Şrift:
Ermənistan prezidenti Azərbaycanın hərbi gücünü artırmasından ciddi narahatlıq keçirdiyini növbəti dəfə bəyan edib
18.11.2011 [13:21] - Xəbərlər
Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın hərbi gücünü artırmasından ciddi narahatlıq keçirdiyini bəyan edib.

İrəvanda keçirilən “Cənubi Qafqazda təhlükəsizlik məsələləri” adlı beynəlxalq konfransda çıxışı zamanı Ermənistan prezidenti Azərbaycanın sürətli silahlanmasından narahatlığını dilə gətirib.

“Azərbaycanın apardığı silahlanma yarışı, Avropada Adi Silahlara dair Konvensiyanı dəfələrlə aşması, sadəcə Ermənistan üçün deyil, daha geniş şəkildə bölgənin təhlükəsizliyi üçün narahatlıq doğurur”, - deyə Sərkisyan vurğulayıb.

S. Sərkisyan bildirib ki, Cənubi Qafqazda baş verən geosiyasi hadisələr, regionda xarici güc mərkəzlərinin mənafelərinin toqquşması sonrakı prosesləri proqnozlaşdırmaqda çətinlik yaradır.

Sərkisyan bildirib ki, İrəvan mövcud münaqişələri beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həll etməyə çalışır.

“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Ermənistan üçün tək qəbul edilə bilən platformanın Minsk Qrupu formatının olduğunu təkrar etmək istəyirəm. Qənaətimizə görə, bölgədə daimi sülh və asayiş sadəcə Dağlıq Qarabağ xalqının fiziki təhlükəsizliyi və öz müqəddəratını təmin etməsi yolu ilə mümkün ola bilər”.

Cənubi Qafqazdakı geosiyasi vəziyyətin dəyişməsində enerji faktorunun əsas rol oynadığını deyən Sərkisyanın sözlərinə görə, enerji layihələri bölgədəki güc balansının pozulması üçün istifadə edilməməlidir. Ermənistan prezidenti çıxışında bölgədə reallaşan enerji layihələrini təhdid edib: “Bu siyasət sadəcə bölgə dövlətlərinin təhlükəsizliyini deyil, eyni zamanda enerji tranzit yollarının fasiləsiz fəaliyyətini də ciddi təhlükəyə sala bilər”.

Ermənistan prezidenti onu da əlavə edib ki, rəsmi İrəvan Türkiyə ilə əlaqələrin normallaşdırılması ilə bağlı mövqeyinə sadiq qalır.
Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed