyrənməkdir.

YOL VERMƏDİM

Xoşbəyanlıq virdim oldu, böhtana yol vermədim,
Şirin süxən əndəlibəm, hədyana yol vermədim.-təşbeh…
Nifrin edib, lənət dedim xainə, iblislərə.
Qəlbimi ayna saxladım, nadana yol vermədim.-təşbeh…

Bir bəşəri incitmədim, özümü şah saymadım,
Dostun sirrin söyləyib, dildən-dilə yaymadım,
Ömür qısa, dünya əzəl, çox yaşadım, doymadım,
Dür mətaha meydan açdım, tək cana yol vermədim.

Aşıq olub, dərs alanlar söz desin sözüm kimi.
Miskin Abdal, məğrur istə hamını özün kimi,
Arifi, mətləb qananı bilirəm gözüm kimi,
Sinəm üstən mərd yeridi, şeytana yol vermədim.-təşbeh…

Aşağıda “Narın üzə bilmirəm” müxəmməs şeir növü-janr olmaqla təcnisdir. Əslində “təcnis” özü də bir şeir növü kimi xüsusiyyətə malikdir, lakin şeirin texnikası, quruluşu analtik əsasla qoşma, gəraylı, müxəmməs və s. şəkildə mövcud olmasa, bəndlərin sonundakı qafiyələrlə bağlı söz mənası təqdimatı istinadır. Məlum olduğu kimi, təcnisdə cinas sözlər əsasdır və sözlər-qafiyələr formaca bir, mənaca fərqli olmalıdır.
Təcnis şeirdə bədii təsvir vasitələri və ifadələr nəzəri cəhətdən daha çox hikmətə, nəsihətə yönəlir.
Təcnisdə bəddi mövzu semantika baxımından ictimai məfkurəni səciyyələndirir, məcazlar da emosiyanı artırır.
Aşağıda “narın üzə bilmərəm” rədifi bəndlərdə fərqli mənalar bildirir. Bəndlərin misralarının sonunda olan cinas söz və söz birləşmələri əsas mövzunun süjetlərinin əlaqəliliyinə, uyğunluğuna xidmət edir: yəni “baş-başa”, “bada hey” kimi sözlər qrammatik mənadan çıxıb məcazi mənaya keçir.

NARIN ÜZƏ BİLMƏRƏM
(təcnis müxəmməs növündə)

Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,
Ha silkinsəm, dəryan dərin, narın üzə bilmərəm. 1
Qırxlar piri özü düzüb ayağıma atəşi,
Alışıram Səməndər tək, narın üzə bilmərəm. 2

Dərviş gərək bu meydanda qurban olsun baş-başa, 3
Mürşidimdən üzüm dönməz, dünya gəlsə baş-başa, 4
Ayıq olan uzaq olsun, yetsin gərək baş-başa, 5
Fələk nə vaxt sökər üzüm, narın üzə bilmərəm. 6
Miskin Abdal, eşq əhlisən, ömrü vermə badə hey, 7
Özün haqqsan, Haqq əlindən götür nuş et, badə hey. 8
Məhşər günü tab etməzsən, salxum-salxum bada hey, 9
Nə tutmusan özün dərviş, narın üzə bilmərəm. 10

1.üzmək
2.oddan qurtarmaq
3.əvəz-əvəzə
4.qarşı-qarşıya
5.axıra, sona
6.üzün qırtışı
7.hədər
8.içmək
9.təndir, kürə badı
10.dərdini anlaya bilmərəm

Aşağıdakı “Zay olmusan” divanisində bəzi şeirlərdə olduğu kimi, müəllif öz obrazını təqdim edir. Şeirdə ən çox bənzətmə təşbehinə müraciət olunur: “kamana tay olmusan”, “köpüklü çay olmusan” və s.
Şeirin semantikası “Sən dərvişsən Haqq yolunda, Haqqı istə, Haqqı sev, Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.” misraları ilə məntiqi baxımdan əsasən şükran bir ibadət edən möminin obrazını əks etdirir.
Bu divani əsasən xitabla müraciətə istinad edilməklə didaktika hesab olunur.

ZAY OLMUSAN

Yazıq könlüm, nə sızlarsan, bulbul tək gül eşqinə,
Haçan yardan yarımısan, sevilib bay olmusan?
Sən dərvişsən Haqq yolunda, Haqqı istə, Haqqı sev,
Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.

Yar olsan da incimə, gəl, ulu Tanrı bağışlar,
Dərgahında apaydındır bu cizgilər, naxışlar.
Qoy didəndən sel-sel olub axsın qara yağışlar,
Axır məhşər görərsən ki, köpüklü çay olmusan.

Çay olmağın paklığındır, durma, yuyun, paka çıx,
Doğru-düzə yol açıqdır, nə qar-boran, nə palçıq,
Miskin Abdal, dolansan da ayaqyalın, başacıq,
Zər qədrini zərgər bilər, zərgərə say olmusan.

ARDI VAR…

--
Niftali Goyceli
Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed