Şrift:
Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın patriarxı Kirili “Şeyxülislam Ordeni” ilə təltif edib
22.11.2011 [10:08] - Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar keçirilən yubiley tədbirlərində iştirak edib.


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir çərçivəsində bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti ilə Patriarx Kiril arasında həm geniş tərkibli, həm də təkbətək görüş keçirilib. Görüşdə Rusiyada akkreditə olunmuş diplomatik korpusların rəhbərləri, həmçinin nazirlər və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Azərbaycan prezidenti İlham Əliyevin Bütün Rusiyanın patriarxı Kirilin 65 illik yubileyinə göndərdiyi təbrik teleqramını oxuyub. Teleqramda Azərbaycan prezidenti Patriarxa beynəlxalq konfessiyalararası sülh və razılığın, ənənəvi dostluq və qonşuluq münasibətlərinin möhkəmləndirilməsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Şeyxülislam Allahşükür Paşazadə Rusiya Pravoslav Kilsəsinin başçısını dinlərarası və millətlərarası dialoqun inkişafında, MDB və dünya məkanında mədəni əlaqələrin, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə “Şeyxülislam Ordeni” ilə təltif edib.

A. Paşazadə çıxışında Rusiya Pravoslav Kilsəsi başçısının fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib: “Qafqaz müsəlmanları Patriarxın regionun problemlərinə nə dərəcədə həssas yanaşdığını hər zaman hiss edir. Əlahəzrətin fəaliyyətini yüksək qiymətləndiririk və Qarabağ probleminin sülh yolu ilə həllində göstərdiyi sülhməramlı səylərə və vasitəçi fəaliyyətinə görə ona dərin təşəkkürümüzü bildiririk”.

Daha sonra iki dini lider arasında ikitərəfli görüş keçirilib. Görüşdə
çıxış edən Patriarx Kiril bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin yubiley mərasimində iştirakını xüsusi qeyd edərək onun hər zaman Rusiyaya böyük məhəbbət bəslədiyini söyləyib. Patriarx Kiril prezident İlham Əliyevə təbrik məktubuna görə təşəkkürünü bildirib. O, İlham Əliyevin hər zaman dini məsələləri prioritet saxladığını söyləyib: “Hər iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin belə yüksələn templə inkişafı məni sevindirir”.

A.Paşazadə Azərbaycanda Patriarx Kirilə böyük inam və hörmətlə yanaşıldığını söyləyərək onun Azərbaycana səfərini, “Təzə Pir” məscidinin açılışında iştirakını və müsəlmanlar qarşında çıxışının İslam dünyası üçün dəyərli olduğunu söyləyib. Şeyxülislam həmçinin iki dinin təbliğində Patriarx Kirilin böyük əməyinin olduğunu və bütün Qafqazda onun əlahəzrətlərinə böyük hörmətin olduğunu qeyd edib.

Daha sonra görüş bağlı qapılar arxasında davam etdirilib.
Bu xəbər oxucular tərəfindən 1120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed