Şrift:
BMT Baş Assambleyası İran əleyhinə qətnamə qəbul edib
19.11.2011 [09:52] - Xəbərlər
BMT Baş Assambleyası «Beynəlxalq müdafiələri olan şəxslərə terror hücumları» qətnaməsini qəbul edib. Qətnamənin təşəbbüskarı Səudiyyə Ərəbistanıdır. İranın əleyhinə olan bu sənədin lehinə 106 dövlət səs verib. 9 dövlət sənədin əleyhinə çıxıb, 40 dövlət isə bitərəf qalıb.

Qətnamədə «Səudiyyə Ərəbistanı Krallığının Amerika Birləşmiş Ştatlarındakı səfirinin qətli üçün təşkil edilmiş sui-qəsd» pislənilir. Sənəddə İrandan Beynəlxalq müdafiəsi olan şəxslərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması Konvensiyası daxil olmaqla, beynəlxalq hüquqa dair bütün öhdəliklərini yetirmək tələb olunur.

Qətnamədə «Səudiyyə Ərəbistanı Krallığının səfirinin qətli üçün təşkil edilmiş sui-qəsdin planlaşdırılmasında, maliyyələşdirilməsində, təşkilində və həyata keçirilmə cəhdində iştirak etmiş adamların məsuliyyətə cəlb olunmasına yardım göstərmək» barədə müddəa da var.

Bu il oktyabrın 11-də ABŞ Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cubeyraya qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bildirib. ABŞ ədliyyə naziri Erik Holder bəyan edib ki, sui-qəsdin icraçıları ABŞ-da yaşayan iranlılar Mənsur Ərbabsiyar və Qulam Şakiridir. Ərbabsiyar artıq həbs olunub, Şakiri isə axtarışdadır.

Ərbabsiyar «İslam inqilabının keşikçiləri» korpusu, Şakirinin isə bu korpusa daxil olan «Əl-Qüds» xüsusi xidmətinə işlədiyi bildirilir.

İranın BMT yanındakı daimi nümayəndəsi Məhəmməd Xəzayi Səudiyyə Ərəbistanının təşəbbüsünü «BMT-yə etibarı sarsıda biləcək qəbuledilməz addım» adlandırıb.
Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed