Şrift:
Şəhər və rayonların mərkəzdən iqtisadi asılılığı tədricən azalır
23.01.2015 [14:43] - Gündəm, İqtisadiyyat
Regionlarda həyata keçirilən uğurlu tədbirlər nəticəsində şəhər və rayonların inkişafına nail olunub, onların vergi potensialı əhəmiyyətli dərəcədə artıb. Mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin ödədikləri vergilər tam məbləğdə rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilir. Bu, onların mərkəzdən iqtisadi asılılığının tədricən azalmasına imkan verir.

Bu barədə AzərTAc-a məlumat verən Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini Fikrət Şirinov qeyd edib ki, ötən il Bakı şəhəri istisna olmaqla, respublikanın şəhər və rayonları üzrə gəlirlər 572,4 milyon manat təşkil edib. Bu da 2000-ci illə müqayisədə 14 dəfə, 2013-cü illə müqayisədə 14,7 faiz çoxdur. Şəhər və rayonların sürətli inkişafı üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisi 2014-cü ildə 57,6 faiz olub.

F.Şirinov vurğulayıb ki, 2012-ci ildə Sumqayıt şəhəri və Abşeron rayonunun yerli gəlirləri xərclərini tamamilə ödəyirdisə, artıq 2014-cü ildə Mingəçevir, İmişli rayonları və Şirvan şəhəri də xərclərini öz gəlirləri hesabına təmin edib. Növbəti büdcə ilində bu siyahının daha da genişlənəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed