Şrift:
İlham Əliyev: - AXC-nin qərarı ilə İrəvan Ermənistana verildi.
09.04.2014 [11:05] - Xəbərlər, Qərbi Azərbaycan-İrəvan
"Bu gün biz Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edirik. Bu hadisə münasibətilə Naxçıvan Muxtar Respublikasının bütün sakinlərini və eyni zamanda, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm."


Bunu prezidenti İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

Prezident 90 il bundan öncə, Naxçıvana muxtariyyət statusunun verilməsini strateji qərar adlandırıb. "Bu, gözəl hadisə idi. Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər.

Bu, düzgün qərar deyildi. Çünki Zəngəzur tarixi Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. "

Dövlət başçısı bildirib ki, Naxçıvanın inkişafında mərhum prezident Heydər Əliyevin ciddi rolu olub: " Heydər Əliyev bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Onun rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı."


90-cı illərdəki proseslərdən danışan dövlət başçısı deyib ki, Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur: "Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də Heydər Əliyevin qətiyyəti, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır proseslərdən çıxmağımıza səbəb oldu. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi.

Heydər Əliyevin təklifi ilə "sovet sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir.

Hamımız yaxşı bilirik ki, XX əsrin əvvəllərində də Azərbaycan müstəqillik qazanmışdı. Ancaq biz o müstəqilliyi qoruya bilməmişdik. O müstəqilliyin ömrü müəyyən səbəblər üzündən uzun olmamışdır. Ancaq bu, reallıqdır və bundan da əlavə məhz o illərdə, müstəqillik illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərara əsasən, bizim torpağımız olan İrəvan Ermənistana verilmişdir. Necə ki, ondan bir neçə il sonra bolşevik sovet hakimiyyəti Zəngəzuru ermənilərə vermişdir. Necə ki, ötən əsrin sonlarında Qarabağ işğal altına düşmüşdür. Görün bizim xalqımız nə qədər böyük faciələr yaşamışdır."


İlham Əliyev vurğulayıb ki, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik, sürətli inkişaf dövrü yaşanır : "Naxçıvan da sürətlə inkişaf edir.

Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir.

Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm.

Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm".


Prezident qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni, bundan sonrakı illərdə də Naxçıvanın hərbi gücünün artırılması üçün əlavə tədbirlər görüləcəkdir".

Naxçıvanda enerji təhlükəsizliyi məsələlərinin öz həllini tapdığını deyən İlham Əliyev bildirib ki, bu da çox sevindirici haldır:

"Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır. Naxçıvan bu gün elektrik enerjisi ilə təchizat baxımından öz enerji təhlükəsizliyini tam şəkildə təmin edə bilibdir. Hətta ixrac imkanları yaranmışdır.

Biz o illəri yaxşı xatırlayırıq. 1990-cı illərin əvvəllərində mən də dəfələrlə Naxçıvana gəlirdim. Biz faktiki olaraq qaranlıq içində yaşayırdıq. Evlərdə işıq yox idi, nəinki küçələrdə. İşıq böyük fasilələrlə verilirdi. Ən böyük problem işıq idi. Qazdan, ümumiyyətlə, söhbət belə getmirdi. Ancaq bu gün Naxçıvan nəinki özünü enerji ilə tam şəkildə təmin edir, hətta ixrac edir. Ən önəmlisi ondan ibarətdir ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir.

Bu da deyə bilərəm ki, dünyada çox az hallarda müşahidə edilən bir mənzərədir"
Bu xəbər oxucular tərəfindən 1404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed