Şrift:
Göyçə şairlərindən Saşa Əliyevin -Dünyamızdan nigaranam- şeirlər kitabından
04.11.2014 [09:51] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Saşa Əliyev (Küsgün) 1951-ci ildə Ulu Göyçənin Qanlı kəndində anadan olmuş və uşaq yaşlarında ata-anasını itirmişdir. Dayısı Əli müəllimin himayəsində böyüməklə səkkizillik məktəbi bitirəndən sonra Çaxırlı kənd orta məktəbini başa vurub, 1971-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1977-ci ildə kitabxanaçı-biblioqraf ixtisası almaqla döğma kəndinə qayıdıb, klub müdiri işləmişdir, sonra Şəfəq kənd orta məktəbində müəllim işləmişdir. Didərginlikdən sonra Bakı şəhərində Dövlət Statistika Komitəsində, Azərbaycan Qaçqınlar Cəmiyyətində müxtəlif vəzifələrdə və “Ulu Göyçə” qəzetində müxbir işləmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin əsaslı kitabxanasının direktorunun elmi-işlər üzrə müavinidir. Vaxtaşırı ictimai-siyasi, publisistik, bədii yazıları ilə mətbuatda çıxış edir.
“Dünyamızdan nigaranam” şeirlər kitabına “Ön söz” yazan Görkəmli şair-publisist Eldar İsmayıl Saşa Əliyev yaradıcılığına münasibətini sonda belə tamamlayır:
...Küskünün şeirlərinin dili oynaq, axıcı və xalq poeziyasından gəlmiş ifadələrlə zəngindir...
İstedadlı və elinə-obasına dərin məhəbbətlə vurğun el ziyalısı S. Əliyevin kitabından Vətən niskilli seçmələri oxuculara təqdim edirəm:

BAX

Göyçə, səndən köçən köçdü,
Torpaq altda qalana bax.
Neçə canlar candan keçdi,
İllər boyu talana bax!

Səbir kasam doldu, daşdı,
Bir də gördüm qaçhaqaçdı...
Övladların dağlar aşdı,
Çöldə, düzdə solana bax!

Köçkündümü, yoxsa qaçqın,
Alimlərin oldu çaşqın.
Yollarını kəsdi daşqın,
Cığırlara dolana bax!

Çoxlarını qəza tutdu,
Əjdaha tək diri uddu.
Söylə görüm, bu nə yurddu,
Eli çölə salana, bax!

Kimə qaldı torpaq-daşım,
Hara getdi dost-qardaşım.
Biləmmədim, azdı başım,
Dərdi-dərddən alana, bax!

Ulularım haqlı demiş:
“-Göyçə, səndə vəfa yoxmuş!”
Qatillərin yaman çoxmuş,
Dillər deyən yalana, bax!

Pənah gətdim doğma yurda,
Dedim, dərdim qalsın orda...
Tale səni salsın oda,
Dur tamaşa, nalana bax!..
28.12. 1989.

BƏSDİ

Ulu Göyçə, həsrət meyim
Məst edibdi, həsrət bəsdi...
Əkdiyim dərd, biçdiyim qəm,
Nə qazandım, nəfim bəsdi!

Seyr edincə həsrət bağı
Çatdı ömrün xəzəl çağı,
Hey əridi gözüm yağı,
Üzə çıxan kəfim bəsdi!

Nələr olub mən dözmüşəm,
Od-alovsuz bir közmüşəm...
Deyilməmiş min sözmüşəm,
Sinəm altda kifim bəsdi!..
28.05.1999

ALLAH

Dünyanın köksünə şeytanmı doldu,
Qurğusu, büsatı pozuldu, Allah!
İnsan bir-birinə qənim kəsildi,
Sağikən qəbirlər qazıldı, Allah!

Ədalət, məhəbbət göyə çəkildi,
Nə qədər günahsız qanlar töküldü!..
Qan üstə saraylar, mülklər tikildi,
Haramlar halala yozuldu, Allah!

Güman da qalmadı bu gun-sabaha,
Ölüm ucuz oldu, yaşamaq baha...
Köksümdə dincəlmək istəmir daha,
Ürək haqsızlıqdan üzüldü, Allah!
06.06.1995

DUMANLIDI

Duman, çökmə gözlərimə,
Gözüm yaman dumanlıdı.
Külək, əsmə üzlərimə,
Üzüm yaman dumanlıdı.

Arzularım quş qanadlı,
Xəyallarım yelkən atlı.
Könül sazım el sovqatlı,
Sözüm yaman dumanlıdı.

Dağlar, yenə vüqarlısız,
Çağlar, hələ qübarlısız?
Yollar, niyə tutarlısız?
İzim yaman dumanlıdı.

Yuxumdadı yenə Göyçə,
Az qalır ki, dinə Göyçə...
Dağ çəkibdi mənə Göyçə,
Gəzim, yaman dumanlıdı.

Fətullahın harda qaldı?
İdris yaman qəmli çaldı...
Aşıq Hacı lap qocaldı,
Gözüm yaman dumanlıdı!..
27.12.1989.

YAD OLDUM

Neçə illər laylasına yatdığım
Vətənimdən aralandım, yad oldum.
Gül ömrümün son beşiyi sandığım
Torpağımdan qaralandım, yad oldum.

Yaxın- deyib doğma bildim yadı mən...
Göyçə- dedim, yaşatdım bu adı mən.
Qəm-kədərlə “qaçqın” adlı odu mən
Uda-uda sıralandım, yad oldum.

Dirim burda, ölüm orda sərildi,
Qeyrətimdən şah damarım gərildi...
Yüz il keçsə, ötüb keçən hər ildi,
Yaz a Küskün, paralandım, yad oldum.
27.10.1990

MƏN NİYƏ BELƏ OLDUM

Taleyim gətirmədi,
Dövranım yetirmədi.
Bostanım bitirmədi,
Mən niyə belə oldum!

Yollarım keçilmədi,
Sularım içilmədi...
Dərdlərim ölçülmədi,
Mən niyə belə oldum!

Toylarım çalınmadı,
Nəmərim alınmadı.
Pir yada salınmadı,
Mən niyə belə oldum!

Ayrı düşdü dost-yadım,
“Qaçqın” çağrılıdı adım.
Bir işə yaramadım,
Mən niyə belə oldum!

Yazım düz yazılmadı,
Gümanım azalmadı,
İlqarım pozulmadı,
Mən niyə belə oldum!

Baş-gözüm dumanlandı,
Tək Göyçəm yamanlandı?
Ah çəkdim, amanlandı,
Mən niyə belə oldum!
09.07.1991

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 2806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed