Şrift:
Azərbaycanda hərbi xidmətlə bağlı qanuna dəyişiklik edildi
15.11.2011 [23:48] - Xəbərlər
Bəlli olduğu kimi, parlamentin bu gün keçirilən iclasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Millət vəkilləri ailənin tək övladı olan kişilərin, həmçinin tənha anaların övladlarının hərbi xidmətə çağırılmaması təklifini səsləndiriblər.

Millət vəkili Fazil Mustafa ailənin tək övladı olan oğlanların hərbi xidmətə çağırılmamasını təklif edib. Deputat Elmira Axundova isə Fazil Mustafanın təklifinə dəstək verərək qanuna əlavələrin də müzakirə olunması fikrini irəli sürüb. Onun fikrincə, tənha anaların övladlarının da hərbi xidmətdən azad olunması məqsədəuyğundur.

Deputat Qüdrət Həsənquliyev isə ailənin tək oğlanları və tək övladlarının hərbi xidmətdən azad olunmasını yolverilməz sayır. O, hazırda ailələrin böyük əksəriyyətinin tək oğlan və yaxud tək övlad olaraq planlaşdırıldığını əsas gətirərək, bu zaman ordunun kompleksləşdirilməsində çətinliklərin ortaya çıxacağını söyləyib.

Öz növbəsində parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov qeyd edib ki, Milli Məclis, Müdafiə Nazirliyi və Prezident Administrasiyası hərbi qanunvericilik aktlarının monitorinqini aparır və bunun nəticəsi olaraq dəyişikliklər müzakirəyə çıxarılacaq. İndiki qanunvericilikdə isə ailənin tək övladı da həqiqi hərbi xidmətə çağırılır.

Müzakirələrdən sonra “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna texniki dəyişikliklər qəbul edilib.

ANS-in çəkiliş qrupu bu məsələ ilə bağlı şəhər sakinləri arasında kiçik sorğu keçirib. Şəhər sakinlərinin fikirləri müxtəlif olub. Məsələn, Aydın Əhmədzadə tək övladların həqiqi hərbi xidmətdən azad edilməsini müsbət sayır. Onun fikrincə, belə bir dəyişiklik edilsə, yaxşı olardı.

Rüfət Səmədov adlı gənc isə deyir ki, əgər orduya göndərilən gəncin valideynlərinin biri, daha doğrusu atası yoxdursa, onu orduya getməkdən azad etmək lazımdır: “Yox əgər orduya göndərilən gəncin valideynləri varsa, o mütləq hərbi xidmətə getməlidir”.

Hərbi ekspert Cəsur Sümərinli isə hesab edir ki, bu təkliflərin qəbul olunması Azərbaycanda həqiqi hərbi xidmətə çağırış prosesini daha da təkmilləşdirə bilər. Belə ki, bir çox qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da hərbi xidmət tədricən könüllü xarakter alar. Onun sözlərinə görə, bu dəyişikliklər normal haldır.

C.Sümərinli həmçinin qeyd edib ki, gələcəkdə Azərbaycanda könüllü hərbi xidmətə keçmək mümkün olacaq. Azərbaycanın hərbi büdcəsinin 3 milyard manata çatmasını buna imkan verdiyini deyən hərbi ekspert bununla belə ölkənin indi müharibə şəraitində olduğunu unutmamağa çağırıb.
Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed