Şrift:
Elxan Süleymanov: Avropa Parlamentinin Azərbaycandakı prezident seçkilərinə rəsmi müşahidə missiyası göndərməsi nəzərdə tutulmayıb - MÜSAHİBƏ
15.07.2013 [13:47] - Gündəm, Müsahibə
“Avropa Parlamenti kimi qurumun nüfuzuna, qərarlarına, onun həyata keçirdiyi missiyaların professionallıq səviyyəsinə kölgə salmaq cəhdləri təəssüf doğurur”


Azərbaycan Parlamentinin üzvü, AvroNest PA-nın vitse-prezidenti, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun 12 iyul 2013-cü il tarixdə Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarması barədə ölkə mətbuatına verdiyi açıqlama ciddi müzakirələrə səbəb oldu və birmənalı qarşılanmadı. Hətta bu açıqlamanı “yalan informasiya” və “hakimiyyətin spekulyasiyası” adlandıranlar belə oldu. Hazırda AP-nin Azərbaycana seçki müşahidə missiyası göndərib-göndərməyəcəyi ətrafında, müxtəlif fikirlər səsləndirilir. Odur ki, yenidən Milli Məclisin üzvü Elxan Süleymanova müraciət edərək məsələyə tam aydınlıq gətirməsini xahiş etdik.



– Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyası göndərilən ölkələr siyahısından çıxarması barədə məsələyə tam aydınlıq gətirməyinizi xahiş edirik.



– Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Kordinasiya Qrupunun (DDSK Qrupu) 4 iyul 2013-cü ildə iclası keçirilib. Həmin iclasda 2013-cü ilin ikinci yarısında keçiriləcək seçkilər müzakirə edilib və Prezidentlər Konfransının təqdim etdiyi seçki keçiriləcək ölkələr siyahısından 4 ölkəyə (Gürcüstan, Tacikstan, Nepal və Honduras) rəsmi seçki müşahidə missiyası göndərilməsinə dair qərar qəbul edilib. DDSK Qrupunun ıclası zamanı adı çəkilən ölkələrdə böyük problemlərin ola biləcəyi qeyd edilib və bu səbəbdən bu ölkələrdə keçiriləcək seçkilər haqqında Avropa Parlamentinin məruzə hazırlamasının vacibliyi vurğulanıb. İclasda qəbul edilmiş qərara əsasən Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərinə Avropa Parlamenti tərəfindən rəsmi seçki müşahidə missiyasının göndərilməsi nəzərdə tutulmayıb. Bu qərarın qəbul edilməsi bizim Seçki Komitəsinin katibliyindən aldığımız məlumatda da öz təsdiqini tapıb. Həmin məlumatı olduğu kimi diqqətə çatdırmaq istərdim. Beləliklə, Seçki Komitəsinin katibliyinin məlumatında deyilir: “Azərbaycana Seçki Müşahidə Missiyası siyahıdan çıxarılıb. Prezidentlər Konfransı və Demokratiyaya Dəstək və Seçki Kordinasiya Qrupu Gürcüstana (oktyabr 2013), Nepala (19 noyabr), Hondurasa (24 noyabr), Tacikistana (noyabr 2013) missiyalar göndərəcək. Hər il cəmi 12 SMM göndərilə bildiyindən, indiyə qədər yalnız 6 missiya göndərilib və seçkilər olacağı təqdirdə Madaqaskar, Misir, Liviya, Tunis, Banqladeş və Fələstinə maksimum daha 2 missiya göndərilməsi mümkündür”.



Qeyd etməliyəm ki, 7-10 iyul tarixlərdə Avropa Parlamentinin 5 nəfər üzvündən ibarət nümayəndə heyəti AvroNest PA-nın Azərbaycan nümayəndə heyətinin dəvəti ilə Azərbaycanda səfərdə oldular. Avropa Parlamentinin DDSK Qrupunun üzvü Filip Kaçmarek də həmin heyətin tərkibində Bakıya gəlmişdi. O, 4 iyulda DDSK Qrupunun iclasında iştirak etdiyini və həmin iclasın qəbul etdiyi qərara əsasən Azərbaycanın Avropa Parlamentinin SMM göndərəcəyi siyahıda olmadığını təsdiq etdi.



Qeyd edilənlər kontekstində məlumat vermək istəyirəm ki, Azərbaycan tərəfi may ayının 10-da seçkiləri müşahidə etmək barədə AP-nə müraciət edib. Lakin DDSK Qrupunun qəbul etdiyi qərara əsasən Azərbaycanda bu ilin oktyabr ayında keçiriləcək seçkilərə Avropa Parlamentinin müşahidə missiyasının göndərilməsi nəzərdə tutulmayıb.



– Mətbuatda yayılan digər bir məlumatda Avropa Parlamentinin Azərbaycana SMM göndərilib-göndərilməməsi ilə bağlı qərarın sentyabr ayında qəbul ediləcəyi bildirilir...



– Mətbuatda yayılan bu cür məlumatlardan xəbərim var. Maraqlıdır ki, bu xəbər Hollandiyada yaşayan və bu ölkədəki partiyalardan birinin üzvü olan İsa Yusibov adlı azərbaycanlıya istinadən yayılıb. Mən nə Azərbaycanın ictimai-siyasi həyatında, nə da Avropa siyasətçiləri, ictimai-siyasi xadimləri arasında belə ada rast gəlməmişəm. Odur ki, mən bu məlumata qeyri-ciddi yanaşıram. Diqqəti çəkən “ən maraqlı” məqam isə ondan ibarətdir ki, Hollandiyadakı “partiyalardan birinin üzvü olan” həmyerlimiz deyib: “... ona verilən məlumata görə, seçkidən öncəki həftədə Brüsseldə Avropa Birliyinin yuxarı eşelonunun da iştirakı ilə seçkilərlə bağlı müzakirələr aparılacaq. Azərbaycan müxalifətini orada təmsil etmək mənə təklif edildi”. Maraqlı və o qədər şübhə doğuran fikirdir, deyilmi? Hörmətli “partiyalardan birinin üzvü” ifadəsində bir tərəfdən məlumatı dolayı yolla əldə etdiyini bildirir, digər bir tərəfdən başqa bir ölkənin “partiyalardan birinin üzvü” ola-ola həmin müzakirələrdə Azərbaycan müxalifətini təmsil etməyin ona təklif olunduğunu bildirir.



Digər bir tərəfdən, Avropa Parlamenti mətbuat xidmətinin rəhbəri Marjory van den Broeke “Azadlıq” radiosuna parlament üzvlərinin hər hansı ölkə üzrə rəsmi qərar qəbul etmədiklərini, bu barədə qərarın parlamentin prezidenti və siyasi qrup rəhbərləri tərəfindən sentyabrda veriləcəyini və Azərbaycanda seçkini müşahidə etməmək təklifinin irəli sürülmədiyini bildirdiyi barədə məlumat yayılıb. Hər halda fikir səslənibsə, ona münasibət bildirməliyəm. Mən artıq müvafiq qərarın qəbul edilməsi barədə yuxarıda kifayət qədər məlumat verdim. Bundan əlavə, bildirmək istəyirəm ki, hər bir məsələni müzakirə edərkən məntiqi yaxınlaşma nümayiş etdirilməlidir. Biz DDSK Qrupunun qərarına əsasən müşahidə missiyası göndəriləcək ölkələrdə seçkilərin keçiriləcəyi tarixə nəzər salanda görürük ki, seçkilər Gürcüstanda 27 oktyabrda, Nepalda, Hondurasda və Tacikistanda isə noyabr ayında keçiriləcək. Beləliklə, aydın olur ki, bu ölkələrdə seçkilər Azərbaycandan sonra keçiriləcək. Onda məntiqi sual meydana gəlir: nə üçün seçkilərin oktyabrın sonunda və noyabr ayı ərzində keçiriləcək ölkələrə missiyaların göndərilməsi məsələsi iyul ayının əvvəlində həll edildiyi halda, oktyabrın birinci yarısında həmin ölkələrdən xeyli əvvəl seçkilər keçiriləcək Azərbaycana müşahidə missiyasının göndərilməsi barədə qərar sentyabrda veriləcək? Bu normal bir halda məntiqsizliyin nümayişidir. Bu gün Demokratiyaya Dəstək və Seçki Kordinasiya Qrupunun qərarında Azərbaycana rəsmi müşahidə missiyası göndərilməsi nəzərdə tutulmayıb. Bu qərara kölgə salanlar həmişə olduğu kimi Avropa Parlamentinə hücumlar edə bilərlər, heç şübhəsiz ki, edənlər də tapılacaq, o zaman Avropa Parlamenti Azərbaycana təzyiq etmək üçün bu fürsətdən məharətlə istifadə edə bilər. Amma həmin qüvvələr həm də nəzərə almalıdırlar ki, Avropa Parlamenti il ərzində cəmi 12 seçki müşahidə missiyası göndərir, artıq 6 missiya ilin birinci yarısında göndərilib, ilin ikinci yarısında 4 missiyanın göndərilməsi barədə qərar qəbul edilib, yerdə qalan 2 missiya isə Madaqaskar, Misir, Liviya, Tunis, Banqladeş və Fələstində seçkilər keçiriləcəyi təqdirdə onların maksimum ikisinə göndəriləcək.



- Mətbuatda Avropa Parlamentinin indiyə qədər Azərbaycanda heç bir seçkidə böyük müşahidə missiyası ilə fəaliyyət göstərmədiyi də bildirilir. Avropa Parlamentinin müşahidəçiləri əsasən ATƏT-in, Avropa Şurasının müşahidə missiyası ilə birgə Azərbaycanda seçkilərin monitorinqini aparıblar. Bu fikirlərə münasibətinizi bilmək istərdik.



- Avropa Parlamentinin seçkiləri müşahidə missiyaları bir qayda olaraq böyük tərkibə malik olmurlar, həmin missiyalar 4-7 nəfərdən ibarət olur. Azərbaycanda keçirilmiş 2005, 2008 və 2010-cu il seçkilərinə göndərilmiş üç missiya da həmin çərçivədən kənara çıxmayıb və bu missiyaların hər biri 7 nəfərdən ibarət olub. Həmin missiyalar azsaylı olmağına baxmayaraq, ölkənin vacib regionlarında müşahidələr aparıblar. Misal üçün göstərmək olar ki, AP-nin 2005-ci il missiyası Bakıda, Gəncədə, Naxçıvan Muxtar Respublikasında və Salyanda müşahidələr aparıb. Əfsuslar olsun ki, mətbuatda bu məsələ ilə bağlı qeyri-professional fikirlər səsləndirilib. Belə ki, guya AP-nin indiyədək Azərbaycanla bağlı ayrıca müşahidə missiyasının olmadığı, Avropa Parlamentinin müşahidəçilərinin əsasən ATƏT-in, Avropa Şurasının müşahidə missiyası ilə birgə Azərbaycanda seçkilərin monitorinqini apardıqları, Avropa Birliyi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyasının verdiyi hesabatın əsas olduğu bildirilir. Nüfuzlu beynəlxalq qurumların birinin digərindən əsas olduğunu düşünmək absurddur. Bir daha vurğulayıram ki, 2005, 2008 və 2010-cu illərdə AP Azərbaycanda keçirilmiş seçkilərə missiyalar göndərib. AP-nin missiyaları sözsüz ki, beynəlxalq ictimaiyyət tərəfindən aparılan seçki müşahidə missiyasının tərkib hissəsi olub, həmin missiyalar AŞPA, ATƏT PA və ATƏT/DTİHB seçki missiyaları ilə sıx əməkdaşlıq edib, öz fəaliyyətlərini lüzumsuz təkrarlanmalardan sığortalamaq, fikir müxtəlifliyini və obyektivliyi təmin etmək məqsədilə koordinasiya ediblər. Lakin hər bir missiya, o cümlədən Avropa Parlamentinin missiyaları da öz müstəqil hesabatlarını hazırlayırlar. AŞPA, ATƏT PA və Avropa Parlamenti öz qurumlarının plenar iclaslarında seçkilərin son nəticələrini müzakirə edib ictimaiyyətə elan edirlər. Yeri gəlmişkən, AP-nin Azərbaycanda 2005, 2008 və 2010-cu illərdə seçki müşahidə missiyalarının iri həcmli hesabatları hazırlanıb, həmin hesabatlar bu qurumun İnternet səhifələrində var, maraqlananlar həmin saytlara girib onlarla tanış ola bilərlər.



Qeyd edilənlər kontekstində bildirmək istərdim ki, Avropa Parlamenti kimi qurumun nüfuzuna, onun həyata keçirdiyi missiyaların professionallıq səviyyəsinə, həmin qurumun təsisatları tərəfindən qəbul edilmiş qərarlara kölgə salmaq cəhdləri təəssüf doğurur. Bu cəhdlər müxtəlif vasitələrlə yaxın gələcəkdə Azərbaycanda keçiriləcək seçkilərlə bağlı qərəzli mövqelərin mövcudluğunun anonsunu verir.
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed