Şrift:
Altay Həsənov: Gimnastlarımızın birinci Avropa Oyunlarında 7 medal qazanması böyük uğurdur
06.07.2015 [15:08] - Gündəm, İdman, Müsahibə
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov birinci Avropa Oyunlarının yekunları və gimnastlarımızın çıxışları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Trend A.Həsənovla müsahibəni təqdim edir.

- Altay müəllim, əvvəla Sizi dövlətimizin başçısının Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Siz bu dövlət mükafatına birinci Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinizə görə layiq görülmüsünüz.

Doğrudan da Azərbaycan gimnastları birinci Avropa Oyunlarında uğurla çıxış etdilər. Siz müsahibələrinizin birində demişdiniz ki, hakimlər Azərbaycan gimnastlarına qarşı qərəzli mövqe nümayiş etdirirlər. Lakin buna baxmayaraq, gimnastlarımız ümumilikdə 7 medal qazana bildilər. Onların bu uğurunu necə dəyərləndirirsiniz?

- Təbrikə və suala görə çox sağ olun. Tarixdə ilk Avropa Oyunları həqiqətən çox möhtəşəm keçdi. Hakimlərin subyektivliyinə baxmayaraq, gimnastlarımız da ümumi qələbəyə öz töhfələrini verə bildilər.

Siz artıq qeyd etdiniz ki, gimnastlarımız yarışlarda 7 medal qazandılar. Amma Oyunlar elə də asan keçmirdi. Çünki bu, idmandır və burada hər cür nəticə olur. Kədərli anlar də yaşadıq, sevincli anlar da. Bilirsiniz ki, bədii gimnastikada çıxışların qiymətləndirilməsi subyektiv xarakter daşıyır. Hakimlərin hərəsi çıxışa bir cür yanaşır. Qiymətləndirmə heç də hər zaman obyektiv olmur. Xüsusən biz bu halla neçə ildir ki, rastlaşırıq.

Azərbaycan dövləti idmanın bütün növlərinin, o cümlədən gimnastikanın inkişafına xüsusi diqqət göstərir. Rəqiblərimizlə çox güclü rəqabət aparırıq. Ona görə də təbii ki, bizdən ehtiyat edirlər. Bəzən süni maneələr yaradırlar. Xüsusən də bu, hakimlərin şəxsi qərəzliyində, qeyri-obyektiv qiymətlərində hiss olunur. Biz bu halla elə ilk çıxışımızdan rastlaşdıq. Qrup komandamız bədii gimnastikada yaxşı çıxış etdiyi halda, aşağı qiymət aldı. Digər komandalara isə yüksək qiymət verirdilər ki, finala yolumuz kəsilsin. Onda federasiyamızın rəhbəri qərar qəbul etdi ki, biz ədalətsizlik faktlarını açıqlayaq. Buna son qoymaq lazımdır. Çünki neçə ildir biz bunu müşahidə edirdik. Bu dəfə yarışlara daha yüksək səviyyədə hazırlaşmışdıq. Ancaq hakimlər yenə öz işlərini gördülər və məcbur olub Federasiya adından etirazımı bildirdim.

Təbii ki, idmançılarımız müəyyən qədər ruhdan düşmüşdülər və ikinci çıxışda yaxşı nəticə göstərə bilmədilər. Ona görə də biz bunu nəzərə alaraq diqqəti fərdi yarışlara yönəltdik və gimnastımız Marina Durunda ilə ciddi hazırlığa başladıq. Onun hazırlığı da yaxşı keçdi. Ədalətsizlik Marinaya da psixoloji cəhətdən təsirini göstərmişdi. Amma biz psixoloji gərginliyi aradan qaldırmağa nail ola bildik. O, azarkeşlərimizin də fəal dəstəyi ilə uğurla çıxış etdi və gümüş mükafat qazandı.

Hər bir idman son nəticəyə əsaslanır. Xüsusən bədii gimnastikada yaxşı nəticə əldə etmək üçün illərlə vaxt lazım gəlir. Artıq biz bu səviyyəyə gəlib çatmışıq. Son bir ildir ki, Azərbaycanda idman gimnastikası sürətlə inkişaf edir. Həmçinin batut gimnastikasını, akrobatika və aerobikanı da yenidən dirçəltməyə başlamışıq və nəticələr özünü çox gözlətmədi. Biz ilk Avropa Oyunlarında idman gimnastikası üzrə 5, batutda 1 medal qazandıq. Mən deyərdim ki, bu, böyük uğurdur və gimnastlarımızın çıxışlarını müsbət qiymətləndiririk.

- Sözsüz ki, gimnastlarımızın son illərdə, xüsusən də birinci Avropa Oyunlarında qazandıqları uğurların əsasında Azərbaycan Gimnastika Federasiyasının prezidenti, birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı dayanır. Ən müasir standartlara cavab verən Milli Gimnastika Arenasında yaradılan şəraitə xarici atletlər də heyran qalırlar. Ölkəmizdə, xüsusən bölgələrdə gimnastikanın inkişafı istiqamətində daha hansı addımlar atılır?

- Həqiqətən də ölkəmizdə gimnastikanın inkişafı 2002-ci ilin payızında birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra başladı. Təbii ki, bu inkişaf birdən-birə baş vermədi. Nailiyyətlərimiz tədricən artmağa başladı. Təcrübə topladıq, idmançılar yetişdirdik. Əvvəlcə xaricdən məşqçilər dəvət etdik, sonra isə öz məşqçilərimiz yetişdi. Dövlətimizin başçısının qərarı ilə Milli Gimnastika Arenası inşa edilərək 2014-cü ildə istifadəyə verildi. Bu mükəmməl idman qurğusunun Avropada bənzəri yoxdur. Təbii ki, bu diqqət və qayğıya biz yüksək nəticələrlə cavab verməli idik. Məhz gərgin fəaliyyət, ardıcıl məşqlər sayəsində gimnastlarımız birinci Avropa Oyunlarında uğurla çıxış etdilər.

Azərbaycan dövlətinin qayğısı özünü bir də onda göstərir ki, bölgələrdə müasir idman kompleksləri tikilib. Biz artıq bir neçə bölgədə - Sumqayıt, Şabran, Kürdəmir, Gəncə, İsmayıllı, Qusar və digər rayon və şəhərlərdə idman dərnəkləri açmışıq. Hazırda idmanın bu sahəsinə böyük maraq və axın var. Biz də öz növbəmizdə gənc idmançılar üçün lazımi şərait, müvafiq infrastruktur yaradırıq. Prezident İlham Əliyev bölgələrdə idmanın, o cümlədən gimnastikanın inkişafı ilə bağlı lazımi şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Azərbaycan Gimnastika Federasiyası da bu işdə fəal iştirak edir. Federasiya bölgələrə həm məşqçilər göndərir, həm də regionda yetişən gənc idmançıların ölkə çempionatlarında iştirakına, beynəlxalq arenaya çıxmalarına şərait yaradır.

- Qarşıdan “Rio-2016” Olimpiya Oyunları gəlir. Bu mötəbər yarışdan gözləntiləriniz nədir, Olimpiadaya hazırlıq necə gedir?

- Birinci Avropa Oyunları başa çatdıqdan sonra təbii ki, idmançılarımıza bir az istirahət lazım idi. Amma gimnastlarımızın istirahəti qısamüddətli oldu. Çünki bizi payızda lisenziya xarakterli dünya çempionatları gözləyir. Həm bədii gimnastika, həm batut, həm də idman gimnastikası üzrə yarışlarda biz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya qazanmalıyıq. Ona görə də əsas işlərimiz hələ irəlidədir. Bilirik ki, çox çətin olacaq. Çünki Avropa Oyunlarından sonra rəqabət daha da artıb. Rəqiblərimiz gimnastlarımızın gücünü gördülər. Ona görə də qarşıdakı yarışlara daha ciddi hazırlaşacaqlar. Əvvəlcə lisenziyadan, daha sonra Olimpiya Oyunlarındakı məqsədlərimizdən danışa bilərik.

- Birinci Avropa Oyunları Azərbaycanın təbliğində mühüm rol oynadı. Sizcə, “Bakı-2015” ölkəmizdə idmanın, o cümlədən gimnastikanın gələcək inkişafına necə təsir göstərəcək?

- “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycanın təbliği üçün misilsiz vasitə oldu. Çünki mənim aləmimdə bundan daha yaxşı təbliğat imkanı ola bilməzdi. Ayrı-ayrılıqda çoxlu sayda müxtəlif tədbirlər - konfranslar, seminarlar, simpoziumlar, müxtəlif ölkələrdə təqdimatlar keçirməklə ölkəmizi təbliğ etmək olar. Yarışların keçirildiyi 17 gün ərzində müxtəlif ölkələrdən Azərbaycana çoxlu idmançılar və qonaqlar gəldilər. Onların buradan razı qayıtmasından, gördüklərini öz ölkələrində danışmalarından daha güclü təbliğat ola bilərmi? Bundan başqa, televiziyada, mediada Azərbaycanla, Oyunlarla bağlı saysız-hesabsız proqramlar, məqalələr də ölkəmizin təbliği və dünyada tanıdılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Şübhəsiz ki, Oyunlar ölkəmizdə idmanın, o cümlədən gimnastikanın inkişafına da güclü stimul olacaq. Qeyd etdiyim kimi, Mehriban Əliyeva Federasiyanın rəhbəri olandan sonra əsaslı struktur dəyişiklikləri baş verib, xüsusən də bədii gimnastikada. İndi bizim kifayət qədər səriştəsi olan yerli məşqçilərimiz yetişib. Biz bədii gimnastikada öz məktəbimizi yaratmışıq. Bu, böyük nailiyyətdir.

London Olimpiadasından sonra Federasiya prezidentinin tapşırığı ilə idman gimnastikasına da diqqəti artırdıq. Bunun nəticəsini indi görürük. Məqsədimiz bu sahədə də öz məktəbimizi yaratmaqdır. İnanıram ki, qazandığımız nəticələr, əldə etdiyimiz təcrübə gimnastikanın digər növlərinin inkişafına da öz müsbət təsirini göstərəcək.

Bu sahəyə gənclər, yeniyetmələr həvəslə gəlirlər, hamısı da çempion olmaq istəyir. Bölmələrimizdə gimnastika ilə məşğul olmaq istəyənlərin hamısına yer çatışmır. İdmançılarımızın püxtələşməsi, təcrübə qazanması üçün onlar Federasiyamız və müvafiq nazirlik tərəfindən çoxsaylı turnirlərə göndərilir. Gənc gimnastlarımızın uğurları hələ qabaqdadır.

- Bildiyiniz kimi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı idi. Agentliyimiz bununla bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdı. “Bakı-2015”in təbliğində, hazırlıq işlərinin və yarışların işıqlandırılmasında AZƏRTAC-ın fəaliyyətini necə qiymətləndirərdiniz?

- AZƏRTAC həqiqətən çox yüksək səviyyəli təbliğat apardı, Oyunları operativ şəkildə işıqlandırdı. Ümumilikdə Azərbaycan mediası son illər çox dəyişib, püxtələşib. Bu baxımdan agentliyiniz xüsusilə fərqlənir. AZƏRTAC həmişə medianın ön cərgələrində olub, aparıcı rol oynayıb. Xüsusən Oyunların işıqlandırılmasında onun yüksək peşəkarlığının şahidi olduq. Çox sağ olun ki, bu mühüm və məsul vəzifənin öhdəsindən bacarıqla gəldiniz. Buna görə AZƏRTAC-a xüsusi minnətdarlığımı bildirmək istərdim.

- Altay müəllim, maraqlı söhbətə görə təşəkkür edir, gimnastlarımıza gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.

- Çox sağ olun.
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed