Şrift:
Volkan Bozkır: "Sürix protokolları ratifikasiya edilməyəcək"
21.11.2011 [12:37] - Xəbərlər
Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları ratifikasiya edilməyəcək. Bunu Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komitəsinin sədri Volkan Bozkır jurnalistlərə deyib.

"Türkiyə və Ermənistan arasındakı protokolların imzalanıb-imzalanmamasında məsul şəxslərdən biriyəm. Bu protokollar imzalanmayacaq", - V.Bozkır bildirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti noyabrın 21-dən Azərbaycanda görüşlər keçirəcək. Xarici işlər komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti bazar ertəsi səfər proqramına Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etməklə başlayıb.

Nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov, həmçinin parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşəcəklər. Görüşlərdə Azərbaycan və Türkiyə parlamentləri arasında münasibətlər, əlaqələrin inkişafı müzakirə olunacaq.

Ötən ilin oktyabrında Sürixdə Türkiyə və Ermənistan XİN rəhbərləri ölkələr arasında 1993-cü ildə dayandırılan ikitərəfli münasibətlərin normallaşdırılması haqqında protokol imzalayıblar. Protokolların qüvvəyə minməsi üçün hər iki ölkənin parlamenti onu ratifikasiya etməlidir.

Türkiyə hökuməti bəyan edib ki, Ankaranın Yerevanla münasibətləri Ermənistan Azərbaycanın işğal etdiyi əraziləri azad etdikdən sonra bərpa olunacaq.
Bu xəbər oxucular tərəfindən 1024 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed