Şrift:
AFFA bəyanata cavab verdi
29.07.2013 [15:15] - İdman
"Mətbuatın informasiya alması üçün heç bir məhdudiyyət qoymamışıq”


“Biz AFFA olaraq bu günədək jurnalistlərin normal fəaliyyəti üçün şərait yaratmışıq və bu missiyamızı davam etdirəcəyik. Mətbuat nümayəndələrinə informasiya almaq üçün heç bir məhdudiyyət qoymamışıq”. Bu fikirləri "apasport.az" saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

Azərbaycan idman jurnalistləri çempionat, ölkə kuboku, daxili və beynəlxalq yarışlarda mühafizə xidmətinin təşkili məsələsində ciddi qüsurların olduğu ilə bağlı birgə bəyanat yayıb. Bəyanatda AFFA və klublara xəbərdarlıq, bu cür halların təkrar olunmamağı tələb edilib. Nərimanoğlu isə bu məsələdə AFFA-nın adının çəkilməsini təəccüblə qarşılayıb.

“Klublar müstəqil qurumlardır. Mən də jurnalistəm və həmkarlarımın məlumat toplamağı üçün heç vaxt problem yaratmamışam. İstərdim ki, idman jurnalistləri informasiya əldə edib, öz işlərini yerinə yetirə bilsinlər” - deyə, Nərimanoğlu bildirib.


AFFA-nın ali orqanının Konfrans olduğunu deyən assosiasiya sözçüsü bildirib ki, mətbuat nümayəndələrinin həmin tədbirə qatılıb, əvvəldən sonadək gedişini izləməyə şərait yaradıblar: “Konfransdan sonra mətbuat konfransları, brifinqlər təşkil olunub və jurnalistlər ən yüksək məmurlara suallarını verib, cavablarını ala biliblər. Bundan əlavə, FİFA və UEFA Əsasnamələrinə uyğun olaraq oyundan öncə açıq məşqlər, mətbuat konfransları, “mix-zona”lar təşkil etmişik”.

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev isə növbəti mövsümün startı ilə əlaqədar qarşıdakı günlərdə iclas keçiriləcəyini bildirib. Onun sözlərinə görə, hər il çempionatın startı ərəfəsində belə toplantılarda mühafizə xidmətinin əməkdaşları jurnalistlərə rəftarla bağlı təlimatlandırılır: “Jurnalistlər məndən inciməsin, ancaq onların özləri ilə bağlı müəyyən problemlər olub. Məsələn, akkreditasiyası olmadığı halda zorla içəri keçmək istəyiblər. Mühafizə xidmətinin əməkdaşı da insandır, robot deyil ki... Jurnalistə sənədi olmadığı üçün içəri keçməyə icazə verilmədiyi halda, “baxarsan, keçəcəyəm” cavabını verib. Yəni mətbuat nümayəndəsi belə davrananda, təhlükəsizlik əməkdaşını da qınamaq olmur. Axı o da üzərinə düşən işi yerinə yetirməlidi. Danışıq sərt tonda olanda sonda belə olaylar yaşanır. Yəni hər 2 tərəf bir-biri ilə nəzakətli davranıb, bir-birinə qarşılıqlı hörmət olmalıdır”.

Şahgəldiyev stadionlarda şəraitin də vəziyyətə təsir etdiyini bildirib: “Məsələn, Tofiq Bəhramov adına Respublika stadionunda bu baxımdan vəziyyət yaxşıdır. Orada yaxşı şərait var, mətbuat konfranslarına giriş ayrıdır. Ancaq elə stadionlarımız var ki, orda mətbuat konfransı ilə futbolçuların paltardəyişmə otağına gedən yol eynidir. Gərək oyunçular ora getsinlər ki, bundan sonra jurnalistləri içəri buraxasan”.
Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed