Şrift:
Azərbaycan Akademik Milli Dram Teatrı Özbəkistanda keçirilən beynəlxalq teatr festivalında iştirak edib
31.10.2011 [14:25] - Mədəniyyət
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Teatr.UZ” İkinci Beynəlxalq Teatr Festivalından qayıdıb. Festival Özbəkistanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunub. “Mədəniyyət və İncəsənət Forumu” Fondu (Fond Forum), “Özbəkteatr” Yaradıcılıq-İstehsalat Birliyi və Özbəkistanın Gənclər Teatrı tərəfindən təşkil olunan festivalda yerli kollektivlərlə yanaşı, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna, Tacikistan kimi ölkələrin müxtəlif teatr kollektivləri də iştirak edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, festivalın rəsmi açılış mərasimində “Rus səhnəsi” (Almaniya, Berlin) teatr kollektivinin ifasında yapon nasiri və dramaturqu Yukio Missimanın “Maskanın tövbəsi” tamaşası nümayiş olunub. Akademik Musiqili Dram Teatrı ilə Özbəkistan Milli Akademik Teatrının “Tənha ulduz” tamaşaları da göstərilib. Festival çərçivəsində həmçinin bir sıra ustad dərsləri, müzakirələr, seminarlar və “Mərkəzi Asiya Teatrlarının dünya teatr prosesində rolu və əhəmiyyəti: İyirmi illik müstəqil teatr prosesinin nəticələri” mövzusunda forum keçirilib.

Akademik Milli Dram Teatrı festivala fransız yazarı Jan Koktonun “İnsan səsi” pyesi əsasında hazırlanan tamaşa ilə qatılıb. Tamaşanın quruluşçu rejissoru İlham Elxanoğlu, quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi Məmmədov, rejissor assistenti Rəfiqə Musayevadır. Tamaşa Sahib Novruzovun tərcüməsi əsasında hazırlanıb. Janrı iki hissəli melodrama” kimi təyin olunmuş tamaşada rolları xalq artisti Bəsti Cəfərova və əməkdar artist Elşən Cəbrayılov ifa ediblər.

Tamaşadan öncə teatrın foyesində Azərbaycanın milli dekorativ-tətbiqi sənətini və ölkəmizin müasir həyatını əks etdirən rəngarəng sərgi təşkil olunub. Sərgidə Azərbaycanının görkəmli sənətçisi Müslüm Maqomayevin ifasında mahnılar səslənib. Səfər çərçivəsində Akademik Milli Dram Teatrının nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovun qəbulunda olub. Teatrın kollektivi həmçinin Daşkənddə yerləşən Nizami Gəncəvinin heykəli önünə əklil qoyub və Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Xatirə kimi Akademik Milli Dram Teatrına festivalın diplomu və simvolik hədiyyə təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 1458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed