Şrift:
20 yanvar hadisəsini araşdıran rusiyalı ekspert: “Mixail Qorbaçov hərbi canidir”
20.01.2012 [19:54] - Xəbərlər
Gennadi Melkov: “Sənədləri araşdırandan sonra belə nəticəyə gəldik ki, Bakıya qoşun yeridilməsi və şəhərdə fövqəladə vəziyyət elan edilməsi əmrini Qorbaçov özü verib”

“Mixail Qorbaçov hərbi canidir. Onun yeri bu saat rəhbəri olduğu fond deyil, həbsxanadır. O, SSRİ-nin ilk və son prezidenti kimi öz xalqının qanına bais olmuş bir şəxsdir”. Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında 1990-1991-ci illərdə sovet ordusunun Bakıda və Vilnüsdə dinc əhaliyə qarşı törətdiyi qırğınları araşdıran “ŞİT” hüquq-müdafiə təşkilatının eksperti, Rusiyanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru Gennadi Melkov deyib.

G. Melkov bildirib ki, o vaxtkı Azərbaycan hakimiyyəti də bu hadisələrin baş verməsində günahkar olub: “Çünki onlar ordunu Bakıya dəvət eləmişdilər. Şəxsən Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova özü Mixail Qorbaçova müraciət etmişdi ki, Xalq Cəbhəsini məhv eləmək üçün ordu göndərsin. Hakimiyyət Azərbaycan xalqı üzərində nüfuzunu və idarəetmə qabiliyyətini itirdiyindən Moskvadan yardım istəmişdi. Azərbaycan SSR rəhbərliyinin Qorbaçova müraciətində bildirilirdi ki, xalq üzərində Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsinin nüfuzunun yüksəlməsinə qarşı təcili tədbirlər görülsün. Çünki Azərbaycan Xalq Cəbhəsinin nüfuzu xalqın üzərində çox böyük idi. Bu o demək idi ki, artıq SSRİ-nin dayaqları birinci Azərbaycanda laxlamışdı”.

G. Melkov 20 yanvar hadisələrini araşdırmaq üçün Elmira Qafarovanın onları Bakıya dəvət etdiyini söyləyib: “Urajtsevin rəhbərlik etdiyi “ŞİT” təşkilatı tərəfindən Bakıya göndərildik. Bakıda bizi yaxşı qarşıladılar. 20 yanvar hadisələri ilə bağlı bütün sənədləri təqdim etdilər. Bu bizə imkan verirdi ki, məsələni yaxşı araşdıraq. Bizə təqdim olunan sənədlərə, fotolara və videolentlərə baxdıq. Belə bir nəticəyə gəldik ki, Qorbaçov Azərbaycan xalqına qarşı beynəlxalq cinayət törədib. Sənədləri araşdırandan sonra belə bir nəticəyə gəldik ki, Bakıya qoşun yeridilməsi və şəhərdə fövqəladə vəziyyət elan edilməsi əmrini Qorbaçov özü verib. Araşdırmamız nəticəsində o da məlum oldu ki, Bakıya daxil olan orduya odlu silahdan atəş açılmayıb. Lakin əsgərlərə Bakıda onları topla, tüfənglə qarşılayacaqlarını bildirmişdilər. Onlar da özlərini buna görə hazırlamışdılar. Ona görə də ordu şəhərə daxil olan kimi hər yeri gülləbaran etməyə başlamışdı. Ermənilər provokasiya xarakterli məlumat yayırdılar ki, azərbaycanlılar şəhərdə rusları qırır. Əslində belə deyildi, heç kəs heç kəsi öldürməmişdi. Birinci ölüm hadisəsi Salyan kazarmasının şimal və cənub girişlərində baş vermişdi. Belə ki, iki hərbçi sovet ordusunun xüsusi təyinatlı dəstəsinin üzvləri tərəfindən öldürülmüşdü. Bundan sonra isə yolayrıcında duran nömrəsiz avtomobillərin bir pəncərəsindən şəhərə girən qoşunlara, o biri pəncərəsindən isə silahsız xalqa qarşı atəş açmışdılar. Bunlar xüsusi təyinatlı dəstənin üzvləri idi. Beləliklə, şəhərdə provokasiya törədilmişdi. Sovet qoşunu da heç bir müqavimət göstərməyən silahsız, əliyalın dinc xalqı gülləbarana tutmağa başlamışdı”.

G. Melkov qeyd edib ki, Yazov və Primakovu da bu məsələdə günahkar hesab etmək olar, ancaq əsas günahkar Qorbaçovdur: “Primakov və Yazov hadisə baş verməmişdən qabaq Bakıda olmuşdular və ölkədə fövqəladə vəziyyətin elan olmayacağını təsdiq etmişdilər. Lakin onlar xalqı aldatmışdılar. Primakov da, Yazov da çox gözəl bilirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunacaq. Televiziyanın mərkəzi blokunun partladılması da SSRİ Müdafiə Nazirliyinin və ali baş komandanlığın göstərişi əsasında gerçəkləşdirilmişdi”.

G. Melkov Bakıdakı hadisələrdən sonra Vilnüsdə baş verən hadisələri də araşdırdıqlarını söyləyib: “Lakin Vilnüsdə bizi həbs elədilər. Almaniyanın federal kansleri Helmut Kolun məsələyə qarışmasından sonra biz azadlığa buraxıldıq”.
Bu xəbər oxucular tərəfindən 4805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed