Şrift:
Bu gündən 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqə başlayıb
04.08.2014 [12:32] - Gündəm, Sosial
Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqəyə başlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul və ya 9-cu siniflər üzrə buraxılış imtahanında toplanılan ballar əsasında aparılır. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır. Orta ixtisas təhsili müəssisələrinə qəbul olub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

İxtisas seçimi 4 avqust saat 10.00-dan 11 avqust saat 10.00-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib TQDK-nın internet saytında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Boş qalan ixtisasların siyahısı Abituriyent jurnalının xüsusi buraxılışında təqdim olunmuşdur. Xüsusi qabiliyyət tələb edən ixtisaslar siyahısında ulduz “*” işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisasları yalnız TQDK tərəfindən yaradılmış müvafiq Qeydiyyat Komissiyasında mayın 19-dan 29-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Müəyyən olunmuş müddətdə elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Bu xəbər oxucular tərəfindən 798 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed