Şrift:
Sosial müdafiəyə ehtiyacı olanların işə qəbulu həvəsləndiriləcək
16.11.2011 [16:53] - Sosial
Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxsləri işə götürən şirkətlərə güzəştlər təqdim oluna bilər.

Bu, prezident İlham Əliyevin təsdiqlədiyi «Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Planda dövlət qurumlarına sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin edən işəgötürənləri həvəsləndirmək məqsədi ilə təkliflərin hazırlanması tapşırılıb. Nazirlər Kabineti, İqtisadi İnkişaf, Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri bu təklifləri 2011-2013-cü illər ərzində hazırlamalıdır.

Qeyd edək ki, beynəlxalq təcrübədə sosial müdafiəyə ehtiyacı şəxslərin işə qəbulunun həvəsləndirilməsi üçün fərqli üsullardan istifadə olunur. Bura vergi güzəştlərindən tutmuş, maaşların bir hissəsinin dövlət tərəfindən ödənilməsi və işçilərə pulsuz təhsil verilməsinə qədər müxtəlif addımlar aiddir. Azərbaycanda hansı variantın tətbiq olunacağı adı çəkilən dövlət qurumları arasında aparılacaq müzakirələrdən sonra məlum olacaq.

Tədbirlər planında məşğulluğun artırılması üçün digər tədbirlər də nəzərdə tutulur. Belə ki, əhalinin məşğulluq imkanlarının yüksəldilməsi məqsədi ilə İKT-nin tətbiqinin genişləndirilməsi və bu sahədə savadlılığın artırılması üçün müvafiq tədbirlərin görülməsi gözlənilir.

Eləcə də işsizlərin peşə hazırlığına və əlavə təhsilə cəlb edilməsi, onlar üçün yeni məsləhət xidmətlərinin həyata keçirilməsi, əmək birjalarının fəaliyyətinin təkmilləşdirilməsi, əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Bundan başqa, 2011-2012-ci illər ərzində əlillərin müvafiq iş yerləri ilə təmin edilməsi məqsədi ilə boş iş yerləri (vakansiyalar) haqqında vahid informasiya bazasının təkmilləşdirilməsi planlaşdırılır.

Nəhayət dövlət işaxtaran və işsiz şəxslər arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə yardım edilməsi üçün müvafiq tədbirlər həyata keçirmək niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 1267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed