Şrift:
Asiya İnkişaf Bankının prezidenti Azərbaycana gəlib
23.11.2011 [09:42] - İqtisadiyyat
Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kurodanın Azərbaycana rəsmi səfəri başlayıb. Bu barədə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdə qeyd olunub ki, H.Kurodanın Azərbaycana səfərinin əsas məqsədi noyabrın 23-25-də Bakıda keçiriləcək AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə X Nazirlər Konfransında iştirak etməsidir.

Eyni zamanda, H.Kurodanın ölkə rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub. AİB rəhbərinin Azərbaycana səfəri 2 gün davam edəcək.

Qeyd edək ki, sonuncu dəfə H.Kuroda Azərbaycana 2008-ci ildə gəlib. Həmin vaxt Bakıda CAREC üzrə VII Nazirlər Konfransı keçirilirib.

Xatırladaq ki, X Nazirlər Konfransına CAREC-a üzv olan ölkələrin iqtisadiyyat nazirləri qatılacaq. Tədbirdə Proqram çərçivəsində ötən 10 il ərzində görülmüş işlər təhlil olunacaq və gələcəkdə görülən işlərə dair müzakirələr aparılacaq. Eyni zamanda, konfrans çərçivəsində CAREC üzrə 2020-ci ilədək inkişaf strategiyasının təsdiq olunacağı gözlənilir.

CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan CAREC-ın üzvüdür.
Bu xəbər oxucular tərəfindən 1193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed