Şrift:
Türk dili və rus imperiya siyasəti
13.12.2011 [09:31] - Türk dünyası-Turan
Türkün dili tək sevgili, ehsaslı dil olmaz!
M.H.Şəhriyar



Dahi İsmayıl bəy Qaspıralının (1851-1914) zamanın sınağından çıxmış "Dildə, fikirdə və işdə birlik" çağırışının dərin və ölməz mənasını bu gün biz türklər daha yaxından anlamağa başlamışıq. Anlamağa başladıq ki, dilbir olmayan millət tarixdə yüksələ bilməz, əksinə, zaman-zaman birliyini itirib dağılar, başqa millətlərin şikarına, sonra da quluna, köləsinə çevrilər. Rusiya imperiyasının türkə qarşı yüzillərlə yeritdiyi barbar və qanlı siyasəti cikindən-bikinədək bilən İsmayıl bəy gözəl başa düşürdu ki, Rusiya türk torpaqlarını tikə-tikə, loxma-loxma udaraq hər tikəyə və o tikədə yaşayan türkə, onun dilinə ayrı-ayrı ad qoymuş, "ayır-buyur" siyasətini həm barbar[lıqla], həm də ustacasına yerinə yetirməklə imperiyaların ən murdar klassik nümunəsinə çevrilmişdir. İsmayıl bəy sanki millətinə səslənmişdir: ey türk, ayıl, tərpən, özünə gəl və bil ki, dildə birliyin olmasa fikirdə birliyin olmayacaq, fikirdə birliyin olmasa işdə birliyin olmayacaq və məhv olacaqsan!


Deməli, türkün taleyi kökdən onun dilinə və dil birliyinə bağlıdır. Bəli, budur bütün türklərin həyat talelərinin məhvəri! Bunu, bütün zamanlar olmasa da, türkün bir sıra hakim və alimləri görmüş və bilmiş, bunu türkün ən qəddar düşməni rus imperiyası da görmüş, türkün dil birliyini pozmaq üçün hər cür siyasi, ideoloji, inzibati fırıldaqlar, təxribatlar, qətllər törətmişdir. Elə bu sonuncunun nəticələrindən biri də Azərbaycan türklərini "azərbaycanlı", onların dilini də "Azərbaycan dili" adlandırmaq olub və XX yüzildə dilimizin və xalqımızın adı beş dəfə dəyişilib: 1) tatar dili - tatar; 2) türk dili - türk (1918-1938); 3) Azərbaycan dili - azərbaycanlı (1938-1992); 4) türk dili - türk (1992-1995); 5) Azərbaycan dili - azərbaycanlı (1995-ci ildən bugünədək).
Sözsüz ki, hər bir dil[in adı] onda danışan xalqın adı ilə bağlıdır. Türkün tarixi o qədər qədimdir ki, hələlik tarix elmi onun hansı tarixdən başlandığını tapa bilməyib. Belə bir müdrik elmi fikir vardır: coğrafiyada Yer kürəsinin qütblərinin haradan başlandığı bəlli olmadığı kimi, tarixdə də türkün tarixinin başlanğıcı və türkün ilk məskəni hələ bəlli deyil.
Burada balaca bir haşiyə çıxmağa məcburuq; belə ki, əsl tarixin haradan başladığı tam dəqiqləşməyibdir. Bu haqda çoxlu ayrı-ayrı fikirlər vardır. Biz onlardan bəzilərini göstərib sonra öz düşündüyümüzü qısaca qeyd edirik: XIX yüzildə Avropada xristiansevərlikdən belə bir ümumi fikir yaranmış və hakim kəsilmişdi ki, tarix İsa peyğəmbərin doğulduğu gündən başlayır, o vaxta qədərki dövr əsl tarix deyil, ona hazırlıq idi.
Sonralar belə bir fikir ortaya çıxdı ki, tarix mədəniyyətdən başlayır, daha doğrusu, çağdaş Avropa mədəniyyətinin özülü harada və nə vaxt yaranıbsa tarix də oradan və ovaxtdan başlayır. Alimlər, araşdırıcılar, avropamərkəzçilər məskən kimi Yunanıstanı və orada yaranmış antik elm və mədəniyyəti tarixin ilkini saymağa başladılar və bununla həmişə sübut etməyə çalışdılar ki, yalnız avropalılar mədəniyyət yaratdıqları üçün onlar mədənidirlər, dünyanın qalan hissəsini onlar mədəniləşdirə bilərlər, onları Avropa mədəniyyətinə qovuşdura bilərlər, bunun üçün də dünyanın qalan hissələrini nəinki işğal etməlidirlər, hətta bu, onların Allah və insanlıq qarşısında müqəddəs vəzifələridir. Məsələ çox aydın idi - tarix elmini işğalçılığın, qətl-qarətin, hegemonluğun alətinə, quluna çevirmək.
Daha sonra fransızlar Fransada Şel, Aşöl və Mustyö mağaralarını kəşf etdilər. Şelin tarixi 400 min ilə gedib dayandı və onu Şel mədəniyyəti, ondan sonrakıları tarix ardıcıllğına görə Aşöl mədəniyyəti və Mustyö mədəniyyəti adlandırdılar. Bununla bildirdilər ki, Fransa dünyanın ən qədim mədəniyyət ölkəsidir və tarix Fransadan başlayır. Əgər bu baxışla yanaşsaq yuxarıda sadalanan mədəniyyətlərin hər birini özünün müxtəlif təbəqələrində əks etdirən, onlardan daha qədim eksponatları olan Azərbaycandakı Azıx mağarası Azıx mədəniyyəti adlandırılmalıdır və buna dayanıb "tarix Azərbaycandan başlayır!" demək olar.
Məsələ burada deyil. Tanınmış alimlərdən Zenon Kasidovski Tövrat və İncilə dayanaraq onlardakı bir sıra mətnləri tarix elmində olan bir sıra məlumatlarla tutuşdurub tarixdə dinlərin qədimliyini və onların yönvericiliyini qabağa çəkdi. Hələ bundan qabaq Yaspers sübut etməyə çalışırdı ki, eradan qabaq VIII-V yüzillərdə - dinlərin mifə qalib gəldikləri dövrdən əsl tarixi dövr başladı.
İkiçayarası (Dəclə və Fərat) mədəniyyəti alimləri çoxdan özünə çəkirdi. Bu sahədə geniş araşdırmalar aparan və çoxlu gil lövhə yazılarını oxuyan S.Kramer araşdırmanın sonucunda belə bir fikrə gəldi ki, "tarix Şumerdən başlayır", yəni beş min il bundan qabaq.
Bu cür bir-birinə qarşı olan ayrı-ayrı fikirlərdən çox sadalamaq olar. Türk, ərəb, yunan, Çin alimlərinin, filosoflarının tarixə aid ayrı-ayrı fikirləri var. Ancaq biz məsələyə baxışı bu cür açıqlaya bilərik:
Əgər varlığın metatafizika və fizikadan ibarət olduğunu qəbul edirsək onda metatafizikanın tarixini bilmək biz insanların bacarığından qırağadır - biz ancaq fizikanı dərk etməyə qabil olduğumuzdan, tarix fizikanın yaranmasından başlayır.
Əgər Tanrının varlığını qəbul edirsək yenə də Tanrının tarixini anlaya, təsəvvürə belə gətirə bilmədiyimiz üçün yalnız onun yaratdıqlarının tarixini öyrənə bilərik, bu şərtlə ki, mələklər, müxtəlif ruhlar və başqa dərkolunmazlar öyrənmək obyektinə çevrilmir, yenə də yalnız fizikanın yarandığı gündən tarix başlayır.
Daha bir baxış da vardır: Yaranışın başlanğıcı QARANLIQ və İŞIQdır. Bu, bir neçə yerə ayrılır:

a) Qaranlıq və işıq birlikdədir, bir-birini tamamlayır.
b) Qaranlıq böyükdür, işıq kiçik, qaranlıq işığı yaradandır. İşığı ona görə yaratdı ki, qaranlıq özü dərk edilsin.
c) İşıq ilkin və əbədidir, yalnız o olmayan məkana qaranlıq gələ bilər. Bütün varlıq işıqdan törəmiş və törəyir. İşıq xeyrin, ədalətin, haqqın qaynağı, qaranlıq şərin, haqsızlığın törədicisidir.
ç) İşıq və qaranlıq vəhdətdə və mübarizədədir (əksliklərin vəhdəti və mübarizəsi qanunu).
d) İşıq həm metafizik, həm də fizik varlıqdır.

Varlığın əzəli efirdir=buxardır=buğdur.

Bütün bu saydıqlarımız dünya xalqlarının, ayrıca olaraq türklərin inancında dövr edən yaradıcı gücün dərkinə yönəlik əsas fikirlərdir. Türk tarixinin fəlsəfəsi ən çox bu məfkurələr dairəsində mərkəzləşmişdir. Ancaq bir nöqtəyə daha diqqətli yanaşmalıyıq: bütün dinlərdə ilahiyyatşünaslıq var, ancaq dünya hələ də Tanrını qavramaqda tək bir fikrə gələ bilməmişdir. Ancaq Yerin, Günəşin və Günəş sistemində olan planetlərin hərəkəti, onların xassələri, bizi əhatə edən makro və mikromühitlər haqda bəşər övladı eyni, tək bir fikrə gəlmişdir. Deməli, sözün əsl mənasında tarixin başlanğıcı iki anın birindən götürülməlidir: əgər metatafizika (ya da dində Tanrı) fizikanı yaratmışsa onda metatafizikanın (Tanrının) yaradıcılığa başladığı andan; yox, əgər fizika özü fəallaşaraq, bir təkanla metafizikadan qoparaq yaranmışsa onda fizikanın hərəkətə başlama anından tarix başlayır. Hər iki anda da tarix fizikanın yaranması (ya da yaradılması olsun) ilə başlayır. Bu nöqtədən başlayan tarixi öyrənməkdə tarix elmi nə etmiş, necə etmiş və nə etməlidir, onu gələcəkdə nələr gözləyir?
"Nə etmiş, necə etmiş"ə ümumiləşdirici bir qarşılıq versək belə olar: tarix bilgisi insanlığın gəlişməsində, yüksəlişində ikincisiz bir rol oynamışdır. Tarix yaddaşı olmadan insan oğlu nə edib nə edəcəyini, haradan gəlib haraya gedəcəyini bilməzdi. Bu tarix yaddaşını qoruyub saxlayan əsas qaynaq tarix bilgisidir. Dünyanın böyük alimləri tarix elmindən çox danışmışlar, onları oxumaqla bu sorğumuza cavab tapa bilərsiniz, belə ki, bir-iki səhifə yazıyla ona cavab vermək olmaz.
Ancaq bir məsələni də göstərməliyəm ki, tarix elmi inkişaf etməkdə olsa da inkişaf mərhələsinə çatmamışdır. Daha doğrusu, tarix bilgisi başqa bilgilərin başarılarından gərəyincə yararlana bilməmişdir, nə yazıq ki, bu gün də yararlana bilmir. Məsələn, fiziklər maddələrin, kimyaçılar elementlərin, bioloqlar bitkilərin özünü, tərkibini və mənşəyini öyrəndikləri şəkildə tarixçilər ellərin, ulusların, xalq və etnosların, mədəniyyətlərin, dinlərin-inancların, dillərin tarixini, mənşə, törəmə və çulğaşma prinsiplərini öyrənə bilməmişlər. İtin, pişiyin, almanın, armudun, şam ağacının və dəvənin hansı ölkələrdən keçərək hansı ölkələrə yayıldığı və onların ilkin yurdlarının hara olduğu açıqlandığı halda, xalqların, toplumların, mədəniyyət və inancların mənşəyi və yerdəyişməsi hələ ki, çox qaranlıq qalmışdır. Mənə elə gəlir ki, bu, bir neçə amillə bağlıdır:
(davamı var)


Əbülfəz Elçibəy
Bu xəbər oxucular tərəfindən 1767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed